22 Dekabr 2024, Bazar

Bu il dahi Hüseyn Cavidin yadigarı – bəstəkar, şair, dramaturq, rəssam, tədqiqatçı, folklorçu Ərtoğrol Cavidin 100 yaşı tamam olur. Ərtoğrol Cavid oğlu Rasizadə 22 oktyabr 1919-cu ildə Bakı şəhərində dünyaya gəlmişdir. Ərtoğrolun uşaqlıq və yeniyetmə illəri sənətkarlar əhatəsində keçmiş, onun mənəviyyatı, demək olar ki, poeziya , musiqi ilə yoğrulmuşdu. Hüseyn Cavid, onun həmfikirləri, dostları Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Abbas Mirzə Şərifzadə, Hənəfi Terequlov, Pənah Qasımov və digər sənət adamları bu ocağın, poeziya, musiqi məclislərinin daimi qonaqları idi. Belə bir yaradıcı mühitdə böyüyürdü gələcəyinə böyük ümidlər bəslənilən Ərtoğrol. Üzeyir bəyin məsləhəti, nəzarəti ilə musiqi aləminə baş vuran Ərtoğrolu ilk baxışda işıqlı sənət yolu gözləyirdi... Lakin bir çox ailələrin, eləcə də Hüseyn Cavid ailəsinin ahəngini pozan repressiya illəri Ərtoğrolun xəyallarının, arzularının üstündən xətt çəkdi.

Hər dəfə Hüseyn Cavidin ailəsinin başına gələn fəlakətlər yadımıza düşdükcə, istər-istəməz əhvalımız pozulur, dərin düşüncələrə qərq oluruq. İnsanın insana qarşı insanlığa sığmayan “oyunları” bizi təəccübləndirir.
Gənc yaşlarından həyatın amansız zərbələrinə məruz qalan Ərtoğrolun nakam həyatı, keçirdiyi mənəvi sarsıntılar başqaları kimi bizi də düşündürür, həyəcanlandırır. Taleyin qəddar zərbələrinə baxmayaraq, Ərtoğrolun ömrünün son günlərinədək yazıb-yaratması, mübarizə aparması, sınmaması onu daha da ucaldır, qəlbimizdə ideal bir insan kimi yaşadır.

Yaşadığı qısa – 24 il ərzində yaratdığı əsərlərə, gördüyü işlərə nəzər saldıqda fikirləşirsən ki, az bir müddət ərzində bu qədər əsərlər yaradan insan tam bir ömür yaşasaydı, gör musiqi xəzinəmiz dəyərli əsərlərlə nə qədər zənginləşərdi?
Nota köçürdüyü 200-dən çox el havaları, mətnləri, yazıya aldığı çoxsaylı dastan və nağıllar, fortepiano üçün “9 variasiya”, “Sonatina”, prelüdlər, miniatürlər, pyeslər, musiqi lövhələri, skripka və fortepiano üçün “Poema”, “Cəbhədən məktub” simfonik balladası, nəfəsli orkestr üçün marşlar, klassiklərimizin sözlərinə mahnı və romanslar, instrumental və kamera əsərləri, tamamlanmamış “Şeyx Sənan”, “Məhsəti” operaları istedadlı bəstəkar Ərtoğrol Cavidin kiçik yaradıcı ömrünün həm məzmun, həm də forma baxımından böyük dəyərli əsərləridir.
Poeziya sahəsində yazdığı 50-dək şeirə, dram əsərlərinə, ustalıqla çəkdiyi rəsm əsərlərinə gəlincə, Uca Tanrının Ərtoğrol Cavidə bəxş etdiyi fitri istedada, zəhmətsevər, məqsəd­yönlü, mübariz həyat tərzinə heyran qalmaya bilmirsən.
Repressiya illərinin mənəvi sarsıntılarını yaşayan, “xalq düşməni” damğası vurulmuş ailə üzvlərinin didərgin, çarəsiz həyatları belə, Böyük Vətən savaşının qurbanı Ərtoğrolu son günlərinədək mübarizədən, yaradıcılıqdan çəkindirməyə gücü yetmədi. Kim olsaydı, həyatın bu zərbələrinə dözməzdi, sınardı, yaradıcılıqdan əl çəkərdi. Hələ, üstəlik, dost, tanış, yaxın bildikləri bəzi insanların etibarsızlığı ruhdan salmadı gənc Ərtoğrolu. Sənətinə, milli musiqiyə, xalqına olan böyük sevgi taleyin ədalətsiz oyunlarına qalib gəldi. Ərtoğrol ən ağır vəziyyətdə, şəraitdə belə, yazdı, yaratdı.
1936-1940-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsində təhsil aldı. İnstitutu fərqlənmə diplomu ilə bitirdi. Elə həmin il Üzeyir bəyin xeyir­-duası ilə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsinə daxil oldu və bəstəkarlığın, xalq musiqisinin sirlərini dahi Üzeyir bəy Hacıbəylidən, görkəmli pedaqoq Boris Zeydmandan öyrəndi. Konservatoriyanın nəzdində musiqi məktəbində dərs dedi, musiqi elmi-­tədqiqat kabinetində çalışdı, tərcümələr edib ailəsinə kömək etdi.
Böyük Vətən müharibəsi bir çox gənclərimiz kimi, Ərtoğrolun da ­arzularını, xəyallarını darmadağın etdi. 1942-ci ildə “xalq düşməni”nin oğlu Ərtoğrol Gürcüstandakı fəhlə batalyonunda ağır, dözülməz işlərə cəlb olunur. Fəhlə batalyonunda ağır işlər onsuz da fiziki cəhətdən zəifləyən Ərtoğrolun xəstələnməsinə səbəb olur, xəstəxanaya düşür. Xəstə­liyin ən ağır zamanında belə, yazdıqlarını nəzərdən keçirir, ruhdan düşmür, arzularla yaşayır. Daha doğrusu, ailəsini yaşatmaq üçün, onlara arxa durmaq üçün həyat uğrunda mübarizə aparır. Lakin həyatın gözlənilməz, qəddar zərbələri, amansız, çarəsiz xəstəlik bu arzuların gerçəkləşməsinə mane olur. 1943-cü ildə Ərtoğrol Cavid ata-baba yurdu Naxçıvana gəlir, qədim Naxçıvan, qohumları Cavid əfəndinin yadigarını ağuşuna alır. Onu əzizləyib, yaşaması üçün qulluğunda dururlar. Sanki torpaq da qısqanclıqla yanaşır bu hörmətə, sevgiyə. O da qəlbini açıb Ərtoğrolu qoynuna alır.
“Sevgiyə, məhəbbətə,
Qısqandı səni torpaq
“Sənə göz dəyməsin” deyə
Sinəsində – qəlbində gizlətdi səni torpaq”. (N.P.)
1943-cü il noyabrın 14-də Cavid əfəndinin dünyaya gəldiyi diyarda – Naxçıvan şəhərində dünyasını dəyişir Ərtoğrol Cavid oğlu Rasizadə.
Yaşadığı qısa ömür ərzində yaratdığı musiqi əsərləri bu gün konsert salonlarında səslənir, musiqi məktəblərində tədris olunur. Yazıb-­yaratdığı, topladığı, gələcək nəsil üçün qoruyub saxladığı sənət inciləri öz tədqiqatını, təbliğatını gözləyir.
Bu baxımdan Hüseyn Cavidin ev-muzeyinin rəhbəri Gülbəniz xanım Babaxanlının təşəbbüsü və tərtibatı ilə nəşr olunmuş 13 cildlik “Azərbaycan Qeyri-Maddi Mədəniyyət Abidələri və Ərtoğrol Cavid” toplusunun 11-ci cildi haqqında qısa məlumat vermək yerinə düşərdi.
“Balaban məktəbi” adlı tədris vəsaitini əhatə edən cilddə Azərbaycanımızın milli musiqi aləti olan balaban üçün yazılan bu dərslik, xalq musiqimizin bilicisi, musiqişünas Saleh Əbdüləlimov tərəfindən ərsəyə gətirilən ilk dərslikdir. “Balaban məktəbi” dərsliyinin 1937-ci ildə Üzeyir bəyin xeyir-duasını aldığına baxmayaraq, nəşri mümkün olmamışdır. Sonralar bu alət üçün dərslik Azərbaycanda yaşayan erməni tərəfindən tərtib olunaraq çap edilmiş və musiqi məktəblərimizdə tədris olunmuşdur.
Göründüyü kimi, doğma Qarabağımızın bu gün işğal altında olması, məhz ermənilərin hələ illər öncə mədəniyyətimizin, incəsənətimizin işğalı ilə başlamışdır, – ­desək, yanılmarıq.
Ərtoğrol Cavid Saleh Əbdüləlimovun “Balaban məktəbi” dərsliyinin orijinalını, eləcə də dərsliyin müzakirəsi zamanı qeyd edilən iclas protokollarını mühafizə edərək onları rus dilindən Azərbaycan dilinə tərcümə etmiş, öz arxivində qoruyub saxlamışdır. Yalnız qeyd etdiyimiz bu fakt Ərtoğrol Cavidi xalq musiqimizin, musiqi alətlərimizin qoruyucusu, təbliğatçısı kimi dəyərləndirməyə əsas verir.
Ümidvarıq ki, Ərtoğrol Cavid yaradıcılığı bundan sonra da tədqiqatçı və alimlərimizin, musiqi ifaçılarımızın diqqətindən kənarda qalmayacaqdır.
Dünya şöhrətli görkəmli siyasi xadim Heydər Əliyevin boya-başa çatdığı Naxçıvan torpağında möhtəşəm sənət əsəri – Hüseyn Cavid məqbərəsi ucalıb. Cavidin bir-birindən uzaq düşmüş ailə üzvləri bu məqbərədə yenidən birləşiblər, ayrılığa son qoyulub. Hüseyn Cavid ruhu yenə əvvəlki tək öz ocağının başına dolanır, əzizlərini qoruyur – vəfalı ömür-gün yoldaşı Müşginaz xanımı, sevimli Turanını, bir də ki, Cavid ömrünün natamam əsəri – Ərtoğrolu.

Bu gün öz doğma yurdlarında Cavidlər irsinə və şəxsiyyətinə yüksək ehtiram onların talelərində yaşadıqları acı iztirablara ən şəfalı məlhəmdir. Naxçıvan Muxtar Respublikası rəhbərinin təşəbbüsü ilə Naxçıvan Şəhər İncəsənət Məktəbinə Ərtoğrol Cavidin adı verilmişdir. Ərtoğrol Cavid adına Naxçıvan Şəhər İncəsənət Məktəbi bu gün musiqi mədəniyyətimiz üçün Ərtoğrollar yetişdirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 18 aprel tarixli Sərəncamı isə Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri, zəngin irs yaradan tanınmış ­musiqişünas, rəssam və tədqiqatçının həyat və fəaliyyətinin tədqiqi və təbliğində yeni mərhələnin əsasını qoyacaq, görkəmli sənətkarı gələcək nəsillərə daha dərindən tanıtdıracaq.

Tofiq Bakıxanov
Xalq artisti, Naxçıvan Muxtar Respublikasının
Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli professor
Nazim Paşa Quliyev
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR