Şahbuzlular bunu yeni Mədəniyyət Sarayının istifadəyə verilməsi ilə
bir daha hiss etdilər
Şahbuz şəhərinin Heydər Əliyev prospektində ucaldılan Mədəniyyət Sarayı gözoxşayan görkəmi ilə buraya yeni bir gözəllik bəxş edib. Sarayın istifadəyə verilməsi tək mədəniyyət işçilərinin deyil, bütün şahbuzluların sevincinə səbəb oldu. Çünki bu ünvan bütün rayon sakinlərinin üz tutduğu, yararlandığı bir ünvandır.
Hələ ötən illər mədəniyyət evinin tam yararsız binasında Xalq teatrının tamaşalarına, konsert proqramlarına dəstə-dəstə gəlib zala sığmayan, sonadək ayaq üstündə dayanan tamaşaçılar var idi. Hətta hava yağıntılı olanda zalın tamamilə sıradan çıxmış tavanından süzən su belə, seyrçi marağının qarşısını ala bilmirdi. İşimlə əlaqədar mədəniyyət evində tez-tez olurdum. Əlamətdar günlərlə bağlı konsertlərin, görüş və yubileylərin keçirildiyi vaxt, Xalq teatrının tamaşalarının nümayişi zamanı dəfələrlə rənglənməsinə baxmayaraq, yağış sularından ləkə bağlamış divarların qarşısına dibçək gülləri düzülürdü ki, gələn qonaqların yanında utanmayaq. Bina o qədər yararsız vəziyyətə düşmüşdü ki, havada azacıq külək olanda, elə bil içəridə əsirdi. Məşq, qrim, paltarsaxlama otaqları olmadığı üçün kollektiv çox əziyyət çəkirdi. Məşqlər əvvəldən axıradək səhnədə keçirilir, qrimlər iş otaqlarında edilir, səliqəli qalması üçün yer olmadığından paltarlar konsert, tamaşa nümayiş olunan zaman hər dəfə yenidən ütülənib geyinilirdi. Elə bunlara görə də Mədəniyyət Sarayı üçün yeni binanın tikilməsi bütün rayon sakinlərinin böyük arzusu idi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı qədim diyarımızda xalq yaradıcılığının dərindən öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına stimul yaratmışdır. Sərəncamdan irəli gələn tələblərdən biri də mədəniyyət evlərinin və klubların nəzdində fəaliyyət göstərən dram dərnəkləri üzvlərinin potensialı hesabına Xalq teatrının yaradılması idi. Bu dövlət sənədi muxtar respublikamızın hər yerində olduğu kimi, Şahbuz rayonunda da mədəniyyətin inkişafının yeni mərhələyə qədəm qoymasına səbəb oldu. Dram dərnəklərinin fəaliyyətindəki irəliləyiş burada 2011-ci ildə Xalq teatrının yaradılması ilə nəticələndi. Teatr bir-birinin ardınca “Ər və arvad”, “O olmasın, bu olsun”, “Şahsənəm və Gülpəri”, “Evli ikən subay” kimi əsərləri səhnələşdirdi. Şahbuz Xalq Teatrının yaradılmasında xüsusi əməkləri olan Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi mərhum Çingiz Haqverdiyevin, teatra böyük canfəşanlıqla rejissorluq edən Ramiz Cəlilovun, Badamlı kənd mədəniyyət evinin müdiri Azadə Əsgərovanın adlarını qeyd etmək də yerinə düşər. Kollektiv hazırda Əbdürrəhim bəy Haqverdiyevin “Məşədi Qulam qiraət öyrənir” əsərini tamaşaya hazırlayır.
Rayonun mədəniyyət müəssisələrində 4 dram dərnəyi, 4 yallı və 1 folklor qrupu fəaliyyət göstərir. Qədim saz sənəti yaşadılan rayonun musiqi məktəblərində bu sənətin sirləri gənc nəslə öyrədilir. Kolanı Kənd Uşaq Musiqi Məktəbinin sazçalanlar kollektivi nəinki rayon, muxtar respublika tədbirlərində də həmişə fəallıqla iştirak edir, xoş qarşılanırlar. Müxtəlif konsert proqramlarında yallı kollektivlərinin, dram dərnəkləri və folklor qrupunun, “Batabat” instrumental ansamblının, musiqi məktəblərinin xalq çalğı, nəfəsli alətlər ansambllarının çıxışları maraqla izlənilir.
Lap qədim dövrlərdən Şahbuz toylarında sazın, tulumun, qara zurnanın, balabanın dağlara-daşlara əks-səda verən səsləri şahbuzluları musiqi üstündə kökləyib, burada onlarla xanəndənin, müğənninin, xalq çalğı alətləri ifaçılarının yetişməsinə səbəb olub. Qazanılan uğurlar kollektivləri daha da ruhlandırır.
Onu da bildirək ki, ötən il ümummilli liderimiz Heydər Əliyevin 95 illik yubileyi münasibətilə musiqi məktəbləri arasında keçirilən muxtar respublika müsabiqəsində rayon və Kolanı Kənd Uşaq Musiqi məktəblərinin şagirdləri əhəmiyyətli uğurlar qazanıblar.
Maraqlı bir faktı da qeyd edim ki, rayon uşaq musiqi məktəbi istifadəyə verilərkən burada musiqi alətlərinin təmiri üçün otağın ayrılması bu ucqar dağ rayonunun musiqiçilərini bir sıra çətinliklərdən azad etmişdir. Məktəbin müəllimi Natiq Quliyev illərdir ki, musiqi alətlərinin təmiri ilə yanaşı, həm də yenilərini də hazırlayır. Bütün bunlar isə ümumilikdə, rayonda mədəniyyətin inkişafına hər kəsin öz töhfəsidir.
Yeni, əzəmətli və yaraşıqlı binada Mədəniyyət Şöbəsi, Mədəniyyət Sarayı və Şahbuz Rayon Xalq Teatrının fəaliyyət göstərməsi üçün müasir iş şəraitinin yaradılması, proyektorla təmin edilmiş 224 yerlik tamaşa zalının, dekorasiya otağı, 4 qrim, məşq və paltarsaxlama otaqlarının istifadəyə verilməsi rayonda mədəniyyətin inkişafına əvəzsiz töhfədir. Açılış mərasimində Ali Məclisin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “... Şahbuz rayonunda fəaliyyət göstərən dərnəklər, folklor və yallı qrupları üçün lazımi şəraitin yaradılması imkan verəcək ki, mədəniyyət kollektivləri öz repertuarlarını zənginləşdirsinlər, konsertlər hazırlayaraq rayon ictimaiyyətinə təqdim etsinlər. Həmçinin muxtar respublikada fəaliyyət göstərən mədəniyyət kollektivləri burada konsertlər və tamaşalar hazırlayacaqlar. Bir sözlə, Şahbuz Rayon Mədəniyyət Sarayının istifadəyə verilməsi mədəniyyətimizin qorunub gələcək nəsillərə çatdırılmasına və daha da zənginləşdirilməsinə xidmət edəcəkdir”.
Gözlər önündə hər gün kərpic-kərpic ucalan böyük quruculuq tarixinin ərməğanları, ümumilikdə, rayon sakinlərinə, xüsusilə də gənc nəslə çox məqamları açıqlayır: Dövlətin vətəndaşlarına qayğısını, ucqar yurd yerlərimizə diqqətini, qurulub-yaradılanlarla gündən-günə müasirləşən el-obamızı, bir də bütün yaradılanları olduğu kimi qoruyub saxlamağı, istənilən sahədə böyük uğurlara imza atmağı.
Mətanət MƏMMƏDOVA