Siz təsadüfə baxın ki, bu il Azərbaycan ədəbiyyatının korifeylərindən İmadəddin Nəsiminin 650, Cəlil Məmmədquluzadənin isə 150 illik yubileyidir. Bu təsadüf mənim çox ürəyimcə oldu. Nə üçün? Mən söyləyim, siz dinləyin.
Bu yaxınlarda böyük şair İmadəddin Nəsimi ilə bağlı Azərbaycan şoubiznesinin gündəmə “yenilik gətirmək” xatirinə gecə-gündüz “axtarışlarda olan” üzvləri meydana çıxıb. Lakin bir şey tapmayan, bu fikirlə də yatıb yuxuda guya Nəsiminin özünün onlardan birinə “qəzəlimi oxu”, – deməsi ilə sabahı “yeni bir mahnı” ortalığa çıxdı. Və yuxu görənin özü bununla “Nəsimi ili”nə “töhfə” verdiyini vurğuladı. Amma onu da deməyi özümə borc bilirəm ki, bu elə bil “töhfədir” ki, nə Azərbaycan ədəbiyyatına yaraşandır, nə də mədəniyyətinə. Elə buna görə mən də illər öncəyə bir yolçuluğa çıxıb bu gün bütün ziyalı təbəqənin narazılığına səbəb olan bu “töhfə”yə Molla Nəsrəddinin də münasibətini öyrənməyə çalışdım. Düşündüm ki, “şair gəlib” camaata yuxusunda: “Məndən qəzəl oxu”, – deyirsə, mən də o dünyaya gedib Molla Nəsrəddinlə niyə söhbət eləməyim ki?… Elə bu söhbətimi də Molla Nəsrəddin sayağı qələmə alıb ürəklərdən tikan çıxarmayam?
…Mətləbi yenicə Molla Nəsrəddinə anlatmışdım ki, o, başını bulayıb hələ 1924-cü ildə jurnalın 5-ci nömrəsində yer alan “Şeir nəşəsi” felyetonundan bir misal gətirdi: – “İdarəmizdə gənc yazıçılarımız tərəfindən gələn yazıların çoxusu şeir və nəzmdən ibarətdir. Bu üçüncü nömrəmiz təb olunana kimi idarəmizə qırx beşə qədər mənzum əsərlər gəlmişdir. Bunların yüzdə həşdadının məzmunu bir-birinə oxşar olub hamısı eşqdən, məhəbbətdən, vüsaldan, kaman qaşlardan, lalədən, bülbüldən, güldən, pəridən, ulduz gözlərdən və habelə şairanə nazik mətləblərdən bəhs etməkdədir”. Bizi Qərblə müqayisə edən Molla Nəsrəddin daha sonra belə dedi: “… Onunçün də onlarda dünya mədəniyyəti tərəqqi tapmaqdadır, bizlərdə də xəyalat “mədəniyyəti” tərəqqi tapmaqdadır. Orada qələm sahibi öz fikrini, sadəcə, kağıza götürüb ildırım itiliyi ilə dünya və aləmə yayır, bizlər isə sol ovcumuza bir balaca kağız alıb, gözlərimizi göyə axıdıb, qafiyə axtarırıq və məzmunu vəzn və qafiyəyə qurban gətirib şeir yazırıq…”
Mən də, Molla Nəsrəddinə: “Bəli, indi də şeirin məzmununu bir kənara qoyub qafiyə qalınca düşən şairlər də var ki, yazdığını oxuyanda heç bir mətləb anlamırsan”. Söhbətimizin bu məqamında hələ şeiri bir kənara qoyub, keçdim bu yuxu məsələsinə və dedim: – Hələ müasir cəmiyyətimizdə özünə heç bir əziyyət verib şeir yazmayan, musiqi bəstələməyən, amma məşhur olmaq istəyənlər də var. Bir də indi Molla Nəsrəddin dövründən fərqli “sintez” adlı bir “məsələ” də var ki, kimin könlü hansı şairin yazdığı şeiri istəyirsə, bayağı bir mahnının üzərinə sintez etdirib “yenilikçi” olur. Hələ xalq mahnılarımızı bu “sintez” nə günə salır, ondan söhbət açmaq istəmirəm. Mətləbə keçirəm, bu yaxınlarda İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinin hind musiqisi üzərində, özü də ritmik şəkildə oxunması məsələsinə. Həm də qəzəlin misraları təhrif olunmuş şəkildə. “Məndə sığar iki cahan”ın “Məndə sığar ikən cahan” kimi təqdim olunması ilə. Burada Molla Nəsrəddin fikirli-fikirli dedi: “Birincisi, təhrif bağışlanmazdır. İkincisi, ay bala, qəzəl hara, hind musiqisi hara, qəzəl hara, ritmik musiqi hara?..” Mən də cavabında dedim: “Ey müsəlmanların dərd-sərindən rahatlıq tapa bilməyən Molla Nəsrəddin, kaş dinləmiş olardın, elə bir bayağı musiqi çıxıb ki, ortalığa, başqalarını bilmirəm, ziyalı bağrı çatladandır. Təsəvvür edin ki, qəzəl oynaq bir hind musiqisi üzərinə “yapışdırılıb” gülünc bir mahnıya çevrilib, bu gün toyxanaları, sosial şəbəkələri gəzir. Hansı ki o qəzəl yalnız muğamla oxuna bilər, ritmik musiqiyə əsla uyğun deyil. Hələ bəzi ağsaqqal kişilərin bu “havanı” necə ürəkdən, yaşlarına yaraşmayan çevikliklə oynamasını demirəm. Sosial şəbəkələrdə beş gənc oğlanın “Məndə sığar ikən cahan, mən bu cahana sığmazam”, – söyləyərək beş dəfə “mən” deyərək bir-birinin başlarına, hansısa bir tibb ocağında beş-altı qadının yuxarıdakı eyni sözləri söyləyib, “mən, mən, mən” deyərək bir-birinin üzünə sillə vurmalarını hər yaş qrupundan olan yüzlərlə insan izləyib.
İndi gəlim o şeir məsələsinə. Şairin qəzəlinin yuxarıda söylədiyim misralarının ardının lüzumsuz sözlərlə davam etdirilməsi və bunu küçədə meyxana şəklində bir qrup gəncin oxumasına. Görəsən, məşhurlaşmaq, gündəmdə olmaq bu qədərmi ucuzlaşıb? Nə üçün belə hallara yol verilir? Bütün həyatı qəm-kədərlə keçən, dünyada bənzəri olmayan vəhşiliklə qətlə yetirilən, gəncliyimizdən düşüncələrimizdə qəm şairi, fəlsəfi şair kimi yer alan Nəsiminin məşhur qəzəlini “Pəncu şeş” edənlər, onu əyləncəyə çevirənlər hələ özlərini haqlı da sayırlar. Buna görə aldıqları “mükafatdan” da danışırlar.
Dünənədək İmadəddin Nəsimini tanımayanlar, onun külliyatından bircə qəzəli belə, əzbər bilməyənlər, bəlkə də, şairin şeirlərini üzündən belə, doğru-düzgün oxumağı bacarmayanlar “Nəsimi ili”nin “töhfəçiləri” olublar.
Molla Nəsrəddin, kaş ki şoubiznesin bu “növrağını” görə bilərdin. Alardın əlinə o qılıncdan iti qələmini, kəsərdin, doğrayardın bu sözləri, tökərdin yerə, doğrunu ortalığa çıxarardın. Deyərdin ki, “Ey avam müsəlman! 650 illik yubileyə belə hədiyyə olmaz. Aç o külliyatı, bir qəzəl seç, oxu, dəfələrlə oxu, əzbərlə, gözəl qiraət elə, sosial şəbəkələrdə yay. Yox, bunu eləmirsənsə, o qəzəllərdən birini övladına öyrət, qoy səndən fərqli olaraq böyük şairi tanıya bilsin. Yox, bunu da eləyə bilmirsənsə, çəkil dur kənarda, bizə xəyalat “mədəniyyəti” lazım deyil.
Söylədiklərimdən qəm dəryasına batan Molla Nəsrəddinin mənə son sözü çox müxtəsər oldu: – Yaxşı ki bunları görmədi Nəsimi!
Mətanət MƏMMƏDOVA