Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən elan olunan “Mütaliə aylığı” şagirdlərdə oxu vərdişlərinin yaradılmasına diqqətin artırılmasına, onlara mütaliə mədəniyyətinin, ədəbiyyatlardan müntəzəm və sistemli şəkildə istifadə etmək bacarığının aşılanmasına xidmət edir. Bu tədbirlər çərçivəsində keçirilən “Poeziya günü”ndə 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında Naxçıvan şəhərinin məktəblilərinə geniş məlumat verilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək bildirib ki, İmadəddin Nəsiminin həyat və yaradıcılığının şagirdlər arasında təbliği və “Poeziya günü”nün keçirilməsi muxtar respublikamızda milli mədəniyyətə və incəsənətə həssas münasibətin göstəricisi kimi təqdir olunmalıdır. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində görkəmli şairin misilsiz xidmətləri olub. Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoyan mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov çıxış edərək “Mütaliə aylığı”nın mahiyyəti barədə danışıb.
Tədbirdə Naxçıvan şəhər 8 və 15 nömrəli tam orta məktəblərin Azərbaycan dili və ədəbiyyat müəllimləri Cəmilə Əliyevanın, Güllü Allahyarovanın çıxışları olub.
Sonra Naxçıvan şəhər tam orta məktəblərinin şagirdləri şairin qəzəlini musiqi müşayiəti ilə bədii qiraət edib, görkəmli şəxslərin İmadəddin Nəsimi haqqında dedikləri fikirləri səsləndirilib, Nəsimi haqqında film nümayiş olunub.
Qeyd edək ki, “Mütaliə aylığı” çərçivəsində Babək və Şərur rayonlarında da tədbirlər keçirilib.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti