Bu gün muxtar respublikamızda xalq yaradıcılığının, folklorumuzun, milli dəyərlərimizin yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına böyük qayğı göstərilir, bu sahədə mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı xalq yaradıcılığının müasir dövrümüzdə inkişafına, təbliğinə və tədqiqinə yeni üfüqlər açmışdır. Qədim diyarımızda bu istiqamətdə görülən çoxsaylı tədbirlərdən biri də folklor festivallarının, müsabiqələrin, elmi konfransların keçirilməsi, xalq yaradıcılığı ilə bağlı kursların təşkil edilməsidir.
2012-ci ilin “Milli dəyərlər ili” elan olunması qədim diyarımızda xalq yaradıcılığının inkişaf etdirilməsi üçün əlavə stimul vermişdir. Ötən il “Yallı” (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi muxtar respublikamızda aparılan mədəniyyət siyasətinin bəhrəsi, tükənməz milli sərvətimiz olan xalq yaradıcılığının təbliği ilə bağlı tarixə yazılan mühüm uğurdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun xalq yaradıcılığına diqqət və qayğısı bu uğurun əsas təminatçısıdır. Belə ki, Ali Məclis Sədrinin tapşırığına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar aparıb, bu irsin UNESCO səviyyəsində qorunması sahəsində tədbirlər həyata keçirib, “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanıb aidiyyəti üzrə təqdim olunub. Nəticədə isə milli dəyərlərimizin tərkib hissəsi olan yallılarımızın UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi kimi əhəmiyyətli tarixi uğur qazanılıb. UNESCO-nun həmin qərarı ilə mənfur qonşularımızın bu dəyərlərimizi öz adlarına çıxmaq cəhdlərinin qarşısı alındı. Dünya bir daha təsdiq etdi ki, yallı məhz bizim xalqımıza məxsusdur.
Ali Məclis Sədrinin 2018-ci il 24 dekabr tarixli “Şərur yallıları haqqında” Sərəncamı da xalq yaradıcılığına böyük qayğının daha bir ifadəsidir. Sərəncama əsasən təsdiq olunmuş Tədbirlər Planında yallı ilə bağlı tədqiqatların və nota köçürülmə işinin davam etdirilməsi, onların reyestrinin aparılması və digər mühüm məsələlər öz əksini tapmışdır.
Minillik həyat tərzimizin və bədii təfəkkürümüzün güzgüsü
Xalqımızın minillik həyat tərzini və bədii təfəkkürünü bu günə daşıyan yallılar birlik rəmzi, milli xüsusiyyətlərimizin və el hikmətinin ifadəçisi, xalq yaradıcılığı xəzinəsidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallılar Azərbaycan xalqının qəhrəmanlıq, mərdlik rəmzidir. Bu tarixi heç vaxt unutmaq olmaz. Naxçıvan torpağında bu tarix yaşayır, inkişaf edir və örnək olaraq gələcək nəsillərə qalır”.
Yaşı min illərə söykənən yallının tarixi və mənşəyi dəqiq bilinmir. Tədqiqatçılardan bəziləri qeyd edirlər ki, yallılar ən qədim dövrlə bağlı olub vaxtilə ovçuluq və atəşi qorumaq məqsədilə icra olunan mərasim oyunu növlərindəndir. Bununla bağlı Qobustan və Gəmiqaya qayaüstü rəsmlərində, “Kitabi-Dədə Qorqud” dastanında, Nizaminin “Xosrov və Şirin” poemasında müəyyən təsvir və məlumatlara rast gəlinir. “Yallı” sözünün etimoloji mənasının “işıq”, “od”, “alov” olduğunu bildirənlər də vardır. İlk çağlar əl-qol, him-cim və bədən hərəkətlərindən ibarət olub bir-birinin əlindən tutaraq dəstə ilə ifa olunan, özündə rəqs, oxuma, musiqi və tamaşa ünsürlərini birləşdirən bir xalq oyunu təsiri bağışlayıb, sonralar öz xüsusiyyəti, yaranma şəraiti, icra tərzinə görə müxtəlif qollara ayrılıb. Bəzi yallılar yalnız kişilərə aid olduğu halda, digərlərində qadınlar da iştirak ediblər. İfa zamanı əl çalmaq, nida və ya söz demək oyunun özünəməxsus cəhətlərindəndir. Bəzi bölgələrdə bu oyuna “əl-ələ”, “ləlli”, “yallı”, “yaylı” deyirlər. Xalq arasında “yallı getmək”, “yallı durmaq” və ya “yallı tutmaq” ifadələri bu oyunu ifa etmək mənasında işlədilir.
