Xalq mədəniyyəti Azərbaycan folklorunda əhəmiyyətli yerə malikdir. Bu yaradıcılıq xalqa məxsus, məlum qayda-qanunları olan, dövrdən-dövrə ötürülən tükənməz dəyərlər məcmusudur. Xalq yaradıcılığımızın öyrənilməsi sahəsində folklorşünaslığımızda müəyyən işlər görülməsinə baxmayaraq, bu sahədə müəyyən məsələlər hələ də yetərincə tədqiq edilməyib. Bəzi xalq yaradıcılığı örnəklərində qədim inanc sistemləri və milli mədəniyyətimizin ayin və rituallarına dair icra tərzini Naxçıvanda yeni bir formada, çox vaxt da islami dəyərlərlə icrasını müşahidə edirik. “Naxçıvanda bayram mərasimləri” adlı yeni nəşr olunmuş monoqrafiya bayram və mərasimlər vasitəsilə ulu soykökümüzün dünyagörüşünü, milli təfəkkür tərzini öyrənmək baxımından əhəmiyyətli mənbədir. Yeni nəşr folklor və etnoqrafiyamızı oxuculara daha geniş kontekstdə təqdim edir.
Folklorşünas Elxan Yurdoğlu və tarixçi-etnoqraf Asəf Orucovun birgə ərsəyə gətirdikləri bu əsər bir çox xalq yaradıcılığı məsələlərini aydınlaşdırmaq baxımından böyük əhəmiyyət kəsb edir. Monoqrafiya bayram və mərasimlərin Azərbaycanın şifahi yaradıcılıq mədəniyyətindəki yerini müəyyənləşdirmək nöqteyi-nəzərindən, həmçinin bu problemi müasir dövrün baxış bucağıyla dəyərləndirmək baxımından da fundamental elmi dəyər kəsb edir. Təqdim edilən mərasim və rituallar ümumazərbaycan kontekstində Naxçıvanın milli-mənəvi dəyərlərinin kulturoloji, fəlsəfi, filoloji, etnoqrafik tədqiqinin zəruriliyini də ortaya çıxarır.
Xalq yaradıcılığı örnəklərini, etnoqrafik məhsulları toplamaq və araşdırmaq üçün onları sinifləndirmək barədə ciddi biliyə malik olmaq zəruridir. Müəlliflərin bu mövzuda zəngin elmi məlumatlılığı hər bir mərasim və ritualın, xalq yaradıcılığı örnəklərinin təqdimatında duyulmaqdadır. Ümumiyyətlə, kitabın təqdirəlayiq məziyyətlərindən biri Naxçıvanın bayram və mərasimlərinin, həm Azərbaycan, həm də Türk dünyasının xalq yaradıcılığı sahəsindəki əhəmiyyətini müəyyənləşdirməkdir və bu işin öhdəsindən layiqincə gəlinib.
Folklor və etnoqrafiyanı daha geniş sahədə tədqiq etməyə çalışan müəlliflərin həm ekspedisiyalar zamanı, həm də fərdi şəkildə topladıqları nümunələr monoqrafiyanın elmi əhəmiyyətini yüksəldir. Qeyd etmək lazımdır ki, müasir folklor dünyasına fərdi baxış çağdaş folklorun araşdırılması baxımından xüsusi maraq doğurur.
Araşdırmalar folklor və etnoqrafiyanın ayrılmaz sahələr kimi öyrənilməsinin vacibliyini gündəmə gətirir. Alimlər haqlı olaraq özünəməxsus araşdırma ənənəsi ilə Naxçıvanın müxtəlif regionlarından topladıqları və araşdırmaya cəlb etdikləri mərasim və ayinləri ayrı-ayrılıqda nəzərdən keçirir, onların fərqli cəhətlərini müəyyənləşdirir, bu nümunələri etnik şüurun məhsulu kimi təqdim edirlər. Müəlliflər həm də mərasim folkloru sahəsində maraqlı nümunələri təqdim etməklə Naxçıvan əhalisinin mənəvi, etik-estetik dəyərlərini aşkar etmiş olurlar.
Oxuculara təqdim olunan bu monoqrafiya giriş və 4 fəsildən ibarətdir. I fəsildə mövsüm dəyişikliklərilə əlaqədar icra olunan mərasimlər təsvir edilir. Bu təsvirlərin köməyi ilə anlaşılır ki, bu gün ənənə şəklində yaşayan və hələ də icra edilən mərasimlərə ilahiləşdirilmiş qüvvələrə olan etiqadların məhsulu kimi də yanaşmaq mümkündür. Xalqımızın milli-mənəvi dəyərlərindən olan Novruzun mənşəyi, onun keçmişdə və hazırda icrasının təsvirinin verilməsi bayramın məhz Azərbaycan türklərinə məxsusluğunu bir daha təsdiqləyir.
Məlum olduğu kimi, su kultu ilə bağlı qədim türklərdə müxtəlif su bayramları keçirilərmiş. Mərhum etnoqraf-alim Hacı Qadir Qədirzadənin haqqında məlumat verdiyi, əlavə olaraq araşdırıcı Asəf Orucov tərəfindən tədqiq edilən “Susəpən mərasimi” qədim türklərin mənəvi həyatının növbəti xüsusiyyətini təsvir edir. Bu mərasimin təsviri etnosun suya olan inamının arxaik köklərini aşkara çıxarmağa kömək edə bilər.
Naxçıvanda icra olunan çillə mərasimləri, çərşənbələr, xüsusilə Ordubad bölgəsində “Yeddiləvin” adlandırılan İlaxır çərşənbəsi maraqlı ayinlər kimi diqqəti cəlb etməkdədir. Novruzda, əsasən, Ordubad ərazisində icra olunan “Xanbəzəmə” mərasimi Naxçıvanda, ümumən, Azərbaycanda Novruz bayramının zirvəsi kimi dəyərləndirilməlidir. Yeni tədqiqat əsərindən gəlinən qənaət budur ki, bu mərasimlər xalqımızın dünyayabaxışı, mənəvi aləmi ilə əlaqədar yaranıb, türkün mədəniyyət simvoluna çevriliblər.
II fəsildə Naxçıvan əhalisinin təsərrüfat və ailə məişəti, həyat tərzi ilə bağlı yaranan ayin və mərasimlərin təsviri özünə yer alıb. “Çömçəxatun”, “Müsəllaya çıxma”, “Xırmanüstü”, “Köç” kimi mərasimlər ulu əcdadlarımızın arxaik düşüncəsinin məhsulu kimi bu gün də Naxçıvanın bəzi bölgələrində qorunub saxlanılmışdır. Yağışı kəsmə və ya yağışyağdırma niyyətilə icra olunan “Çömçəxatun” və “Müsəllaya çıxma” kimi mərasimlər bu gün də məişətə aid mənəvi-əxlaqi detalları mühafizə etməkdədir.
İnsanların kollektiv əməyini ifadə etmək baxımından yaddaşlarda qorunan “Xırmanüstü” mərasimi Naxçıvan əhalisinin yaşam tərzini ifadə etmək nöqteyi-nəzərindən dəyərlidir.
Monoqrafiyanın III fəsli Naxçıvanda icra olunan ailə-məişətlə bağlı mərasimləri özündə əks etdirir. Burada müəlliflər məişət mərasimləri və onlarla əlaqəli yaranan poetik nümunələri də təqdim ediblər. Fəsildə həm toy, həm də yas adətlərini özündə ehtiva edən ayin və mərasimlərin icrasının təsviri verilib. Hazırda müasir elementlərin folklorun digər nümunələrinə təsiri kimi, mərasim adətlərinə də təsiri qaçılmazdır. Kitabda mərasimlərlə bağlı təsviri verilmiş müasir elementlər fikrimizi sübut etməkdədir.
IV fəsildə Naxçıvanda icra olunan dini bayram və mərasimlərə diqqət çəkilir. Dini mərasimlər dedikdə, ilk növbədə, təsəvvürdə Qurban bayramı, Orucluq mərasimi, Məhərrəm ayının mərasimləri canlanır. Monoqrafiyada bu barədə əhatəli təsvirlər verilib. Etnoqrafik müşahidələr göstərir ki, İslam dininin güclü olduğu dövrlərdə belə, qədim inamlarla bağlı rituallar yaddan çıxmayıb, əksinə, onlar dinlə qarşılıqlı formada inkişaf edib. Müəlliflərin gəldiyi qənaət budur ki, ümumən, Azərbaycanda qeyd olunan, islami əxlaq və dəyərləri yaşadan dini bayram və mərasimlərin icra edilməsində qədim türk mifologiyasının izlərini aşkarlamaq mümkündür.
Naxçıvanın bayram və mərasimlərinin yaranış və inkişaf xüsusiyyətlərini özündə əks etdirən bu monoqrafiya bu gün də qorunub saxlanılan mənəvi-əxlaqi dəyərlərin ictimai və estetik mahiyyətini aşkara çıxarmaq baxımından təqdirəlayiqdir.
Aytən CƏFƏROVA
filologiya üzrə fəlsəfə doktoru