Naxçıvan Muxtar Respublikasında ixtisaslı musiqiçi kadrların hazırlanması, istedadlı gənclərin musiqi təhsilinə cəlb edilməsi, milli musiqi alətlərinin və xalq musiqisinin yaşadılması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə yaradılan Naxçıvan Musiqi Kolleci 44 ildir ki, Naxçıvanda gənc musiqiçi kadrların yetişdirilməsində səmərəli fəaliyyət göstərir. Belə gənc istedadlardan biri də Azərbaycanın qədim milli zərb alətlərindən olan nağara ifaçısı Nəcəf Hacılıdır.
O, 2000-ci ildə Ordubad rayonunun Əndəmic kəndində anadan olub. 2010-2015-ci illərdə Ordubad Şəhər Uşaq Musiqi Məktəbində təhsil alıb. Hazırda həmin məktəbdə müəllim kimi fəaliyyət göstərir. 2015-ci ildə Naxçıvan Musiqi Kollecinə daxil olan Nəcəf hazırda kollecin nağara ixtisası üzrə IV kurs tələbəsidir.
Onun dediklərindən: “Hər bir insanın öz həyat ritmi vardır və bu ritm istənilən anda bizimlədir. Müxtəlif rəngarəng, zövqoxşayan ritmlər toplusu isə zərb alətləri üzərində cəmlənib. Bu alətlər sırasında aparıcı rol nağaraya məxsusdur. Mədəniyyətimizi keçmişdən gələcəyə daşıyan bu alətdə Qobustan qayalarında olan səslər cəmlənib. O səsləri eşitmək və canlandırmaq bizim üçün qürurverici haldır”.
Kiçik yaşlarımdan ritmə, nağara alətində ifaya marağım olub. Əbəs yerə deyilmir ki, ritm musiqinin Allahıdır. Ritmsiz insan həyatını təsəvvür etmək olmaz. Ritm hər zaman olub və var. Dumbul, davul, nağara kimi zərb alətləri də məhz ritm üzərində qurulub.
Bu sənətə olan hədsiz marağının nəticəsidir ki, Nəcəf 11 yaşından səhnədə və el şənliklərində tamaşaçılar qarşısında çıxış edir. Bu alətdə ifanı ona sevdirən isə ailəsi olub. Öyrənirik ki, onun atası qarmon ifaçısıdır, bacısı isə kamança ixtisası üzrə Naxçıvan Musiqi Kollecini bitirib. Müsahibim bu gün qazandığı uğurlarda müəllimlərinin rolunu xüsusi qeyd edir. Ordubad Şəhər Uşaq Musiqi Məktəbində nağaranı ona daha da sevdirən, bu alətin incəliklərini öyrədən müəllimi Cəbrayıl Abbasov olub. Naxçıvan Musiqi Kollecində isə ilk müəllimi Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Mustafa Məmmədov, indi isə Mahir Rüstəmovdur. Nəcəf Naxçıvan Musiqi Kollecinin “Buta” muğam, “Naxçıvanqala” ritm qrupu, “Yallı” rəqs qrupu, “Gənclik” instrumental və digər ansambllarda, Estrada, “Xalq çalğı alətləri” orkestrlərində, eləcə də Naxçıvan Dövlət Filarmoniyasının Estrada, Simfonik orkestrlərinin tərkibində dövlət tədbirlərində, el şənliklərində yaxından iştirak edir. O təkcə muxtar respublikada deyil, Bakı şəhərində də bir neçə dəfə konsert proqramı ilə çıxış edib, televiziya verilişlərinə dəvət alıb. Naxçıvan Dövlət Televiziyasında yayımlanan “Gənc istedadlar”, “Gəncliyin səsi” adlı verilişlərin qonağı olub.
Nəcəfin uğurları bunlarla bitmir. Onun 2017-ci il mayın 1-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində solo konserti təşkil edilib. Konsertdə Naxçıvan Musiqi Kollecinin Xalq çalğı alətləri şöbəsinin “Buta” muğam ansamblı və “Naxçıvanqala” ritm qrupunun müşayiəti ilə istedadlı gəncin ifasında maraqlı musiqi nömrələri səsləndirilib. Onun ifa etdiyi müxtəlifritmli kompozisiyalar, simli kvartetlə kompozisiya və solo ifalar alqışlarla qarşılanıb.
Müsahibim deyir ki, insanların bir çoxunun yaddaşında yalnız toy aləti kimi qalsa da, əslində, nağarada fərqli ifaçılıq mövcuddur. Nağaranın mükəmməl ifaçısı olmaq üçün isə hər gün məşq etmək lazımdır.
Nəcəf Hacılı 2017-ci il noyabrın 11-də Bakıda Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının musiqiçilərindən ibarət “Nəqşi-cahan sədası” adlı konsertdə nağara ifaçısı kimi çıxış edib. Tanınmış elm xadimləri, musiqiçilərin iştirak etdikləri gecədə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ehtiram Hüseynov, IV Televiziya Muğam Müsabiqəsinin qalibi Sərxan Bünyadzadə və digər xanəndələr müxtəlif xalq mahnılarını nağara və digər musiqi alətlərinin müşayiəti ilə səsləndiriblər. Gənc musiqiçi ən böyük uğurunu isə ötən günlərdə əldə edib. Belə ki, 19 mart tarixdə Bakı şəhərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Testene Art Baku” III Beynəlxalq İncəsənət festival-müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi və Qala konsertində Qran Pri mükafatına ən yüksək balla Naxçıvan Musiqi Kollecinin tələbəsi, nağara ifaçısı Nəcəf Hacılı (17-19 yaş qrupu) layiq görülüb və Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək “Pokaji sebya miru” (Özünü dünyaya tanıt) festival-müsabiqəsinə vəsiqə qazanıb. Tədbirdə Musiqi Kolleci tələbələrinin ifasında “Naxçıvani” rəqs kompozisiyası ifa olunub, eləcə də gənc istedad müxtəlif Azərbaycan ritmlərini nağarada ifa edib.
Nəcəf deyir ki, bu festival-müsabiqəyə seçilmək mənim üçün çox böyük nailiyyətdir. Digər tərəfdən muxtar respublikada ritm aləti (nağara) üzrə ilk dəfə Qran Pri mükafatına layiq görüldüyüm üçün sevincliyəm. Bundan sonra ən böyük məqsədim Riqa şəhərində baş tutacaq müsabiqədə yenidən Qran Pri qazanmaqdır. Kolleci bitirdikdən sonra isə Azərbaycan Milli Konservatoriyasında təhsilimi davam etdirmək istəyirəm.
Qeyd edək ki, Nəcəf həm də 2018-ci ildə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılması mərasimində “İlin əlaçı tələbəsi” nominasiyası üzrə təltif olunub.
Nəcəf muxtar respublikada gənclər üçün yaradılan şəraitə, onlara göstərilən yüksək diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.
Nəcəf Hacılının müəllimi Mahir Rüstəmovla da həmsöhbət olduq. Mahir müəllim bildirdi ki, bu gün zərb aləti ifaçılarından ibarət müəyyən qrupların yaranması və gənclər tərəfindən bu alətlərə marağın artması sevindirici haldır. Tələbəm Nəcəfin uğurları isə təkcə məni yox, kollecin bütün kollektivini sevindirir. Nəcəflə tanışlığımız Ordubad rayonunda konsertdə olarkən başlanıb, o vaxtdan müxtəlif tədbirlərdə birgə çıxış edirik. Nəcəf istedadı, məsuliyyəti ilə özünü sənətdə təsdiq edə bilir. İnanıram ki, bundan sonra da daha böyük uğurlara imza atacaq.
Hazırlayacağım yazı ilə bağlı araşdırma apararkən milli rəqsimiz olan yallıların nağaranın müşayiəti ilə oynanılması haqqında da maraqlı faktlarla rastlaşdım. Belə ki, yallılar açıq havada oynanılarkən yallı gedənlər hərəkət zamanı və mahnı oxuyarkən rəqsin musiqisini və ritmini aydın eşidə bilsinlər deyə, güclü tembrə malik olan alətlər müşayiət etməlidir. Bu səbəbdən yallılarımızın ifasında hər zaman qədim musiqi alətlərimiz olan zurna və nağaradan istifadə edilir. Ritmləri ifa etmək üçün nağara alətinə çubuq və ya çubuqlar da əlavə olunub. Naxçıvan bölgəsində yallıları 2 zurna, 1 nağara ifaçısı daxil olmaqla, üç nəfərdən ibarət musiqiçi dəstəsi müşayiət edir. Ritmləri ifa edən nağaraçı yallını iri nağarada (davul) çubuqlarla müşayiət edir. “Kitabi-Dədə Qorqud” dastanında da adıçəkilən nağara “Yallı” kimi bir çox milli rəqslərimizin ifasında əhəmiyyətli rol oynayır. UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilən “Köçəri” milli rəqsimiz ritmik olduğu üçün burada da, əsasən, balaban və nağaranın müşayiəti ilə oynanılır. Bu da onu göstərir ki, membranlı zərb çalğı alətləri arasında geniş yayılmış nağara xalqımızın adət və ənənələrinin, milli dəyərlərinin, mədəniyyətinin qorunub yaşadılmasında mühüm rol oynayır, toy-bayram şənliklərinin aparıcı çalğı alətləri sırasında öz yerini qoruyub saxlayır.
Sonda onu deyə bilərəm ki, hər mühit tələb etdiyi sənətkarı özü yetişdirir. Hansı sənəti seçməyindən asılı olmayaraq, yaxşı sənətkar kimi yetişmək istəyən insan daha çox öyrənməli, gələcəkdə isə özünün peşəkar ardıcıllarını yetişdirməlidir. Çünki sənət hər bir xalqın mədəniyyətinin güzgüsü, göstəricisidir, zamanla tarixin yaddaşına yazılan, gələcəkdə də öyrənilən, təbliğ edilən ən qiymətli xəzinədir. İnanırıq ki, istedadlı nağaraçı Nəcəf Hacılı da gələcəkdə tarixin yaddaşına yazılacaq ifaları ilə milli musiqi mədəniyyətimizə öz töhfəsini verəcəkdir.
Güntac ŞAHMƏMMƏDLİ