Yallılar sintetik rəqs kimi xoreoqrafiya, instrumental və vokal musiqisini özündə birləşdirir, xoreoqrafiya məzmununa görə iki növə – süjetli və rəqs yallılarına bölünür. Bu milli rəqslərimiz həm də teatrlaşdırılmış xalq oyunları olduğu üçün bəzən “Oyun yallı” da adlandırılır. Rəqs yallılarında qəhrəmanlıq motivləri, xalqımızın əhval-ruhiyyəsi, gəncliyin çevikliyi də özünü göstərməkdədir. Təsadüfi deyil ki, “Koroğlu”, “Nərgiz” kimi milli operalarımızda, “Gülşən”, “Qız qalası”, “Babək” baletlərimizdə və digər müxtəlif musiqi əsərlərində yallının janr xüsusiyyətlərindən bəhrələniblər.
Yallı rəqs mədəniyyətimizin tarixini öyrənmək baxımından bu gün də maraq doğurmaqdadır. Bununla bağlı folklorşünaslar, tədqiqatçılar, musiqiçilər maraqlı və elmi cəhətdən əsaslandırılmış fikirlər söyləyib, məqalələr, kitablar yazılıb, sənədli filmlər çəkilib.
“Yallının beşiyi Şərur bölgəsidir”, – deyənlər heç də yanılmayıblar. Şərur yallılarının tarixi, ruhi-mənəvi qaynaqları, bədii-estetik gözəlliyi, min illərin düşüncə tərzini yaşatması, rəqs hərəkətlərinin rəmzləri, incə elementlərin izahı və öyrənilməsi, təhlil ediləsi cəhətləri haqqında deyiləsi fikirlərə bu gün də böyük ehtiyac vardır. UNESCO-nun Təcili Qorunma Siyahısına salınmış “Tənzərə” və “Köçəri” yallıları da milli mənşəyi və özünəməxsus səciyyəvi xüsusiyyətləri ilə seçilirlər.
Yallıların xalqımıza məxsusluğunu dünyaya təsdiqlədən faktlar
“Tənzərə” yallısı gözəllik ifadə etməklə, adətən, qadınlar tərəfindən oynanılır. Bu ikihissəli yallıda ifaçıların geyimi zərli və üzəri daş-qaş və başqa bəzəkli düzümlərlə bəzədilmiş olur. İfaçılar musiqinin ritminə uyğun olaraq hərəkət etdikcə paltarın üstündəki bəzək əşyaları silkələnir və zurnada çalınan musiqi ilə ahəngdarlıq yaradır. “Tənzərə” adının da buradan götürülməsi güman edilir. Yəni yarı zər, yarı bəzək-düzək. Bu yallı Şərur toylarında daha çox ifa edilir.
“Köçəri” yallısının da adı birbaşa bildirir ki, bu yallı xalqımıza məxsusdur. Sözün etimologiyasından danışarkən, ilk olaraq onu qeyd etməyi lazım bilirik ki, Mahmud Kaşğarinin məşhur “Divani-lüğət-it-türk” kitabında “köçəri” sözü aşağıdakı mənalarda verilmişdir: koç-qoç, yəni erkək qoyun; köçmək, yəni bir yerdən, yaxud bir evdən başqa yerə getmək. Sözün mənşəyini Azərbaycan ərazisində İslamdan əvvəlki dövrlərdə qəbiristanlıqlarda başdaşı üzərində qoyulmuş daş qoç və daş at heykəlləri ilə əlaqələndirənlər də vardır. Belə ki, daş qoçlu qəbirlər Oğuz qəbirləri olduğuna görə “Köçəri” yallısının adının mənasının da “koç-qoç” kəlməsi ilə bağlı olması ilə əlaqədar ehtimallar da onun türkmənşəli olmasına heç bir şübhə yaratmır. Lakin yallının xarakterik ifa tərzi deməyə əsas verir ki, “Köçəri” yallısının adı türkmənşəli “köç” sözündən götürülmüşdür.
