Xəbər verdiyimiz kimi, Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyi münasibətilə konsert proqramı təşkil edilmişdi. Konsertdə ölkəmizin tanınmış incəsənət ustalarının ifa etdikləri xalq, bəstəkar və estrada mahnıları muxtar respublika sakinləri tərəfindən alqışlarla qarşılanmışdı. Tanınmış müğənnilərimizlə görüşüb, onların təəssüratlarını öyrəndik.
Belə möhtəşəm bir tədbirdə iştirak etməyin ona və bütün həmkarlarına böyük şərəf verdiyini bildirən Əməkdar artist İlqar Muradov dedi:
– Bir naxçıvanlı kimi doğulub boya-başa çatdığım torpaqda olmaqdan çox məmnunam. Xüsusən də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun yaranmasının 15 illiyi münasibətilə keçirilən tədbirdə iştirak etmək mənim üçün qürurvericidir.
Əməkdar artist vurğuladı ki, havanın yağıntılı olmasına baxmayaraq, konsert çox möhtəşəm keçdi. Buraya hər gəlişimdə, hər dəfə belə möhtəşəm konsertlərdə iştirak edəndə mədəniyyət və incəsənətin inkişafına necə həssaslıqla yanaşıldığının, sənətə və sənətkara necə yüksək qiymət verildiyinin şahidi oluram. Yüksək bədii zövqə malik, milli musiqimizin vurğunu olan tamaşaçı kütləsi qarşısında çıxış etmək qürurvericidir.
Azərbaycan Respublikasının Əməkdar artisti Lalə Məmmədova ilə də söhbət etmək imkanımız oldu. Əməkdar artist qeyd etdi ki, bu, Naxçıvana dördüncü səfəridir. Bu torpağı insana sevdirən naxçıvanlıların istiqanlılığı, səmimiliyidir. Mən həmişə qeyd etmişəm ki, Naxçıvanın insanları səmimi, qonaqpərvər, dostcanlıdırlar. Qədim tarixinin, milli-mədəniyyətimizin, adət-ənənələrimizin qorunub yaşadılması buranı mənə sevdirən əsas səbəbdir. Buna görə də artıq 10 ilə yaxındır ki, repertuarımda “Araz üstü şəhərim” mahnısı xüsusi yer alır və bu mahnını bütün konsertlərimdə sevə-sevə ifa edirəm.
Əməkdar artist onu da qeyd etdi ki, Naxçıvanda təşkil olunan konsert proqramına dəvət aldıqda çox sevindim. Çünki ulu öndərin doğulduğu diyarda olmaq, eyni zamanda anadan olmasının ildönümü ilə bağlı təşkil olunan möhtəşəm bir konsert proqramında iştirak etmək mənim üçün bir şərəfdir. Onu da deyim ki, konsert mənə çox ali duyğular yaşatdı. Bilirsiniz, Naxçıvan tamaşaçısı səmimi və tələbkardır. Mən də öz ifam zamanı bu tələbkarlığı bir daha hiss etdim və şükürlər olsun ki, bu günə qədər tamaşaçılardan sevgi görmüşəm. Arzu edirəm ki, bu tədbirlər davamlı olsun, biz də doğma Naxçıvan torpağında öz tamaşaçılarımız ilə tez-tez görüşək.
Təşkil edilən konsertin xalqımızın ulu öndərə sevgi və ehtiramının ifadəsi olduğunu bildirən Xalq artisti Samir Cəfərov vurğulayıb ki, dahi şəxsiyyətin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanımızda bütün sahələr kimi, mədəniyyət sahəsində də böyük nailiyyətlər əldə edilib. Bütün bunlara görə biz görkəmli dövlət xadiminə borcluyuq.
“Ulu öndərin təşəbbüsü ilə mən həm Bakıda, həm də Moskvada təhsil almışam”, – deyən Samir Cəfərov söyləyib ki, dahi şəxsiyyətin ona göstərdiyi etimadı daim doğrultmağa çalışır.
“Mən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq etmək istəyirəm. Çünki məni ümummilli liderə məhz o təqdim edib, bundan sonra isə həyatım 180 dərəcə dəyişib”, – deyən Samir Cəfərov bir naxçıvanlı kimi öz doğma torpağında belə bir əlamətdar tədbirdə iştirak etməyindən qürur hissi keçirdiyini söyləyib.
Konsert proqramında çıxış edən digər müsahibimiz Azərbaycan Respublikasının Əməkdar artisti Abbas Bağırov öz təəssüratlarını bizimlə bölüşərək dedi:
– Belə bir əlamətdar gündə konsert proqramında çıxış etmək üçün Naxçıvandayıq. Göründüyü kimi, konsert möhtəşəmdir və tamaşaçı marağı çox böyükdür. Havanın yağışlı olmasına baxmayaraq, Naxçıvan sakinlərinin bu konsertdə izdiham yaratması ümummilli liderimiz Heydər Əliyevə olan böyük ehtiram və hörmətin ifadəsidir.
Abbas Bağırov qeyd etdi ki, Naxçıvan mənim ən çox sevdiyim diyardır. Buralı olmasam da, Naxçıvanı öz doğulduğum yer qədər sevirəm. Muxtar respublikanın gündən-günə gözəlləşən görkəmi vardır. Bunu hər gəlişimdə hiss edirəm. Hər səfərimdə buradakı təmizlik məni heyran edir. Bu torpağın qonaqpərvər, istiqanlı insanları, gözəl təbiəti və ən çox xoşladığım zəngin mətbəxi vardır. Mən bu diyara hər gəlişimdə buranın mətbəxindən dadmasam, qətiyyən olmaz. Çünki bu torpaqda yetişən məhsulların dadı, ləzzəti bambaşqadır.
Əməkdar artist son olaraq qeyd etdi ki, bu il Naxçıvanda solo konsert keçirməyi planlaşdırır.
“Qaytağı” instrumental ansamblının bədii rəhbəri, Xalq artisti Ənvər Sadıqov söhbətə qoşularaq qeyd etdi ki, uzun fasilədən sonra ilk dəfədir, Naxçıvana gəlirəm. Muxtar respublikada 10 ildən artıq bir müddətdə olmadığımı nəzərə alsaq, Naxçıvanın gözəlləşən görkəminə necə valeh olduğumu təsəvvür edə bilmərsiniz. Burada çox xoş qarşılandıq. Düzdür, hava şəraitinə görə əvvəlcə düşünürdük ki, maraq az ola bilər. Ancaq deyim ki, əsl tamaşaçı izdihamı yaşadıq. Xüsusi vurğulamaq istərdim ki, konsertdə ifa olunan Şərur yallıları bu torpağın qədim və tükənməz mədəni irsinin göstəricisi idi.
Xalq artisti söylədi ki, konsert proqramı çox möhtəşəm və uğurla keçirildi. Arzum budur ki, həmişə belə mötəbər tədbirlərdə və gözəl günlərdə görüşək. Bütün Azərbaycan xalqının ən böyük arzusu odur ki, torpaqlarımız işğaldan azad olunsun və belə tədbirləri Şuşada, Laçında, Xankəndidə – bütün Qarabağda qeyd edək.
Pərviz HACILI
Tural AĞAYEV