(Polemika)
Biz zamana tabeyik, yoxsa zaman bizə? Bu, xeyli araşdırma və diskussiyaların mövzusu olub, cavabı tapılmayan sual olaraq qalmaqdadır. Bizim istəyimizmi, ya zamanın diktəsimi, – deyə bilməsək də, kitabxanalara ayaq döyüb sanki bir-birimizlə bəhsə giribmiş kimi buradakı rəflərin kitablarını səhifə-səhifə çevirib, cümlələri sətir-sətir yaddaşımıza köçürdüyümüz uzun zamanlar olub. Kitabla yatıb, kitabla oyandığımız, onların özünəməxsus qoxusunu ciyərlərimizə çəkdiyimiz, təsirləndiyimiz anlarda səhifələrini göz yaşlarımızla islatdığımız, xoşladığımız atalar sözlərini, aforizmləri, deyimləri bəzən yaddaşımıza hopdurduğumuz, bəzənsə altından xətt çəkib, səhifələrin bir kənarını qatlayıb işarəli qoyduğumuz zamanlar... Və günlərin bir günü yenilənən zamanla həyatımıza internet daxil olub. Zamanın bu dönəminin üstünlüyü virtual aləmi əhatə etdikcə elektron kitabxananı, kitabı da yaradıb. Bununla mütaliəsevərlər istədikləri anda həm kitabxanalarda, həm də evlərindəcə arzuladıqları kitabı oxuya bilmək imkanı əldə ediblər. Bu zaman kəsiklərinin yaratdığı fərq isə belə bir sual çıxarıb meydana: kağız, yoxsa elektron kitab?
Hər dövrün öz tələbi
Mövzu ilə bağlı ilk olaraq Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərovaya müraciət etdik. Onun fikrincə, hər dövrün öz tələbi var. Elektron kitabxanalar, kitablar da internet əsri adlandırdığımız müasir dövrümüzün tələbidir. Rəhbərlik etdiyi kitabxanadan 27 mindən artıq oxucunun istifadə etdiyini bildirən Tamella xanım onların əksəriyyətinin kitabları həm elektron, həm də ənənəvi şəkildə oxuduqlarını vurğulayır: – Son illər mütaliəyə maraq xeyli artıb. Böyük qürur hissi ilə deyə bilərəm ki, bu gün AMEA Naxçıvan Bölməsində, Naxçıvan Dövlət Universitetində, Naxçıvanşünaslıq Mərkəzində, həm də bizim kitabxanada eklektron kitabxana fəaliyyət göstərir. Elektron kitabxananın özünəməxsus üstünlükləri var. Xüsusilə gənclərin istifadə etdikləri elektron kitab onlara təhsilin müxtəlif pillələrinə, ixtisaslarını artırmaq üçün imtahanlara hazırlaşmalarında, müxtəlif elmi işlərlə bağlı araşdırmalar aparmaqda əvəzsiz köməkçidir.
Söz yox ki, həyatımıza nə qədər yeni texnologiyalar daxil olsa da, çap məhsullarını sıxışdırıb aradan çıxara bilməyəcəkdir. Çünki onların saysız oxucuları var. Mən də nəşr olunmuş mənbədən mütaliə etməyə üstünlük verirəm. Bu zaman sanki oxuduğum kitabın yazıldığı dövrə səyahət edirəm, o cəmiyyətdə olur, qəhrəmanların həyatını duyur, yaşadıqlarını yaşayıram. Ona görə də düşünürəm ki, bədii ədəbiyyatların kağız versiyası onların məzmununu elektron versiyadan daha dərin əxz etdirir insana.
Həm elektron, həm də kağız kitab
Naxçıvan Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi Elsun Cahangirli kitabların həm elektron, həm də kağız versiyalarını oxuduğunu bildirir. Deyir ki, özü kimi, tələbə yoldaşları da sərbəst işlərin hazırlanmasında, bəzi tapşırıqların yerinə yetirilməsində ədəbiyyatların əksəriyyətini yalnız elekron kitabxanalardan tapa bilirlər. Həmçinin də bədii ədəbiyyatların. Elə kitab var ki, uşaqlardan biri oxuyur, sosial şəbəkələrdə paylaşır. Sən də onu oxumaq istəyəndə baxırsan ki, kağız variantı yoxdur, məcbur qalıb elektron kitaba müraciət edirsən. Elektron kitabın üstün cəhətlərindən biri də odur ki, kitabda sənə lazım olan məlumatı və ya gözəl fikirləri dərhal başqa bir yerdə qeyd edə və ya onu müxtəlif sosial şəbəkələrdə digər istifadəçilərlə bölüşə bilirsən. Amma etiraf edək ki, kağız kitablar daha fərqlidir. Kitabın başqa heç bir forması onları əvəz edə bilməz. Çünki onlar sanki canlıdır, ətri olan canlı. Bir mənbədən oxumuşdum ki, ən dərin hafizə qoxu yaddaşıdır. Yaponlar yeni doğulan uşaqlara kitab oxutmazdan əvvəl kitabı qoxuladırlar. Kitab qoxulayan və kitab oxunan mühitdə böyüyən uşaqlar həm kitaboxuma vərdişi əldə edirlər, həm də yaddaşlarının dərinliyindəki qoxu böyüdükcə onlara istiqamət verir. Kitab oxumağa qeyri-ixtiyari yönəlirlər. Yəni sevərək oxuyurlar, məcburən yox.
Elektron kitab kağız kitabın yerini tuta bilməz
Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin tələbəsi Səma Həsənli ilə təhsil aldığı ali təhsil ocağının elektron kitabxanasında kompüter arxasında görüşsək də, o, elektron yox, kağız kitablara üstünlük verdiyini bildirir. Səma burada internetdə yerləşdirilən materiallardan istifadə edərək tapşırıq həll edirdi. O deyir ki, kitabı elektron variantda oxumağa cəhd edib, lakin alınmayıb. Sanki tamamilə hadisələrdən kənarda qalıb, fikrini cəmləşdirə, oxuduğunu əxz edə bilməyib. Səma elektron kitabın pulsuz əldə edilməsi, asan daşınması, kağız formatda olmayan kitabların elektron versiyasının daha tez tapılması kimi üstünlüklərini vurğulasa da, kitabı ənənəvi qaydada oxumağı sevdiyini bildirir. Çantasından hazırda oxuduğu bədii ədəbiyyatı – Seselia Ahernin “Sabahın kitabı” əsərini çıxarıb bizə göstərir və deyir ki, ağır olsa da, özümlə gəzdirir, boş vaxtlarımda oxuyuram.
Ancaq elektron kitab
Elektron kitabxanada rastlaşdığımız universitetin İqtisadiyyat fakültəsinin 3-cü kurs tələbəsi niderlandlı Onanuqa Olubayo Gosefh isə ancaq elektron kitab oxuduğunu bildirir. O deyir: – Dünyamız günü-gündən müasirləşir. Əvvəllər elektron kitabları yalnız “bookreader”lə oxumaq olurdusa, indi bu, smartfon telefon, yaxud planşetlərlə də mümkündür. Elektron kitabların internet vasitəsilə yüklənməsi də çox asandır, onları pulsuz əldə edə bilməyimiz isə daha da yaxşıdır.
Gənc mütaliəsevər elektron kitab oxumanın üstün cəhətləri ilə yanaşı, insan üçün zərərlərindən də danışır, mütəxəssislərin fikrinə görə, bunun gözlərə həddən artıq ziyan olduğunu, zaman-zaman baş ağrıları yaratdığını vurğulayır.
Hadisələrin içərisində sən də olursan
Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının baş kitabxanaçısı Aynişan Yusifli də mütaliəsevər gəncdir, həm də kağız kitablara üstünlük verir. O deyir: – Kitabın məqsədi həyat dərsidir. İstər elektron, istərsə də kağız kitablar olsun, oxumalıyıq ki, bu həyat dərsini ala bilək. Mən, nədənsə özümü kağız kitablarda tapa bilirəm. Oxuduğum əsərlərin qəhrəmanına çevrilirəm, özümü o hadisələrin içərisində hiss edirəm. Xoşladığım fikirlərin altından xətt çəkir, onları yaddaş kitabıma köçürür, sonralar istifadə edirəm. Lakin elektron kitab oxuyanda bu hisslər məndə yaranmır, onunla aramda bir soyuqluq hiss edirəm. Həm də kağız kitab yaddaşı gücləndirir, həmçinin insanda göz yaddaşını formalaşdırır. Ənənəvi formada mütaliə edənlər bunu da təsdiqləyərlər ki, oxumağa fasilə verəndə kitabın səhifəsinin bir kənarını qatlamaq, səhifələrə toxunmaq, onları çevirəndə yaranan səs çox heyrətamiz və unudulmazdır.
Son söz belə oldu
Mövzu ilə əlaqədar görüşüb söhbət etdiyim mütaliəsevərlərin hər birinin son sözü belə oldu ki, fərqi yoxdur, istər elektron, istər kağız olsun, ta ki kitab oxunsun. Dünyagörüşümüzün formalaşmasında, mənəviyyatımızın zənginləşməsində, söz xəzinəmizin yaranmasında, həyatda mövqeyimizin müəyyənləşməsində, bizə yurd, torpaq sevgisinin, vətənpərvərliyin aşılanmasında birbaşa rolu olan kitab. Son söz olaraq onu da unutmayaq ki, insanlar iki kateqoriyaya bölünürlər: kitab oxuyanlar və kitab oxuyanlara qulaq asanlar. Hansı olmaq istərdiniz?..
Mətanət MƏMMƏDOVA