Rəqsin düzülüşündən və hərəkətlərindən aydın olur ki, insanlar məskənlərini dəyişəndə, yəni arandan yaylağa, yaylaqdan isə arana köçən vaxt müəyyən hazırlıq işləri görürlər. Məskunlaşacaqları yerdə yurd salmaq üçün əşyaların toplanması, onların heyvanlara yüklənməsi “Köçəri” yallısında təcəssüm etdirilir. Bu üçhissəli yallıda insan musiqi və hərəkət ritmindən duyur ki, birinci hissədə kədər, qəm-qüssə var. İnsanlar könülsüz halda doğma məskənlərini tərk etdiklərindən, aram-aram yerişlə keçilməz, dolayı, sanki dağ keçidlərini keçdiklərini əks etdirirlər. İkinci hissədə çətin və dolayı, daşlı-kəsəkli yollarda sanki dağ keçidlərini qalxırlar. Üçüncü hissədə isə artıq insanlar istədikləri mənzilə çatdıqlarından, yeni quracaqları məskənləri təsvir edir, həm də çox sürətli, şən əhval-ruhiyyəli hərəkətlərlə yallını yekunlaşdırırlar.
Bu kiçik qeydləri qələmə almaqda məqsədimiz yallılarımızın xalqımızın etnoqrafik həyatını, dünyagörüşünü, məişətini əks etdirməsini xatırlatmaqdır. Yallılarımızın hamısında bu xüsusiyyətləri görmək olar. Bu gün muğamlarımızın adı kimi yallılarımızın adının da etimoloji cəhətdən dəqiq elmi izahına ciddi zərurət yaranıb. Bu adların izahı, yallıların ifa tərzi, tarixi, yayılma arealı, kanonik hərəkət sistemi haqqında peşəkar tədqiqatçı və musiqişünas axtarışları yeni kitabların yaranmasına səbəb ola bilər. “Naxçıvan-Şərur el yallıları” kitabı bu cəhətdən maraq doğurur. Onu da qeyd etmək yerinə düşər ki, bu günədək 90-dan çox yallımız ilk dəfə toplanaraq nota köçürülüb, kitab şəklində nəşr etdirilib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yanvar ayı ərzində Şərur yallılarının reyestrə alınması işini davam etdirib, Şərur yallı kollektivlərinin repertuarında olan bir neçə yallının çəkilişi aparılıb. “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti üçün hər cür şərait yaradılıb, ansamblın ifasından ibarət kompakt disk hazırlanıb. Bütün bunlar, xüsusilə də müasirimiz olan qocaman yallı ifaçılarının təcrübələrinin öyrənilməsi, heç şübhəsiz ki, yallılarımızın dünyəvi təbliğində mühüm rol oynayır.
Yallılarımıza dünya şöhrəti qazandıran ansambl
Yallılarımızın Vətənimizdən kənarda tanıdılmasından və təbliğindən söz düşmüşkən “Şərur” Xalq Yallı Ansamblının xidmətlərini xüsusi qeyd etmək lazımdır. Ansambl mühüm tarixə və zəngin ənənələrə malikdir. Bu gün də 1939-cu ildə Moskva dekadasında uğurla çıxış edən, lakin dekadanın son günü tramvay qəzasına düşən və vəfat edən yallıbaşı Həsənbəy haqqında maraqlı rəvayətlər, söhbətlər Şərur torpağında gəzməkdədir. Deyilənə görə, o vaxt Həsənbəyi elə Moskvadakı qardaşlıq qəbiristanlığında ehtiramla dəfn etmişlər. Onunla Moskvada olanlar deyirlər ki, bu el ağsaqqalı səhnəyə çıxanda konsert salonunu alqış səsləri bürüyərdi. Ansamblın Macarıstan, Almaniya, Türkiyə, Polşa, Misir və Rusiyada keçirilən folklor festivallarında qazandığı diplom və mükafatlar kollektivin uğurlarının göstəricisidir. Ötən ilin mart ayında Türkiyənin Kastamonu şəhərinin 2018-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı olması ilə əlaqədar keçirilən rəsmi açılış mərasimi və Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) təşəbbüsü ilə təşkil edilən Novruz şənliklərində “Şərur” Xalq Yallı Ansamblının iştirakı isə əsl mədəniyyət hadisəsi kimi yadda qaldı.
Hazırda qədim diyarımızda “Şərur” Xalq Yallı Ansamblı ilə yanaşı, muxtar respublikanın rayon mədəniyyət şöbələrinin nəzdində 20-dən çox yallı qrupu fəaliyyət göstərir. Sevindiricidir ki, Şərur rayonunda yallı ifaçılarının üç nəsli bu qədim rəqs və oyunu yaşadır. Bu da deməyə əsas verir ki, Şərur yallısı dünən və bu gün olduğu kimi, gələcəkdə də yaşayacaqdır. Çünki Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin də dediyi kimi: “Naxçıvanın üç incisi bizim üçün xüsusilə əzizdir: Əshabi-Kəhf, Gəmiqaya və Şərur yallıları. Biz bu inciləri qoruyub saxlamalıyıq”.
Poetik ilham mənbəyimiz – yallılar
Şərur yallıları haqqında indiyədək onlarla şeir yazılmışdır. Yallının xalqımızın mərdliyini, qəhrəmanlığını, əyilməzliyini göstərməsi bu şeirlərdə vəsf olunur. Yallı haqqında ilk şeirlərdən biri tanınmış şairimiz, mərhum Nüsrət Kəsəmənliyə məxsusdur. Yaxşı yadımdadır ki, şair ötən əsrin 70-ci illərinin sonunda Naxçıvanda hərbi xidmət edirdi. Yallıya valeh olan şair “Şərur yallısı” şeirini də o zaman burada yazmışdır. Şeir ilk dəfə “Şərq qapısı” qəzetində çap olunmuş və sonralar şairin “Ürəyimə açılan qapılar” kitabında işıq üzü görmüşdü. O zaman çox gənc olan Nüsrət Kəsəmənli bu şeirdə yallımızın xalqın gücünü, qüdrətini göstərməsini gözəl duymaqla yanaşı, onun mənəvi və bədii-estetik gözəlliyini də ilhamla ifadə etmişdir. Bu yazını həmin şeirlə bitirmək istərdim:
Dəydi bir-birinə çiyinlər yenə,
Bir az da böyüdü kürəklər indi.
Bəyaz yelkənlərtək qabardı sinə,
Gəlsin rəqs eyləyək küləklər indi.
Qollar qanaq açdı, böyüdü dövrə,
Qartallar qoşuldu yallıya sanki.
Ehey!.. Ayağını möhkəm bas yerə,
Yerdən üzülübsən, buluddasan ki!
Bir çınqı od aldı, süzüldü gözlər,
Qollar bir-birinə düyünmü düşdü?
Qoşulun yallıya, durmayın, qızlar,
Hamıya yer çatar, meydan genişdir.
Baxın o cavanın qamçı belinə,
Yüngül qədəmlərin gör necə səkir...
Bir igid yaylığı alıb əlinə,
Görəsən dəstəni hayana çəkir?!
Qızların hörüyü qulac-qulacdı,
Bu qara kəməndə durmayın yaxın!
Kişilər hamısı Koroğlulaşdı,
Gəlinlər Nigara bənzədi, baxın!
Tonqal dilim-dilim dikəldi göyə,
Ona ürəklərdən od düşüb, nədir?
Qırmızı üfüqlər söykəndi göyə,
Üfüqlər tonqala ilişib, nədir?
Coşğunluqmu gəldi Arazdan, Kürdən,
Polad zəncirlər də dözmədi buna.
Açıldı qolların düyünü birdən
“Yallı” səpələndi Odlar yurduna!
Əli Rzayev
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi