Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı görkəmli yazıçı və dramaturq Sabit Rəhmanın “Yalan” komediyasını Ordubad Rayon Mədəniyyət Sarayında rayon ictimaiyyətinə təqdim edib.
Komediyanın konfliktini dərin fəlsəfi köklü, ictimai mahiyyətli yalan kateqoriyası təşkil edir. Dramaturq əsərdə yalanın mahiyyətini ayrı-ayrı simvolik-realistik obrazlarla açır. Müəllif yalan dünyasını mücərrəd deyil, istehsalat prosesində, insanların fəaliyyətində və münasibətlərində ortaya çıxan real varlıq şəklində səhnəyə gətirir. 15-ə qədər personaj və obrazın iştirak etdiyi tamaşa maraqlı gülüşdoğuran vəziyyət və dialoqlarla zəngindir.
Xalq teatrının yeni tamaşasının rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Günəş Ağayeva, quruluşçu rejissoru Nadir Məhərrəmov, rəssamı Hikmət Əliyev, musiqi tərtibatçısı Qasım Rəsulovdur.
Ordubad Rayon Xalq Teatrının yeni tamaşası rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov kollektivi təbrik edib və uğurlar arzulayıblar.
Əli RZAYEV