Dünən Naxçıvan Dövlət Film Fondundakı muzeyə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, uzun illər Naxçıvan televiziyasının kinooperatoru işləmiş Ənvər Rəhimov tərəfindən 25 ədəd müxtəlif kino avadanlığı təqdim olunub. 1963-1985-ci illərdə istehsal edilmiş kinokamera, videokamera, səsyazma aparatı, obyektiv, eksponometr, videokaset və digər avadanlıqlar vaxtilə Naxçıvan televiziyasında müxtəlif film və başqa çəkilişlərdə istifadə edilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da kino sənətinin inkişafına böyük diqqət və qayğı göstərilir. Muxtar respublikamızda Dövlət Film Fondunun fəaliyyət göstərməsi də bu qayğının daha bir nümunəsidir. Fondun ən maraqlı guşələrindən biri də burada yaradılmış kiçik kino muzeyidir. Bu gün Naxçıvan televiziyasının veteran operatorlarından biri olan Ənvər Rəhimov tərəfindən hədiyyə olunan kino avadanlıqları Naxçıvan Dövlət Film Fondunun muzeyində televiziya və kino sənəti tariximizi yaşadan qiymətli eksponat kimi yer alacaqdır.
Nazir Naxçıvan Dövlət Film Fonduna hədiyyə etdiyi eksponatlara görə Ənvər Rəhimova minnətdarlığını bildirib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Əliyev, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Rövşən Hüseynov və başqaları çıxış ediblər.
Sonra Ənvər Rəhimov çıxış edərək deyib ki, bu kino və video avadanlıqlarını fondun muzeyinə təhvil verməkdə məqsədi gənc nəslə televiziya sahəsindəki inkişafı müqayisəli şəkildə çatdırmaqdır.
Tədbirin sonunda Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova diyarımızda mədəniyyətə, incəsənətə göstərdiyi böyük diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə mədəniyyət işçiləri adından minnətdarlığını bildirib.
Əli RZAYEV