22 Dekabr 2024, Bazar

Azərbaycan mətbuatı tarixində özünəməxsus yer tutan mətbu orqanları içərisində “Molla Nəsrəddin” jurnalının rolu əvəzsizdir. Jurnal yarandığı ilk gündən Azərbaycan mətbuatının inkişafına güclü təsir göstərmiş, milli ideyalılığı, xalqa bağlılığı, ana dilinə sevgisi ilə seçilmişdir. 25 il ərzində çap olunan “Molla Nəsrəddin” jurnalının hər nömrəsində Cəlil Məmmədquluzadənin “Vətən, millət, dil” ideyası özünü göstərmişdir. Cəlil Məmmədquluzadə irsinə və şəxsiyyətinə yüksək qiymət verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə, əsərləri ilə, publisistikası ilə, böyük mətbuatçılıq fəaliyyəti ilə Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində əvəzsiz rol oynamışdır. Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlilin fəaliyyətinin rolu misilsizdir”.

“Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 17 yanvar tarixli Sərəncamında deyilir: “ Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meyda­na gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeni­ləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur”.

Azərbaycan satirik mətbuatının zirvəsi sayılan “Molla Nəsrəddin” jurnalının ilk sayı 1906-cı il aprel ayının 20-də Tiflisdə işıq üzü görüb. Jurnalın birinci sayı min nüsxə ilə çap olunub yayılandan sonra jurnalın ikinci sayı iki min nüsxə ilə çıxdı. Jurnalın şəkillərinin qırmızı rəngdə olması Bakı Polis İdarəsini bərk təşvişə saldı. Bakı Polis İdarəsi bolşevizmin mahiyyətinin qırmızı rəngdə təcəssüm olunmasını əsas gətirib, “Molla Nəsrəddin”in ikinci sayını, bütövlükdə, müsadirə etdi. Jurnalın, demək olar ki, 1906-1918-ci illərdə Tiflisdə nəşr olunan 340, 1921-ci ildə Təbrizdə nəşr olunan 8, 1922-1931-ci illərdə Bakıda çap olunan 400 nömrəsinin hər biri eyni qorxu, eyni təşvişlə qarşılanmışdır.
Cəlil Məmmədquluzadə 1906-cı il fevralın 21-də Tiflis general-qubernatoruna ərizə ilə müraciət edərək “Qeyrət” mətbəəsində Azərbaycan dilində “Molla Nəsrəddin” adlı həftəlik satirik-yumoristik jurnal çıxarmağa icazə istəmişdir. Cəlil Məmmədquluzadənin “qeyri-qanuni hərəkətdə olmadığını” təsdiq edən arayışdan sonra jurnalın nəşrinə icazə verilmişdir. 1906-cı il martın 4-də hökumət tərəfindən Cəlil Məmmədquluzadəyə verilmiş vəsiqədə jurnalın məqalələr, atmacalar, felyetonlar, məzəli şeirlər, məzhəki teleqramlar, satirik hekayələr, lətifələr, poçta qutusu, məzhəki elanlar, xüsusi elanlar, karikatura və illüstrasiyalarla nəşrə başlaması göstərilirdi. Jurnalın 500 nüsxəsi “bir günün ərzində günortayadək”, qalan 500-ü isə Cəlil Məmməd­quluzadə və Ömər Faiq Nemanzadənin gərgin əməyi sayəsində gecədən səhərədək çap olunmuşdur. Cəlil Məmmədquluzadənin öz dili ilə desək, “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı”.
Jurnalın birinci nömrəsində proqram səciyyəvi baş məqalədə Cəlil Məmmədquluzadə üzünü doğma xalqına tutub məqsəd və məramını belə bəyan etmişdi: “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım...” Jurnalın nəşrə başlaması münasibətilə Azərbaycanın mütərəqqi ziyalıları Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Firudin bəy Köçərli, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev “Kaspi”, “İrşad”, “Baku” və sair qəzetlərdə Cəlil Məmmədquluzadəni təbrik etmiş və müvafiq məqalələr dərc etdirmişlər. Cəlil Məmmədquluzadə jurnalın ilk nömrəsinin işıq üzü görməsi münasibətilə Rusiyanın bir çox yerlərindən təbrik məktubları, teleqramlar da almışdı.
Jurnalın Tiflisdə nəşrə başlamasına səbəb həmin dövrdə bir sıra mütərəqqi ziyalıların, eləcə də Cəlil Məmmədquluzadənin özünün 1903-cü ilin dekabr ayından bu şəhərdə yaşaması idi. Həmin dövrdə “Tiflis Qafqazın mərkəzi şəhəri və Qafqaz hökumətinin paytaxtı” kimi böyük rola malik idi. Digər tərəfdən, jurnalın redaksiya məsələ­lərinin və maliyyə problemlərinin həllində Cəlil Məmmədquluzadəyə köməklik göstərən Ömər Faiq Nemanzadə və Məşədi Ələsgər Bağırov da Tiflisdə yaşayırdı. Dövrün məşhur ziyalıları Məhəmmədağa Şahtaxtlı, Əbdüssəlam Axundzadə, Səməd­ağa Qayıbov, Məhəmmədağa Vəkilov, Eynəli bəy Sultanov, Hüseyn Minasazov ­və başqaları da həmin dövrdə Tiflisdə ­yaşayırdılar.
“Molla Nəsrəddin” jurnalı tez bir zaman içərisində öz ətrafına Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Məmməd Səid Ordubadi, Əliqulu Qəmkü­sar, Əli Razi Şəmçizadə, Bayraməli Abbas­zadə kimi qüdrətli şair və yazıçıları, Oskar Şmerlinq, İosif Rotter, Əzim Əzimzadə, Xəlil Musayev kimi rəssamları toplaya bildi. Jurnalın Təbrizdə çıxan nömrələrinin karikaturalarını çəkmək üçün Seyid Əli Behzad cəlb olunmuşdu.
“Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycan xalqını qəflət yuxusundan oyatmağı qarşısına məqsəd qoymamışdı. Bu jurnal bütün Şərq aləmində, Türk dünyasında, müsəlman aləmində sevilmiş, böyük şöhrət qazanmışdır. Cəlil Məmmədquluzadə özü bu barədə belə yazmışdı: “Bizim birinci işimiz, birinci vəzifəmiz gözümüzün qabağında dərin yuxuda olan İslam milləti idi... Bizim qabağımızda dağ kimi duran istibdad – Şərq istibdadı və Şərq qaranlığı idi...”
Jurnalda dil məsələsinə xüsusi önəm verilirdi. “Molla Nəsrəddin” ərəbçiliyə, farsçılığa, osmançılığa, həm də dili lüzumsuz yerə rus sözləri ilə korlayanlara qarşı amansız idi. Jurnalda verilən bir şəkildə təsvir olunur ki, bir nəfər azərbaycanlını yerə yıxıb onun ağzına zorla üstündə ərəb, fars, rus sözləri yazılmış dili soxurlar. Azərbaycanlı isə deyir: “Ay qardaşlar! Mən ki, dilsiz xəlq olunmamışam, dilləri ağzıma soxursunuz...”
Jurnalda qadın azadlığı məsələsi də həmişə ön planda olmuşdur. Cəlil Məmmədquluzadə “Köhnə dərdim” adlı məqaləsində qadın azadlığı məsələsinə toxunaraq yazırdı: “Şərq qadını məsələsi mənim köhnə dərdimdir... Nədir onların dərdi? Şərq qadınını azad etmək. Nədən?.. Şəriətin kəməndindən, müsəlmançılığın zəncirindən, ­hərəmxanaların zindanından, qara çarşabın zülmətindən…”
Təbiidir ki, həmin dövrdə Cəlil Məmməd­quluzadə ciddi təqiblərə məruz qalmış, evində, “Qeyrət” mətbəəsində dəfələrlə axtarışlar aparılmış, ünvanına qəzəb dolu, hədələyici məktublar gəlmişdir. Amma heç bir qorxu, hədə bu böyük şəxsiyyəti, böyük vətənpərvəri öz yolundan döndərə bilməmişdir. Mirzə Cəlil “Molla Nəsrəddin” jurnalı vasitəsilə Azərbaycanda “mollanəsrəddinçilər” adlanan yeni ədəbi məktəbin əsasını qoymuşdur. Jurnalın Tiflisdə sonuncu nömrəsi 25 dekabr 1917-ci ildə (köhnə təqvimlə 1918-ci il yanvar ayının 7-də) nəşr edilmişdir.
Cəlil Məmmədquluzadə irsinin ən böyük tədqiqatçısı akademik İsa Həbibbəyli yazır: “Molla Nəsrəddinin nəşrinin Təbriz dövrü və Bakı mərhələsi mətbuat karvanının Tiflisdən başlanan tarixi səfərinin qanunauyğun davamıdır”.
“Molla Nəsrəddin”in məqsəd və məramı jurnalın birinci sayından məlum idi. Jurnal birinci nömrəsinin üz qabığında həm­vətənlərini yatmış vəziyyətdə göstərməklə onları qəflət yuxusundan oyatmaq məqsədi daşıdığını bəyan edirdi. “Molla Nəsrəddin” Şərq xalqlarının vəziyyətinə də biganə qalmırdı. Birinci rus inqilabı dövründə imperializm müstəmləkə siyasətini daha da gücləndirir, ictimai-siyasi hadisələrdən öz məqsədləri üçün istifadə etməyə çalışırdı. Belə bir dövrdə jurnal yazırdı: “Əzizim amerikalı, indi buyur görək nə məqsədlə dünyanın o başından bu başına gəlmisən? Mənim yəqinimdir ki, sənin xəyalında bir biclik var. Məsələn, bu məqsədlə gəlibsən ki, biçarə müsəlmanları tovlayıb axırda imtiyaz sahibi olasan və bizi fəhlə kimi işlədib öz əlimiz ilə qazandığımız pulları doldurasan cibinə və axırda da Xorasan xalılarından, Buxara dərilərindən, Naxçıvan cecimlərindən, Şamaxı şallarından, Tehran şiri-xurşidindən bir yük tutub Vətənə sovqat aparasan və gedib Amerikada bir kitab ­yazasan və həmin kitabda mollalarımızı tərifləyəsən”.
“Molla Nəsrəddin”in təsiri ilə 1907-1917-ci illərdə “Bəhlul”, “Zənbur”, “Arı”, “Kəlniyət”, “Məzəli”, “Tuti”, “Babayi-Əmir” kimi mətbuat orqanları yarandı və bu jurnalın davamçıları kimi fəaliyyət göstərdi.
1920-ci ildə Cəlil Məmmədquluzadə öz ailəsi ilə Təbrizə getdi və 1921-ci ilin fevralında “Molla Nəsrəddin” jurnalı burada nəşr olundu. Təbrizdə jurnalın 8 nömrəsi çap edildi. Burada da Mirzə Cəlil çətinliklərlə üzləşir. Onun “Molla Nəsrəddin”i azərbaycanca nəşr etdirmək istəyinə İran hökuməti icazə verməmişdi ki, gərək farsca çap olunsun. Onda Mirzə Cəlil demişdi: “Təbrizdə ermənilər ermənicə qəzet çıxarırlar. Siz isə Azərbaycan dilində jurnal nəşr etməyə icazə vermirsiniz. Elə isə icazə verin “Molla Nəsrəddin”i erməni dilində nəşr edim”. Bu sərt sözdən sonra jurnalın Təbrizdə ana dilində nəşrinə icazə verilir. Jurnalın Bakıda ilk nəşri 1922-ci ilin noyabrında, son nömrəsi isə 1931-ci ildə buraxılmışdı.
Cəlil Məmmədquluzadənin ayrı-ayrı dövrlərdə 100, 125, 140 illik yubileyləri böyük təntənə ilə qeyd olunmuşdur. 2006-cı il yanvar ayının 23-də Azərbaycan ­Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyi haqqında” Sərəncama uyğun olaraq jurnalın 100 illiyi dövlət səviyyəsində geniş qeyd olunmuşdur. Bu isə ölməz Cəlil Məmmədquluzadə irsinə hörmət və məhəbbətin bariz ifadəsi idi.
Görkəmli yazıçı Cəlil Məmmədquluzadənin Naxçıvan Muxtar Respublikasında xatirəsi əbədiləşdirilmiş, Naxçıvan şəhərində onun əzəmətli heykəli ucaldılmışdır. Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi onun adını daşıyır. Ölməz yazıçının Naxçıvan şəhərində ev-muzeyi, Şərur rayonunun Cəlil­kəndində, Babək rayonunun Nehrəm kəndində Xatirə muzeyləri fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”na görkəmli ədibin “Hekayələr”i də daxil edilmişdir. 2009-cu ildə isə ədibin 140 illiyi münasibətilə Naxçıvanda “Əcəmi” Nəşriyyat-­Poliqrafiya Birliyində “Seçilmiş əsərləri” iki cilddə nəfis tərtibatla çap olunmuşdur.
Cəlil Məmmədquluzadə ölməz dram və nəsr əsərləri, publisistikası və yaşaması üçün bütün həyatını həsr etdiyi “Molla Nəsrəddin” jurnalı ilə xalqımızın qəlbində və yaddaşında yaşayır, bundan sonra da yaşayacaqdır.

Asim YADİGAR
Naxçıvan Muxtar Respublikası
Yazıçılar Birliyinin sədri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR