22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda İran İslam Respublikasının tanınmış incəsənət xadimi, Tehran Universitetinin professoru, ­nəqqaş-xəttat Qulamrza Rahpeymanın “Bir rəssamın yaradıcılıq yolu” adlı rəsm sərgisi açılıb.

 Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva tədbirdə çıxış edərək deyib ki, İran və Naxçıvan arasında qarşılıqlı mədəni əlaqələr inkişaf edir. Xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında memarlıq, xalq yaradıcılığı nümunələri, ədəbiyyat və rəssamlıq kimi sənət növləri mühüm rol oynayır. Bu sahədə həyata keçirilən birgə layihələr daha da genişlənir. Bu gün İran İslam Respublikasının tanınmış incəsənət xadimi Qulamrza Rahpeymanın rəsm sərgisinin açılışına, eləcə də İranda kalliqrafiya sənətinə dair yazdığı kitabın təqdimat mərasiminə yığışmışıq. Belə müştərək tədbirlər mədəniyyətlərimizin yaxınlaşmasına daha bir zəmin yaradır. İnanıram ki, bu gün ekspozisiyada nümayiş etdirilən “işarələrin ekspressiv, harmonik və incə zövqlə tərtibatı incəsənəti” adlandırılan, İslam aləmi tərəfindən mənimsənilib istifadə edilən, ərəb hərflərinin müxtəlif formalarda yazılması ilə meydana gələn yazı sənəti xəttatlıq və ya kalliqrafiya nümunələri insanların zövqünü oxşayacaq. 

Tədbirdə İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom, Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Yadigar, İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun mədəniyyət attaşesi Məhəmmədrza Pakravan çıxış edərək ölkələr arasında mədəni əlaqələrin əhəmiyyətindən danışıblar. Çıxışlarda qeyd olunub ki, iranlı rəssam Qulamrza Rahpeymanın əsərlərindən ibarət sərginin keçirilməsi Naxçıvanda incəsənətə, mədəniyyətə verilən dəyərin bariz nümunələrindəndir.
Sərginin müəllifi, rəssam Qulamrza Rahpeyman yaradıcılığına verilən yüksək dəyərə görə minnətdarlığını bildirib.
Sonra incəsənət xadiminin “İranda kalliqrafiya və kitab sənəti” adlı kitabının təqdimatı keçirilib, sərgiyə baxış olub.
Sonda rəssam xəttatlıq nümunəsinin necə yaranmasını canlı olaraq tədbir iştirakçılarına təqdim edib.
Qeyd edək ki, rəssamın ekspozisiyada düşüncə, duyğu və emosiyalarını ifadə edən kufi və digər xətt növlərində işlənmiş 40 əsəri nümayiş etdirilir. Sərgi bir həftə davam edəcək.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR