Xəbər verdiyimiz kimi, norveçli məşhur xor şefi və müəllimi Per Oddvar Hildre və Azərbaycanın incəsənət xadimlərindən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər. Nümayəndə heyəti Naxçıvan şəhərindəki təhsil və mədəniyyət müəssisələri ilə tanış olub, norveçli dirijor xor kollektivləri üçün ustad dərsi keçib. “Şərq qapısı” qəzeti üçün qonaqların təəssüratlarını öyrəndik.
Per Oddvar Hildre – norveçli musiqiçi, əfsanəvi “Skruk” xorunun dirijoru: – Bir çox illər əvvəl, 1997-ci ildə ilk dəfə ölkənizin paytaxtı Bakıda olarkən İlqar Muradov və Siyavuş Kərimi mənə Naxçıvana hökmən getməyi tövsiyyə etdilər. Onlar mənə bu torpağın Azərbaycanın ən gözəl guşələrindən biri olduğunu və təmiz hava, təmiz su, ən əsası təmizürəkli insanları görmək üçün Naxçıvana səfər etməyi məsləhət bildilər. Mən belə bir imkanı yalnız bu il tapa bildim. Naxçıvana dəvət edildim və gördüyünüz kimi, artıq burdayam.
İlk olaraq havanın gözəl olması mənə çox xoş təsir bağışlayır. Hava limanından enərkən gördüyümüz uca dağlar, yaşıllıq və təmiz şəhər mənə çox gözəl təəssürat bağışladı. Sonra biz konservatoriyaya getdik və burada gözəl mahnı oxuyan gəncləri görmək ürəyimcə oldu.
Bilirəm ki, Azərbaycan yüksək musiqi mədəniyyətinə malikdir. Məsələn, Norveçdə Daş dövründə nəhəng daş baltalar olduğu zamanda Azərbaycanda dahi şairlər və musiqiçilər olub. Mənim üçün böyük şərəfdir ki, bu mədəniyyətlə tanış olum. Bilirəm ki, böyük siyasətçi Heydər Əliyev Azərbaycanda mədəniyyətin inkişafına xüsusi diqqət göstərib. O, musiqi, teatr, rəsm və rəqs sənətinin böyük hamisi olub, özü də bu sənət növləri ilə maraqlanıb.
Düşünürəm ki, dünyanın digər yerlərində yaşayanlar Azərbaycan mədəniyyətini öyrənməlidirlər. Bu, çox vacibdir. Naxçıvanda bizə göstərilən qonaqpərvərliyə görə bir daha minnətdaram. Burada özümü çox xoşbəxt və rahat hiss edirəm. Bir norveçli turist üçün bu, çox böyük hisslərdir.
Siyavuş Kərimi – Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti: – Naxçıvanda yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait var. Mən çox sevinirəm ki, bu gün Azərbaycanın incəsənət xadimləri ilə birlikdə Naxçıvandayam.
Naxçıvana gəlişimizin məqsədi bu qədim diyarın gözəlliyini, onun mədəniyyətinin inkişafını, yüksəlişini yaxından görmək, gələcəkdə muxtar respublikada hər hansı bir beynəlxalq layihənin ərsəyə gəlməsini müzakirə etmək, qarşılıqlı əlaqələri inkişafına nail olmaqdır. Naxçıvan musiqi sahəsində də gözəl sənətkarlar yetişdirən bir diyardır. Bu gün bir çox naxçıvanlı sənətkar Azərbaycan mədəniyyətinin inkişafına öz töhfələrini verir. Biz bir azərbaycanlı kimi bundan böyük qürur duyuruq.
Səfər çərçivəsində biz Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında olduq. Bir musiqiçi kimi oradakı xor kollektivinin ifası mənə çox gözəl təsir bağışladı. Həqiqətən də, Naxçıvanda uşaqların musiqi təhsili olduqca ürəkaçandır, mən o zəhmətkeş müəllimləri ürəkdən alqışlayıram ki, belə istedadlı uşaqları yetişdirib səhnəyə çıxarıblar.
Nazim Kazımov – Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor: – Mən Naxçıvanda dünyaya göz açıb bu torpağın havası, suyu, çörəyi ilə böyümüşəm. İlk musiqi təhsilimi də məhz qədim diyarda fəaliyyət göstərən 1 nömrəli musiqi məktəbində almışam. Müəllimlərim Sahib və Vahid Axundovlardan musiqinin ilkin sirlərini öyrənmişəm. O zamanlar Naxçıvanda ali musiqi təhsili almaq üçün şərait olmadığından Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumuna üz tutdum və təhsilimi orada davam etdirdim. İşimlə əlaqədar Bakıda yaşasam da, ürəyim daim Naxçıvanla döyünüb.
Ötən ilin yaz aylarında qədim diyara ekskursiya edən zaman buranın inanılmaz dərəcədə gözəlləşdiyini, müasir şəraitə malik olduğunu gördüm. Bu il də musiqiçi həmkarlarımla birlikdə Naxçıvana gəlməyi qərara aldıq. Dostumuz, 22 ildir, Azərbaycana gəlib-gedən, bizimlə əlaqəli çalışan norveçli məşhur xor şefi və müəllimi Per Oddvar Hildre eşidəndə ki, Naxçıvana gələcəyik, bizimlə bərabər o da oğuz yurduna səfər etmək istədiyini, təbiətini, tarixi məkanlarını yaxından görmək arzusunda olduğunu bildirdi. Və beləcə, biz Naxçıvana üz tutduq, məqsədimiz isə buranın musiqisi, mədəniyyəti ilə yaxından tanış olmaq, görməli yerlərinə səyahət etmək idi.
Səfər zamanı Naxçıvanda musiqi mədəniyyətinin, təhsilin necə böyük sürətlə inkişaf etdiyinin şahidi olduq. Musiqi sahəsinə dərindən bələd olan biri kimi deməliyəm ki, burada 27 musiqi məktəbinin, musiqi kollecinin və konservatoriyanın, filarmoniyaların, ansamblların fəaliyyət göstərməsi, hər il yüzlərlə tələbənin musiqi təhsilini başa vuraraq musiqiçi kadr kimi yetişməsi böyük bir zəhmətin nəticəsidir. Rəhbəri olduğum kollecdə də çalışan naxçıvanlılar var. Mən hər zaman onlarda incəsənətə, musiqiyə olan marağı, bu sahələr üzrə qeyri-adi istedadı gördükcə ürəyim dağa dönür.
Bu yurdun övladı kimi bütün bu gözəlliklər məni inanılmaz dərəcədə sevindirir. Səfər müddətində Naxçıvanın gəzməli yerlərini, tarixi abidələrini də doyunca gəzib, norveçli dostumuza da gözəl, xoş anlar bəxş etmək niyyətindəyik. İnanıram ki, gələcəkdə bu diyara tez-tez üz tutacağıq.
Rauf Babayev – “Qaya” ansamblının üzvü: – Naxçıvan mənə çox doğma və əzizdir. Mənim anam burada dünyaya göz açıb, nənəm burada yaşayıb, uşaqlıq çağlarım Naxçıvanda keçib. Həqiqətən də, doğru deyirlər ki, uşaqlıq illərində yaşananlar hər zaman insanın yaddaşında qalır, o illərdə olanları unutmaq olmur. Yaxşı yadımdadır, həmin illərdə nənəm bizə təndir çörəyindən pendir dürməyi tutar, dadlı pomidorla yeyərdik. Nənəmgil Bakıya gələn zaman mənə mütləq həmin təndir çörəklərindən, tamlı Naxçıvan pendirindən gətirərdilər, indi burada olarkən həmin nostalji duyğuları yenidən yaşadım.
Onu da deyim ki, ötən əsrin 70-80-ci illərində bir dəfə “Qaya” ansamblının üzvü kimi Naxçıvanda olmuşam. Sonralar mən 9 uşaqdan ibarət “Bəri bax” ansamblını yaratdım, müstəqillik illərində həmin kollektivlə dünyanın bir sıra ölkələrində konsertlər verdik. Həmin kollektivin repertuarına görkəmli bəstəkar Məmməd Məmmədovun bəstələdiyi Naxçıvanla bağlı gözəl bir mahnı da daxil etmişdik. Səhv etmirəmsə, 2000-ci ilin əvvəllərində qədim diyara üz tutan zaman da həmin ansambl o mahnını ifa etmişdi.
Onu da xüsusilə qeyd edim ki, budəfəki gəlişimdə diqqətimi çəkən ən mühüm cəhətlərdən biri də ayrı-ayrı təşkilatlarla yanaşı, insanların da təmizliyə, səliqə-sahmana xüsusi fikir vermələri oldu. Bildiyimiz ki, yaradıcı insanlar, sənətə bağlı olanlar üçün sakit yerdə öz düşüncələrinlə baş-başa qalmaq ən gözəl duyğudur. Həzin küləyin təsiri ilə yarpaqların asta templə əsməsi, quşların cəh-cəh səsləri, suyun şırıltısı insana sanki vücudunu titrədən lirik bir musiqi təsiri bağışlayır. Sevinirəm ki, mən Naxçıvanda o lirikliyi, rahatlığı, ruhumun dincəldiyini hiss edə bildim. Səfər çərçivəsində Naxçıvanın gəzməli yerlərində də olacağıq, inanıram ki, bundan sonra tez-tez bu diyara gələ biləcəyəm.
Nail ƏSGƏROV
Tural AĞAYEV