Hüseyn Cavidin ev-muzeyində Ərtoğrol Cavidin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Hüseyn Cavidin natamam əsəri – Ərtoğrol” adlı tədbiri Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov açıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 aprel tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri kimi zəngin irs yaradan, musiqişünas, rəssam və tədqiqatçı Ərtoğrol Cavidin 100 illik yubileyi qeyd olunur.
Diqqətə çatdırılıb ki, böyük ədib Hüseyn Cavidin nakam oğlu Bakıda doğulub, Naxçıvanda dünyasını dəyişmiş bəstəkar Ərtoğrol Cavid Azərbaycan Pedaqoji İnstitutundan məzun olduqdan sonra musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun sinfində davam etdirib, eyni zamanda konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs deyib, gənc tədqiqatçı kimi musiqi folkloru nümunələrinin toplanması və tədqiqində iştirak edib.
Filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Hüseyn Həşimli “Ərtoğrol Cavidin bədii yaradıcılığı” mövzusundakı çıxışında bildirib ki, o, qısa ömür sürsə də, çoxşaxəli və zəngin fəaliyyəti ilə tanınıb. İstedadlı gəncin yaradıcılığının bir qolu da bədii ədəbiyyatla əlaqədardır. Ərtoğrol Cavidin bəlli olan ilk qələm təcrübəsi 1927-ci ildə səkkiz yaşında ikən yazdığı “Bizim bağ” adlı mənzum parçadır. Əsərdən-əsərə püxtələşən Ərtoğrol Cavidin müxtəlif vaxtlarda qələmə aldığı “Bahar”, “Borjom”, “Göyərçinin naləsi”, “Sönük həyat”, “Dalğa”, “Ay”, “Qalibiyyət nəğməsi”, “İspan qadının dilindən layla”, “Sənsən”, “Layla” və digər şeirləri onun poeziyaya marağının təsadüfi olmadığını göstərir. Bu şeirlərdəki orijinal duyum və deyim tərzi diqqəti çəkir.
Qeyd olunub ki, Ərtoğrol Cavidin bir sıra nəsr əsərləri də vardır. Bunlardan “Sükutun harmoniyası”, “Uğursuz gecə”, “Məktub”, “Oxu, bülbülüm, oxu”, “Sənsən, sən”, “Vərəmli bir qız”, “Gənc qadının ilk çocuğu ölürkən” kimi əsərləri dərin lirik ovqatına, hiss-həyəcanın qabarıq bədii təcəssümünə görə mənsur şeir də sayıla bilər. “Uğursuz gecə” əsərində Ərtoğrol atası Hüseyn Cavidin həbsə alındığı 1937-ci ilin 3 iyun gecəsini təsirli bir şəkildə nəzərə çatdırıb. Onun “Vərəmli bir qız”, “Gənc qadının ilk çocuğu ölürkən” adlı nəsr əsərlərində isə nakam ölüm, həyatdan vaxtsız və nisgillə köçmək mövzusu aparıcıdır. İrihəcmli nəsr əsəri kimi düşündüyü, lakin tamamlaya bilmədiyi “Ciman” adlı əsərdə gənc müəllif insanın həyatının mənasının xalqa xidmətdə olduğunu təsdiqləyirdi.
Vurğulanıb ki, Ərtoğrol Cavid dramaturgiya sahəsində də uğurlu yaradıcılıq axtarışları aparıb. Onun arxivində bəzi dramatik əsərlərinin eskizləri və parçaları vardır. 1939-cu ildə yazdığı “Eqoistin taleyi” pyesi isə ümumən, bitkin sayıla bilər. Bu əsərdə yalnız özünü düşünənlərlə Vətən, xalq üçün çalışanlar qarşılaşdırılır.
Ərtoğrol Cavid Pedaqoji İnstitutda (indiki ADPU-da) tələbə ikən bir sıra dünya klassiklərinin yaradıcılığı barədə maraqlı referatlar hazırlayıb ki, bunlar onun geniş mütaliəsindən və dərin elmi-ədəbi təfəkküründən soraq verir. O, Musiqi Elmi-Tədqiqat Kabinetində çalışdığı vaxtlarda Azərbaycanın ayrı-ayrı regionlarından toplanmış müxtəlif janrlı folklor nümunələri, eləcə də şifahi xalq ədəbiyyatına dair bəzi tədqiqat əsərləri barədə dəyərli elmi rəylər də yazıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aparıcı məsləhətçisi Leyla Əlimərdanovanın, Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksinin baş fond mühafizi-elmi işçisi Naibə Mirzəyevanın çıxışları dinlənilib.
Sonda muzey ekspozisiyasına baxış olub.
Ramiyyə ƏKBƏROVA