Naxçıvan Müəllimlər İnstitutunda keçirilən təqdimat mərasimini giriş sözü ilə açan institutun rektoru, dosent Elbrus İsayev qeyd edib ki, son illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək diqqət və qayğısı ilə kitabxanalar yenidən qurulub, kitab fondlarına milyonlarla yeni kitablar əlavə edilib. Belə mədəniyyət müəssisələrinin zəruri ədəbiyyatlarla zənginləşdirilməsi də bu məqsədyönlü siyasətin tərkib hissəsidir. Mütaliəyə marağın artırılması, gənclərdə oxu mədəniyyətinin inkişaf etdirilməsi isə təhsil müəssisələrinin qarşısında duran zəruri vəzifələrdəndir. Bu baxımdan ilk dəfə olaraq Naxçıvan Müəllimlər İnstitutunun kitabxanasında “Miniatür kitab” guşəsinin yaradılmasının mühüm əhəmiyyəti vardır.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, Naxçıvan Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva tədbirdə çıxış ediblər.
İnstitutun professoru, filologiya elmləri doktoru Akif İmanlı şəxsi kitabxanasından yeni yaradılmış guşəyə miniatür kitab hədiyyə edib və bildirib ki, bu təşəbbüs Kitabxanaçılıq və informasiya ixtisasında təhsil alan tələbələr üçün həm də tədris bazası rolunu oynayacaqdır.
Sonra miniatür kitab kolleksiyasındakı kitablar haqqında geniş məlumat verilib.
Kitab sərgisində ümummilli lider Heydər Əliyevin müdrik siyasətini əks etdirən miniatür kitablar, naxçıvanlı şair və rəssamların yaradıcılığına həsr olunmuş nümunələr tədbir iştirakçılarında böyük maraq doğurub.
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidməti