22 Dekabr 2024, Bazar

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində ümumtəhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilmiş aksiyada toplanan eksponatların Mədəniyyət Nazirliyinə təqdimetmə mərasimi olub.
Tədbiri Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov giriş sözü ilə açaraq təhsilə göstərilən diqqət və qayğıdan danışıb.
Təhsil naziri vurğulayıb ki, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, tariximizin öyrənilməsi ilə bağlı müxtəlif səpkili tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq ümumtəhsil məktəblərində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında aksiya keçirilib.
Qeyd olunub ki, aksiya təhsil ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb, qədim maddi mədəniyyət nümunələri, o cümlədən şəxsi kolleksiyalarda toplanmış tarixi və bədii əhəmiyyət daşıyan 400-dən artıq eksponat müəllim və şagirdlərimiz tərəfindən toplanaraq bir araya gətirilib. Bunlara toxuculuq məmulatları, məişət əşyaları, təsərrüfat və daş əmək alətləri, pul nümunələri və digər məmulatlar aiddir.
Təhsil naziri bu ənənənin gələcəkdə də davam etdiriləcəyini ­bildirib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxışında qeyd edib ki, muxtar respublikada muzey fondlarının zən­ginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə təkcə muzeylərin əməkdaşları deyil, muxtar respublika vətəndaşları da yaxından iştirak edirlər. Sevindirici haldır ki, son dövrlərdə aksiya xarakteri almış bu tədbirlərdə ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri də fəallıq göstərirlər.
Diqqətə çatdırılıb ki, ötən il muxtar respublika muzeylərinə 1564, bu ilin ilk 4 ayı ərzində isə 571 eksponat daxil olub. 2019-cu ilin may ayınadək, ümumilikdə, 5 eksponat təqdimatı keçirilib.
Vurğulanıb ki, qısa müddətdə 400-dən artıq eksponatın toplanması, bundan başqa, yanvar ayında Muğanlı kənd tam orta məktəbinin müəllim və şagirdləri tərəfindən Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinə 75 eksponatın təqdim olunması, ümumtəhsil məktəblərində zəngin mədəni irsimizin yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı aparılan maarifləndirici tədbirlərin nəticəsidir.
Kəngərli rayon Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin direktoru Dilguşə Qurbanova, Naxçıvan Qızlar Liseyinin IX sinif şagirdi Nərmin Abbasova aksiyanın böyük maraq doğurduğunu və eksponatların toplanmasının mədəni irsimizin qorunması baxımından əhəmiyyətli olduğunu bildiriblər.
Tədbirdə “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilmiş aksiyada fəal iştirak edənlər “Ən fəal təhsil şöbəsi”, “Ən fəal məktəb”, “Ən fəal müəllim” və “Ən fəal şagird” nominasiyaları üzrə diplom və hədiyyə ilə mükafatlandırılıblar. Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə Texniki Yaradıcılıq Mərkəzinin dərnək rəhbəri Natiq Yusifovun ağac üzərində oyma-yanma üsulu ilə hazırladığı portret Cəlil Məmmədquluzadənin ev-­muzeyinə hədiyyə edilib.
Sonda toplanmış eksponatlardan ibarət sərgiyə baxış olub.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR