Azərbaycan xalq təqvimində qış üç hissəyə bölünür: 22 dekabr-30 yanvar – Böyük çillə, 31 yanvar-19 fevral – Kiçik çillə və 20 fevral-21 mart – Boz ay (Çillə beçələr). Dekabr ayının 22-si qışın başlanğıcıdır. İnsanlar qışın girməsini təmtəraqla, bayram əhval-ruhiyyəsi ilə qarşılayıblar. Yanvar ayının 31-də isə Kiçik çillə girir. Bu zaman deyirlər ki, qışın üçdə ikisi gedibdir. Çünki Kiçik çillə çıxdıqdan sonra Boz ay (bayram ayı) başlayır. Ata-babalarımız Kiçik çillənin girməsini Səddə bayramı ilə daha təmtəraqla keçirərmişlər. Bu bayram haqqında günümüzədək çox az məlumat çatmışdır. Dahi Nizami Gəncəvinin “İsgəndərnamə”əsərində bu bayramın yalnız adı çəkilir:
Novruz ilə Səddə bayramlarında
Ayinlər yenidən olurdu bərpa.
Yaşlı insanların söylədiyinə görə, Səddə bayramı Novruza 50 gün qalmış keçirilirdi. Maraqlıdır ki, bir çox bayramlarımızın keçirilmə ssenarisində tonqal qalanması ənənəsi mühüm yer tutub. Bizə çatan məlumatlara görə, Səddə bayramında kənd meydanında ümumi tonqal yandırılar, tonqal ətrafında əl-ələ tutub kütləvi rəqs edər, “Novruza əlli, biçinə yüz əlli gün qaldı”, – deyərdilər.
Digər tərəfdən biçinə 150 gün qalması da Naxçıvanla bağlıdır. Azərbaycanın taxılçılığın daha çox inkişaf etdirildiyi aran zonasında taxıl biçininə iyunun əvvəllərində, yəni Səddə bayramından 120 gün keçmiş, Naxçıvanda isə iyunun axırında – Səddə bayramından 150 gün sonra başlanılır. Bəzi etnoqraflar “Səddə” sözünün “sədd” sözündən yarandığını, qış ilə yay arasında tonqaldan sərhəd çəkməyə işarə olduğunu söyləyirlər. Qədim tarixə malik Səddə bayramında yandırılan tonqal “xoşbəxtlik tonqalı”, “uğurluluq tonqalı” da adlandırıla bilər. Ümumiyyətlə, sonrakı çərşənbələrdə od qalanması insanların odu, istini arzulaması ilə bağlıdır.
Etnoqrafik yaddaşımıza nəzər salarkən görürük ki, çərşənbələr, eləcə də həmin vaxta təsadüf edən bir çox bayramlar ayrı-ayrı təqvim tarixlərində qeyd olunurmuş. Mənbələrdə göstərilir ki, Səddə bayramı kimi “dörd çərşənbə”nin də qeyd edilməsi qədimdir. Bir çox tədqiqatçılarda yalnız dörd çərşənbə izahına rast gəlinir. Folklorşünas Bəhlul Abdullanın 1989-cu ildə “Kommunist” qəzetində dərc olunan “Novruz gəlir” məqaləsində maraqlı bir qeyd var: “Boz ay çillə beçələrə bölünür. Etiqada görə, çərşənbələrdən birinci üçünə “oğru buğ” (oğru üskü), ikinci üçünə “doğru buğ” (doğru üskü), sonuncuya isə “ilaxır çərşənbə” deyilir. Əslində, bu bölgü Boz aya yox, Kiçik çillənin girdiyi gündən Novruza qədər olan dövrə aiddir. Və belə qənaətə gəlirik ki, ata-babalarımız dörd yox, yeddi çərşənbəni bayram kimi qeyd ediblər. İlk oğru buğ (çərşənbə) yanvarın 31-dən fevral ayının 6-na kimi olan dövrü əhatə edirmiş. Amma bütün hallarda Novruza qədər çərşənbələrin sayı yeddi olurmuş. Lakin axır çərşənbə martın 13-dən 20-nə kimi fərqli günlərə düşür”.
Bəhlul Abdulla sonra qeyd edir ki, bu çərşənbələrin hər birinin ayin və mərasimləri vardır. Məsələn, torpağa dəyən ilk oğru buğda (Kiçik çillənin ilk çərşənbəsində) adamlar tonqal üstündən tullanmaqla yanaşı, düzəltdikləri lopanı alışdırıb üç dəfə ev-eşiyin ətrafına dolanaraq “qaçın-qaçın şeytanlar, sizi oda qalaram”, – deyərmişlər. Ayinə görə “şər qüvvələr” qorxub qaçarmışlar.
Kiçik çillə dövründə keçirilən mərasimlərdən biri də “Xıdır Nəbi”dir. Buna bəzən “Xıdıra-xıdır” da deyirlər. Xıdır Nəbi mərasimi haqqında bir çox etnoqraflar geniş məlumat veriblər. Naxçıvanda Xıdır Nəbi bayramı müxtəlif vaxtlarda, bəzi kəndlərdə isə bir neçə dəfə keçirilir. “Azərbaycan etnoqrafiyası” kitabındakı “Novruz bayramı” məqaləsində Kiçik çillənin (fevralın) birinci ongünlüyünün “Xıdır Nəbi” adlandırıldığı, bu dövrün qışın ən sərt, çovğun-boranlı keçdiyi qeyd edilir. “Xıdır girdi, qış girdi, Xıdır çıxdı, qış çıxdı” atalar sözü də məhz buradan yaranıb.
Xıdırın yaşıllıq, bahar hamisi olan Xızırla və əksər xalqlarda su, yağış, çay, dəniz hamisi kimi tanınan İlyasla da əlaqəsi olduğu qeyd edilir.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, bir çox hallarda Xıdır və Xızır sözləri arasındakı oxşarlıq çaşqınlıq yaradır. Xıdır Nəbi bilavasitə Kiçik çillənin ilk ongünlüyündə keçirilən xüsusi mərasimlə bağlı olduğu halda, Xızır, dediyimiz kimi, yaşıllıqla, baharla bağlıdır. Əslində isə bunların bir-biri ilə heç bağlılığı yoxdur. Etnoqraf Asəf Orucov da “Xalq təqvimi” kitabında qeyd edir ki, Xıdır Nəbi mərasiminin su və yaşıllıqla heç bir əlaqəsi ola bilməz. Naxçıvanın dağlıq bölgələrində bu dövrdə bir metrə qədər qar olur. Deməli, fevral ayında keçirilən Xıdır Nəbi bayramı ilə mayda keçirilən Hıdır-Ellezi qarışdırmaq o qədər düzgün olmazdı. Müəllif sonra qeyd edir: “Təkcə Azərbaycan türkləri deyil, digər türk xalqlarında da bu bayram qeyd edilir. Anadolu türklərində bayram “Hıdır-Ellez” adı ilə may ayının 6-da, Balkanlardakı müsəlman-türk xalqları arasında isə aprel ayının üçüncü ongünlüyündə keçirilir. Türkiyənin İqdır bölgəsində isə Xıdır Nəbi bayramı Naxçıvanda olduğu kimi fevral ayında qeyd edilir”.
Naxçıvan şəhəri və ətraf kəndlərdə Xıdır Nəbi Kiçik çillənin ikinci cümə axşamı və ya Kiçik çillənin yarı olmasına yaxın olan cümə axşamı keçirilir. Babək rayonunun əksər kəndlərində isə Xıdır Nəbi Kiçik çillənin yarısına yaxın çərşənbə axşamı (eynilə çərşənbələr kimi) qeyd edilir. Mərhum professor, folklorşünas Məhərrəm Cəfərli çərşənbə günü keçirilən bayramı “bəy”, cümə axşamı keçiriləni “rəiyyət Xıdır Nəbisi” adlandırırdı.
Xıdır Nəbinin keçirilmə mərasimi, demək olar ki, hər yerdə oxşardır. Adətən, Xıdıra yay dövründən hazırlıq gedir. Çətənə, küncüt, fındıq, şabalıd, noxud, püstə, badam, cəviz, ərik dənəsi, qarpız toxumu tədarük edilər və Xıdır günü qovurulardı. Qovurğanın əsasını isə buğda təşkil edir. Qovurğa qarışığına kişmiş, mövüc, iydə, tut qurusu, xurma qarışdırılır, əsasən, ağ, yumşaq növ buğdadan hazırlanır. Qovurğa dəstərdə (kirkirə, əl daşı) çəkilir və ya dibəkdə döyülür, qovut hazırlanır. Qovut uzaq səfərə gedən adamlar üçün çörəyi əvəz edən yol azuqəsi kimi də istifadə edilərdi. Qovut axşam pəncərə qabağında sərili qoyulardı ki, gecə Xızır Peyğəmbər qovuta əlini və ya çəliyini vursun. Quru halda qovutu yemək çətin olduğu üçün onu yoğurarlar. Qovut yoğurmaq üçün, əsasən, doşabdan istifadə edirlər. Doşabı bal ilə də əvəz etmək olar. Heç biri olmadıqda isə şəkər şərbəti hazırlayıb şərbətlə yoğururlar.
Göründüyü kimi, xalq təqviminin mühüm mərhələsini təşkil edən bayramlarda fərqli ayinlər icra olunub və onların bir çoxu günümüzdə yaşamaqdadır.
Zaleh NOVRUZOV