22 Dekabr 2024, Bazar

Qədim tarixə, zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan mürəkkəb, eyni zamanda şərəfli inkişaf və tərəqqi yolu keçib. Bu yurd yeri həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşadıb, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayıb. Tanrının bir bəxşişi olan Naxçıvan Şərqlə Qərbin qovşağındadır. İqlimi, təbiəti, coğrafi mövqeyi ilə bu diyar həmişə uzun illərboyu müxtəlif geostrateji və geosiyasi maraqların ən çox kəsişdiyi nöqtələrdən biri olub. Hələ XX əsrin əvvəllərində sadalanan bu səbəblər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın muxtariyyət statusu qazanmasını vacib amilə çevirib. Tarixə nəzər salsaq, görərik ki, 1920-ci il aprelin 27-də bolşevik Rusiyası Azərbaycanı işğal edəndən sonra Naxçıvan diyarında ermənilər daha da fəallaşıb, qədim yurdun Ermənistana birləşdirilməsi üçün cəhdlər göstərilib. Həmin dövrdə Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında həll olunmamış məsələlərin nizama salınması məqsədilə Moskva müqaviləsinin ardınca 1921-ci il oktyabrın 30-da Qars müqaviləsinin imzalanması ilə Naxçıvanın sərhədləri bir daha dəqiqləşdirilib.

 Belə bir deyim var ki, tarix heç nəyi unutmur. Naxçıvanın muxtariyyət salnaməsi xalqımızın daim qürurla xatırladığı bir tarixi nailiyyətdir. “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı da bu baxımdan əhəmiyyətli dövlət sənədidir.

Bu gün tariximizi öyrənmək üçün üz tutduğumuz yerlərdən biri də muzeylərimizdir. Muzey tarixi, maddi və mənəvi dəyərlərin saxlanıldığı, qorunduğu və öyrənildiyi elm, maarifləndirmə müəssisəsidir. Həmin müəssisələrdə saxlanılan hər bir eksponat xalqın çoxəsrlik tarixini, qədimliyini, milliliyini əks etdirir. Bu xəzinələr Naxçıvanımızın muxtariyyət salnaməsini günümüzə qədər yaşadır, qoruyur.
Ulu öndərimiz Heydər Əliyevin ölkə­miz­də birinci dəfə siyasi rəhbər­liyə gəlişindən sonra Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da muzeylərin şəbəkəsi genişləndirilib və müxtəlif profilli muzeylər yaradılıb.
Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, mədəniyyətin və incəsənətin inkişafında əldə edilən uğurların da əsasında ulu öndər Heydər Əliyevin təməlini qoyduğu inkişaf və tərəqqi strategiyası dayanıb. Bu illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən mədəni irsimizin qorunması, yeni muzeylərin yaradılması, xalq yaradıcılığının inkişaf etdirilməsi, tarixi abidələrin mühafizəsi və bərpası, görkəmli şəxsiyyətlərimizin xatirəsinin əbədiləşdirilməsi və yubileylərinin qeyd olunması sahəsində çoxsaylı fərman və sərəncam imzalanıb.
Təkcə onu qeyd etmək kifayətdir ki, əgər 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey vardısa, hazırda qədim diyarımızda 29 müxtəlif profilli muzey və 1 Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. Bir sıra muzeylər üçün yeni binalar inşa olunub, bəzi muzey binaları təmir edilib, onların ekspozisiyaları yenidən qurulub. Ötən illər ərzində Naxçıvan şəhərində Heydər Əliyev Muzeyi, Cəlil Məmməd­quluzadənin ev-muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, Bəhruz Kəngərli Muzeyi, Xatirə Muzeyi, Şahtaxtinski­lər Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Gəmiqaya Muzeyi, Xalq şairi Məmməd Arazın və görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin ev-muzeyləri, Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi, Naxçıvan Duz Muzeyi yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncamı ilə həm abidə bərpa edilib, həm də burada yeni muzey yaradılıb.
Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq həmin mədəniyyət müəssisələrinə kollektiv gedişlər təşkil edilir. Muzeyləri ziyarət edən həm muxtar respublika sakinlərinin, həm də xarici ölkə vətəndaşlarının sayı ildən ilə daha da artır. Belə ki, ötən il muzeyləri, ümumilikdə, 592 min 683 tamaşaçı ziyarət edib. Onlardan 178 min 469 nəfəri əcnəbidir.
Muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzey əməkdaşları və muxtar respublika sakinləri yaxından iştirak edirlər. Ötən il muxtar respublika muzeylərinə 1564 yeni eksponat daxil olub. Muzeylərimizin ekspozisiyasında nümayiş etdirilən eksponatlar artdıqca buraya gələn ziyarətçilərin sayı da artır.
Muxtar respublikamızda muzeyşünaslıq işinin inkişaf etdirilməsində mütəxəssis hazırlığı da diqqətdə saxlanılıb. 2012-ci ildə Naxçıvan Dövlət Universitetində Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasının açılması bu sahə üzrə yerli kadr hazırlığına da əhəmiyyətli təsir göstərib. Fərəhləndirici haldır ki, muzeylərimizdə olarkən burada çalışan peşəkar əməkdaşların məhz həmin ixtisası bitirən gənclər olmasına bir daha şahidlik etdik. Ötən il Bəhruz Kəngərli Muzeyinin, Naxçıvan Duz Muzeyinin, Qarabağlar Türbə Kompleksinin saytlarının fəaliyyətə başlaması isə qədim diyarımızın tarixinin, zəngin maddi­-mədəni irsimizin beynəlxalq səviyyədə virtual şəkildə təbliği baxımından mühüm əhəmiyyət kəsb edən hadisədir.
Bu gün Naxçıvanda fəaliyyət göstərən muzeylərdə bu qədim diyarın müxtəlif tarixi dövrləri ilə yanaşı, muxtariyyət tariximizi də özündə əks etdirən eksponatlar nümayiş olunur. Bu da doğma Naxçıvanımızın taleyini, Azərbaycanın ayrılmaz ərazisi kimi mövcudluğunu təsdiqləyən, inkişafına yol açan muxtariyyət tariximizin yaşadılması, təbliği baxımından təqdirəlayiq haldır.
Bəs bu gün muzeylərimizdə muxtariyyət tariximizlə bağlı hansı eksponatlar nümayiş etdirilir? Bunun üçün ilk üz tutduğumuz ünvan Heydər Əliyev Muzeyi oldu. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev bildirdi ki, ekspozisiyada 1974-cü ildə muxtariyyətimizin 50 illik yubileyində ümummilli liderimizin Naxçıvana səfərinə aid fotoşəkillər və keçirilən yığıncağın protokolu nümayiş olunur. Muzeydə digər diqqətçəkən eksponatlardan biri də 1999-cu ildə muxtariyyətimizin 75-ci ildönümündə ulu öndərin Naxçıvana səfərini əks etdirən tarixi fotoşəkillərdir. Keçirilən yubiley tədbirlərində ulu öndərin Kazım Qarabəkir Paşa məscidinin, Naxçıvan Dövlət Universitetinin yeni tədris korpusunun, Cəlil Məmmədquluzadənin ev-muzeyinin və başqa yeni müəssisələrin açılışında iştirakı fotolarda əks olunub.
Muxtariyyətimizin yaşıdı, öz eksponatları ilə zəngin Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyasında tərtib olunmuş “Naxçıvan Muxtar Respublikası – 95” adlı sərgidə də Naxçıvanın muxtariyyət tarixindən bəhs edilir. Sərgidə 129 eksponat nümayiş olunur. Onların arasında Naxçıvana muxtariyyət statusunun verilməsinə dair sənədlər, o dövrdə qəbul edilmiş Naxçıvanın konstitusiyaları, xəritələr, muxtariyyətin müstəqillik illərində Naxçıvanın sosial-iqtisadi və mədəni inkişafına dair məlumatlar, son 20 ildə muxtariyyət tarixi ilə bağlı nəşr olunmuş çap məhsulları ilə yanaşı, bu dövrdə Naxçıvanda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq tədbirlərini əks etdirən fotoşəkillər və digər materiallar nümayiş olunur.
Eksponatları müşahidə etdikcə muxtar respublikamızın tarixi göz önündə bir daha canlanır. Muzeyin bələdçisi Xavər Nuri bildirdi ki, həmin sərgi vasitəsilə muzeyə gələn tamaşaçılara Naxçıvanın muxtariyyət tarixi barədə ətraflı məlumatlar verilir.
Xalqımızın əməksevər qadınlarının göz nuru olan, ilmələrin, naxışlarımı­zın qorunub saxlandığı Naxçıvan Dövlət Xalça Muzeyində də muxtariyyət tariximizlə bağlı xalçalar tamaşaçılara təqdim edilir. Muzey bələdçisi Səadət Vəliyeva bir xalça haqqında danışaraq bildirdi ki, bu qiymətli xalq sənəti nümunəsi 1949-cu ildə muxtariyyətimizin 25-ci ildönümündə Qarabağ xalçaçıları tərəfindən toxunub və hədiyyə olunub. Xalçanın üzərində “Naxçıvan – 25” sözləri yazılıb. Bu xalçanı Azərbaycan xalqı arasında birliyin, bərabərliyin simvolu kimi xarakterizə etmək olar və mən əminəm ki, çox da uzaq olmayan bir tarixdə Naxçıvan xalçaçıları tərəfindən Qarabağın azad olunması münasibətilə belə bir xalça toxunub doğma Qarabağımıza hədiyyə ediləcəkdir.
Muzeyin bələdçisi onu da bildirdi ki, muxtariyyətin 60-cı ildönümü ilə bağlı 1984-cü ildə Naxçıvan xalçaçıları tərəfindən toxunan bir xalça da eksponatlar arasında nümayiş olunur. Xalçanın üzərində Naxçıvanda yerləşən tarixi abidələrin, Araz Su-Elektrik Stansiyasının, Aza körpüsünün və Haçadağın təsvirləri əks edilib. Digər eksponatlardan biri də muxtariyyətin 90-cı ildönümündə Naxçıvan xalçaçıları tərəfindən toxunulan, üzərində 8 guşəli ulduzun təsvir olunduğu xalçadır. Bu xalça xalqımızın müstəqilliyini, azadlığını özündə əks etdirir.
Muxtariyyət tariximizi özündə yaşadan muzeylərimizdən biri də şəhərimizdəki Dövlət Bayrağı Meydanı və Muzeyidir. Hamımıza məlumdur ki, Naxçıvan özünün dövlətçilik atributlarına malik bir diyardır. 1924-cü ildə qəbul edilmiş “Naxçıvan Sovet Sosialist Respublikası haqqında Əsasnamə” və Naxçıvan Muxtar Respublikasının 1926-cı, 1937-ci və 1978-ci il konstitusiyalarında dövlət gerbi və bayrağı haqqında müddəalar buradakı eksponatlarda öz əksini tapıb. İlk dəfə olaraq 1998-ci il Konstitusiyasında Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı və Gerbi ilə yanaşı, Dövlət Himni də təsbit edilib. Muzeyə baxış zamanı burada nümayiş olunan eksponatlardan müxtəlif dövrlərdə dövlət atributu kimi qəbul edilmiş bayraqlar ilk baxışda diqqəti cəlb edir. Öyrəndik ki, Naxçıvan İctimai Şuralar Cümhuriyyətinin bayrağı qəbul edilərkən Naxçıvana hələ muxtariyyət statusu verilməmişdi. Latın əlifbasının ərəb əlifbası ilə eyni hüquqda işlədilməsi haqqında Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin dekreti və Azərbaycan SSR-in ilk dövlət bayrağının təsviri əsasında 1922-ci il dekabrın 30-da Naxçıvan SSR-in ilk bayrağı təsdiq edilib. Azərbaycan SSR-in 1927-ci ildə qəbul edilmiş Konstitusiyasına əsasən Naxçıvan Sosialist Şuralar Cümhuriyyəti bayrağının üzərindəki “İctimai” sözü “Sosialist” sözü ilə əvəz olunaraq 1937-ci il sentyabrın 18-də qəbul edilən Konstitusiyasında Naxçıvan Avtonom Sosialist Respublikasının bayrağı olaraq qəbul olunub. Muzeydə nümayiş etdirilən Naxçıvan Muxtar Sovet ­Sosialist Respublikasının Əsasnaməsi və muxtariyyət dövründə qəbul olunan konstitusiyalar, eləcə də ölkə­mizin müstəqilliyi dövründə nəşr edilmiş “Naxçıvan tarixi atlası”, “Gümrü, Moskva və Qars müqavilələri”, “Naxçıvan tarixi” çoxcildliyi, “Naxçıvan Muxtar Respublikasının yubileyləri” kitabları Naxçıvanın muxtariyyət tarixini öyrənmək baxımından mühüm əhəmiyyətə malikdir. Bundan əlavə, muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərar və həmin tarixi günə aid fotoşəkillər də nümayiş olunur.
Bəli, ulu öndər Heydər Əliyevin dediyi kimi: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əlindən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”. Bunun üçün dünənimizi bu günə, bu günümüzü isə sabaha bağlayan tariximizi dərindən öyrənməli, Naxçıvanın çətin, məsuliyyətli, ancaq şərəfli muxtariyyət tarixi dövrünü dərindən mənimsəməli, təbliğ etməliyik. Məhz buna görə də muxtar respublikamızda tariximizin saxlanc yerləri olan muzeylərimiz hərtərəfli dövlət qayğısı ilə əhatə olunub.

Son 30 ilə yaxın bir dövrdə yaradılan yeni muzeylər onların fəaliyyətlərinin və strukturlarının dünya standartları səviyyəsində təşkili, ən əsası isə yerli sakinlərdə və çoxsaylı turistlərdə bu mədəniyyət müəssisələrinə maraq yaradılması, ümumilikdə, Azərbaycanda muzeyşünaslıq işinə layiqli töhfə sayıla bilər.

 Pərviz HACILI
Bu məqalə “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü”
mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR