Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı muxtar respublikada mütaliəni ümumi ictimai zərurətə çevirməsi ilə səciyyələnir. Bu sərəncamla mütaliəsi tövsiyə olunan əsərlərin hər biri böyüməkdə olan nəsillərin soykökə bağlı, yetkin siyasi dünyagörüşə malik mükəmməl şəxsiyyət kimi yetişməsinə xidmət edən bir hikmət xəzinəsi, fəzilətin açarıdır. Sərəncamda nəzərdə tutulduğu kimi, oxunması zəruri olan kitabların siyahısının zənginləşdirilməsi işi daim diqqətdə saxlanılır. Bu siyahıya yeniyetmələrin, gənclərin milli dəyərlər, dövlətçiliyə sədaqət və vətənpərvərlik ruhunda formalaşmasına mühüm təsir göstərəcək yeni əsərlər daxil edilir.
“Şərq qapısı” qəzeti də ötən müddət ərzində oxunması zəruri olan kitablarla bağlı müntəzəm resenziyalar dərc etməklə bu əsərlərin mətbu yolla kütləvi təbliğinə çalışıb. Bununla yanaşı, “Hikmət xəzinəsindən” adlı yeni rubrikamız vasitəsilə həmin əsərlərdən nümunələri də oxucularımıza vaxtaşırı təqdim etmək qərarına gəldik. İlk olaraq mütərəqqi maarifçilik ideyaları və fəaliyyəti ilə xalq müəllimi kimi şöhrət qazanan, Azərbaycan maarifçi-realist ədəbiyyatının yaradıcılarından biri olan Məhəmməd Tağı Sidqinin ibrətamiz, müdrik kəlamları ilə sizləri tanış edirik. Bununla həm də Naxçıvanın zəngin maarifçilik ənənələrini və həmin ənənələrin bu gün də müasir müstəvidə inkişaf etdirilməsini diqqətə çatdırmaq istədik. Sizə təqdim edəcəyimiz “Əzbər ediləcək hikmətli sözlər” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən bu yaxınlarda kütləvi tirajla nəşr olunmuş, elmi-pedaqoji əhəmiyyətinə, təlim-tərbiyə prosesində mühüm roluna görə “Oxunması zəruri olan kitabların Siyahısı”na əlavə edilmiş “Pedaqoji fikir tarixindən” kitabındandır.
1) İnsan əvvəl cəhlinin və bilməzliyinin dərəcəsini bilsə, ondan sonra bildiyini təkmil və bilmədiyinin təhsilinə səy və diqqət eyləsə, çox şey öyrənər.
2) Dünyada insanın əvvəlinci vəzifəsi elm təhsil etməkdir. Elmsiz insan ruhsuz cism kimidir. Elmə talib olan alim hesab olunur. Amma özünü elmə malik bilən cahil sayılır.
3) Dünyada hər elmdən artıq elmi-əxlaqda çalışmaq insan üçün lazımlı bir şeydir. Çünki heyvanların cinsi elmi-heyvanat deyilən elm ilə bilinsə, insanların da yaxşısı elmi-əxlaq ilə məlum olur.
4) İnsana ömrü olduqca yemək və içmək nə qədər lazım olsa, elm və tərbiyə və əxlaqi-həsənə təhsil etmək o qədər lazımdır. Amma insanın insaniyyəti oxumaqla və heyvaniyyəti yemək ilə qaimdir. Pəs dirilik yeməkdən ötrü deyil, bəlkə, yemək dirilikdən ötrü lazımdır.
5) Meyvəli ağaca daş atan çox olduğu kimi, elm və mərifət sahibinə də zəhmət və əziyyət verən çox olur. Necə ki, meyvəli ağaca daş vuranda yemiş verər, elm və tərbiyə sahibi olan kimsəyə də hər kəs ilə müdara və rəftar eyləməlidir.
6) İnsanın elmi çoxaldıqca cəhli azalır. Cahil olan kimsə vaxtsız xoruza bənzər. Cahilə söz qandırmaq dəvəyə xəndək atılmaqdan çətindir.
7) Təzə əkilən tənəklərə və ağaclara su vermək nə qədər lazım olsa, uşaqlara da təlim və tərbiyə kiçiklikdə o qədər lazımdır.
8) Dünyada elmi təhsil etmək çətin olsa da, yaddan çıxarmağı çox asandır. Amma cəhalət və nadanlıq təhsili nə qədər asan olsa, zayil olmağı çox çətindir.
9) Aqil ata-ana övladını elmə və ədəbə rağib edəndir. Amma balasını bikar və əziz saxlayan adam övladının düşmənidir.
10) Ata-anasının gözəl-gözəl nəsihətinə qulaq asmayan uşaq axırda peşiman olur. Nəsihətin qiyməti cavahirin qiymətindən artıqdır. Amma qədrini bilən gərək.
11) İnsanın vücudunun səmərəsi və faydası elm ilə hasil olur. Elm və mərifətsiz insan meyvəsiz ağaca bənzər.
12) Elmin ləzzətin anlamaq insan üçün bir böyük səadətdir. Amma səadət də bir xəzinədir ki, səy və qeyrət onun kilididir (açarıdır).
13) Fəzilətdən, ibadətdən, elm və mərifətdən məhrum olan adamlar üçün ölüm bir böyük nemətdir. Çalışmaq istəməyən insan yaşamağa layiq deyil.
14) Tənbəllik və kəsalət insanın vücudunda bir böyük mərəzdir. Odur ki, işləyən dəmir parıldar, işləməyən dəmir paslanır. Tənbəl adam badam yemək istər. Amma sındırmağının zəhmətindən qaçar.
15) Zaye olan vaxtın və fövt olan fürsətin iadə olunmadığı məlumdur. İnsanın ömrünün saniyələri dəqiqələrindən və dəqiqələri saatlarından, saatları həftə və ay və illərindən və illəri tamam ömründən hesab olunur. Buna görə insan heç bir vaxtını bihudə keçirtməsin gərək.
16) Səfahətin əvvəlinci dərəcəsi insanın özünü ağıllı bilməsidir. Çox səslənən təbilin içi hava ilə doludur. İnsanın bildiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir.
17) İnsan böyük və elmli adamların kamalatına məmnuniyyət nəzərilə baxıb təhsin və qəbul eyləməlidir. İnsanın bir az nəqsi (nöqsani) kamalatına xələl verməz. Necə ki, günün üzündəki ləkələr onun nuruna ziyan verməz.
18) Pisliyi unudub, yaxşılığı yadda saxlamaq lazımdır.
Bir adama yaxşılıq edib əvəzini gözləmək bu gün əkdiyi ağacı sabah çıxarıb atmaq kimidir.
19) Dünyada yaxşılıqdan gözəl şey yoxdur. Amma yaxşılığa layiq olanları axtarıb tapmaq ondan da yaxşıdır.
20) Nəsihət vermək nə qədər asan olsa, qəbul eyləmək o qədər çətindir.
21) Qərəzkar adamların sözü kömürə bənzər. Dəydiyi yeri yandırmasa da, qaraldır.
22) Vücudu xəstə olanlar təbibə, ruhi xəstə olanlar həbibə möhtacdır.
Məhəmməd Tağı Sidqi