22 Dekabr 2024, Bazar

Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova giriş sözü ilə çıxış edərək bildirib ki, bu il Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi təkcə ölkəmizdə deyil, dünyada rəngarəng tədbirlərlə qeyd olunmaqdadır.
Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi klassik Azərbaycan poeziyasında öz yaradıcılıq yolu ilə seçilən, anadilli poeziyamızın inkişafında müstəsna xidmətləri olan söz ustadıdır. İdealları uğrunda mübarizə aparan, hətta son nəfəsində də öz ide­yasından dönməyən bu böyük ta­rixi şəxsiyyətin irsi altı əsrdir ki, ­öyrənilir.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin ölkəmizdə birinci rəhbərliyi dövründə, yəni 1973-cü ildə YUNESKO-nun qərarı ilə Nəsiminin anadan olmasının 600 illiyi beynəlxalq miqyasda qeyd edilib. Həmin dövrdə Nəsiminin irsinin tədqiqi və adının əbədiləşdirilməsi istiqamətində məqsədyönlü işlər görülüb. Bu gün AMEA-nın Dilçilik İnstitutu böyük şairin adını daşıyır. Paytaxt şəhərimizin bir rayonuna Nəsiminin adı verilib.

2018-ci il noyabr ayının 15-də isə ölkə Prezidenti “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Bu, böyük şair və mütəfəkkirə dövlət səviyyəsində verilən dəyərin və ehtiramın ifadəsidir. Eyni zamanda sərəncam Azərbaycan mədəniyyətinin, zəngin tarixi-mədəni irsin təbliğinə də çox böyük töhfədir. Onu da qeyd edək ki, 2019-cu il 11 yanvar tarixli Sərəncamla 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olunub.
Bildirilib ki, bu gün ölkəmizin hər yerində Nəsiminin bədii irsi ilə bağlı rəngarəng tədbirlər keçirilir. Muxtar respublikamızda da Nəsimi ilə bağlı müxtəlif səpkili silsilə tədbirlər keçirilməkdədir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev “Anadilli şeirimizin böyük ustadı”, Əməkdar elm xadimi, professor Hüseyn Həşimli “İmadəddin Nəsimi yaradıcılığının ideya-bədii xüsusiyyətləri” mövzularında çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, Nəsimi Azərbaycan ədəbi dilinin inkişafına çox əhəmiyyətli təsir göstərib, onu leksika, bədii ifadə vasitələri ilə zənginləşdirib. Nəsimi poeziyasının ideya-bədii xüsusiyyətləri onun davamçısı olan şairlərin yaradıcılığında aydın duyulmaqdadır.
Tədbirin bədii hissəsində dahi şairin qəzəlləri qiraət edilib. Sonra muzeyin ekspozisiyasına baxış olub.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR