Məlum olduğu kimi, bu il oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov“Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Bu sərəncam böyük sənətkarın irsinə göstərilən qayğının ifadəsi olmaqla bərabər, həm də rəssamın həyat və yaradıcılığının daha geniş tədqiq olunmasına, onun ictimai mühitdə tanınmasına imkan verib. Elə biz də bu məqsədlə bir çox azərbaycanlı sənətkarların yaradıcılığını tədqiq edən, onlarla bağlı araşdırmalar aparan sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevə müraciət etdik və görkəmli rəssamın həyat və fəaliyyətindən danışdıq:
– Ziyadxan müəllim, ilk olaraq sizə belə bir sual vermək istərdim: İbrahim Səfiyev kimdir və onun yaradıcılığını necə xarakterizə edərdiniz?
– Əvvəlcə onu qeyd etmək istərdim ki, İbrahim Səfiyev taleyin amansız hökmü ilə Vətəndən uzaqda ömür sürməyə məcbur olmuş məşhur rəssamlarımızdandır. Müstəqillik illərində mətbuatda bu rəssam haqqında bəzi yazılar çap olunsa da, geniş ictimaiyyət onun varlığından, əsasən, xəbərsiz olub. Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2018-ci il 17 oktyabr tarixli Sərəncamı ilə görkəmli Azərbaycan rəssamı İbrahim Səfinin (İbrahim Qafar oğlu Səfiyevin) 120 illiyinin qeyd olunması onun yaradıcılığına göstərilən diqqət və ehtiramın ifadəsidir.
1898-ci ildə Şərur rayonundakı Cəlilkənddə doğulan İbrahim 3 yaşında atasını itirib. Həyatı çətinliklərlə dolu olub. Əvvəlcə kənddə ilk ibtidai təhsilini alıb, sonra isə İrəvan Müəllimlər Seminariyasında oxuyub. Təsviri sənətə uşaq yaşlarından maraq göstərib. Bu həvəsi onda görən qohumu, eyni zamanda seminariyada onunla birgə oxuyan Əkbər Kazımbəyovun İbrahimin gələcək yolunun istiqamətləndirilməsində müəyyən rolu olub. Bu iki qohum 1913-cü ildə rəssamlıq təhsili almaq arzusu ilə Moskvaya yollanıb və orada Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq Məktəbinin hazırlıq şöbəsinə daxil olublar. İbrahimin müəlliminin adını bilməsək də, Əkbərin məşhur “Qara kvadrat”ın müəllifi Kazimir Maleviçin sinfində oxuması məlumdur. Ola bilsin ki, İbrahim Səfiyev də elə bu məşhur sənətkardan dərs alıb. Moskvadakı təhsil dövründə İbrahim Səfiyev müxtəlif sənət qruplarının üzvləri ilə tanış olmuş və onlarla yaxından əməkdaşlıq etmişdir. Lakin I Dünya müharibəsinin başlanması, Rusiyada baş verən inqilabi hadisələr onu Naxçıvana qayıtmağa məcbur etmişdir. Ancaq o, burada qala bilmir və 1921-ci ildə İstanbula gedir. İbrahim Səfiyev İstanbulda Gözəl Sənətlər Akademiyasına qəbul olunur, burada tanınmış rəssam Namiq İsmayıldan dərs alır. Sənətdə ilk uğuru o olur ki, həmin ildə də çəkdiyi kompozisiyaya görə Avropa müsabiqəsinin mükafatını alır. 1923-cü ildə isə təhsilini tamamlayır. 1924-cü ildən etibarən sərgilərdə iştirak etməyə başlayır. İkinci Dünya müharibəsinin başlanması ilə hərbi xidmətə çağırılan rəssam orduda qulluğunu tamamladıqdan sonra həmişəlik İstanbulda məskunlaşaraq həyatını sənətə bağlayır. Türk rəsm sənəti tarixində özünəməxsus fəaliyyəti ilə tanınan rəssam həyatı boyu bir çox Avropa ölkələrində yaşamış, fərdi sərgiləri təşkil olunmuşdur. Rəssam 1983-cü il yanvar ayının 4-də yüzüncü fərdi sərgisinin açılışı keçirildikdən sonra axşam saatlarında İstanbulda vəfat etmişdir.
Rəssamın yaradıcılığına gəldikdə isə İbrahim Səfiyevin bədii irsi çox zəngindir. O, rəngkarlığın ən müxtəlif janrlarında əsərlər işləmişdir. Azərbaycan, rus və dünya boyakarlığının bədii ənənələrinə yaxından bələd olduğunu rəssamın əsərlərindən də aydın duymaq mümkündür. Rəssamın realist üsluba üstünlük verməsinin səbəbini isə özünün yazdıqlarından daha yaxşı bilmək olar: “Mənim sənət anlayışım rəssamlıqda gözəllik axtarmaq və gözəllik yaratmaqdan ibarətdir. Mən gözəlliyi bəyənirəmsə, başqasına da bunu bəyəndirməyə çalışıram. Sənət xalqa uymalıdır, insanların anlayacağı şəkildə yaradılmalıdır. Mən rəssamlıqda gerçəkçiyəm, portağal çəkirəmsə, yuvarlaq çəkirəm, amma modernist onu künclü-bucaqlı çəkir...”
– İstərdik rəssamın Türkiyə incəsənətinin inkişafındakı rolundan da bəhs edəsiniz.
– İbrahim Səfiyev Türkiyənin sayılıb-seçilən rəssamlarından olub. Onun müxtəlif illərdə ölkənin ən iri şəhərlərində təşkil edilən fərdi sərgiləri də buna sübutdur. Rəssam müxtəlif janrlı rəsmlərində daha çox realist üsluba üstünlük versə də, onun mənzərə və natürmortlarında mütərəqqi Avropa rəssamlığı ənənələrinə rəğbəti hiss olunmaqdadır. Bunu onun həmin janrda çəkdiyi əsərlərinin şux koloriti, gözoxşayan rəng keçidləri də təsdiqləyir. Bu tablolarda təbiətdəki gözəllik qaynaqlarını üzə çıxarmaq, görünənləri duyğulandırıcı bədii tutumda təqdim etmək istəyi qabarıq duyulmaqdadır. Bununla bərabər, rəssamın portret janrında işlədiyi əsərlərdə insan psixologiyasına dərindən bələdliyi də hiss olunur. Məsələn, kamançaçı Hafizə həsr etdiyi kompozisiya çox təsirlidir. Hiss olunur ki, rəssam onu yaxından tanıyırmış. Kompozisiyada o, qoca musiqiçini dörd müxtəlif vəziyyətdə təsvir etməklə yanaşı, onları sənətkarın ömür yolunun gündəlik qayğılarını xatırladan cizgilərlə əlaqələndirmişdir. Nəticədə, təsirli bir əsər yaranmışdır.
Bunu da qeyd edim ki, İbrahim Səfiyev zamanında Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün portretini işləmiş ilk rəssamlardan biri olmuşdur. Əlavə edək ki, hələ rəssamın sağlığında, elə bu gün də Türkiyədə sənət kolleksiyasında İbrahim Səfiyevin əsəri olmayan kolleksiyaları “kasıb” hesab edirdilər.
– Məlumatlara görə, rəssam həm də 11 il Avropa ölkələrində yaşayıb. Bir çox şəhərlərdə fərdi sərgiləri təşkil olunub. Ümumi olaraq İbrahim Səfiyevin Avropa həyatı və yaradıcılığı haqqında nə deyə bilərsiniz?
– İbrahim Səfiyev, bayaq dediyim kimi, 1923-cü ildə təhsilini tamamladıqdan sonra da dünya ilə tanışlığını davam etdirib, ABŞ-da, Fransada, Avstriyada, İsveçrədə və digər Avropa ölkələrində fərdi sərgiləri təşkil olunub. İki il Almaniyanın Münhen şəhərində yaşayıb, doqquz il isə digər Avropa şəhərlərində – Roma və Vyanada fərdi və qarışıq sərgilərdə iştirak edib. 1967-ci ilə qədər təkcə Marsiliyada onun 8 fərdi sərgisi təşkil olunub. Bu yaxınlarda isə eşitdim ki, görkəmli rəssamın 120 illik yubileyi münasibətilə öz doğma yurdunda – Naxçıvanda sərgisi keçirilib. Burada onun 53 rəsm əsəri sərgilənib. İnandırım sizi, bəlkə də, mərhum rəssamımız özü bu gün sağ olsa idi, əsərləri dünyanı dolaşan, lakin Vətən həsrəti ilə yaşayan həssas, incə ruhlu bir sənət adamı kimi öz doğma yurdunda sərgisinin təşkilinə həyatı boyu keçirilən sərgilərindən daha çox şad olardı.
– Bəs Azərbaycanda rəssamın nə qədər əsəri saxlanılır?
– Hazırda İbrahim Səfiyevin Azərbaycanda on bir əsəri var. İkisini Azərbaycan Milli İncəsənət Muzeyinə rəssamın Bakıda yaşayan yaxın qohumları təqdim ediblər. Qalanları isə vaxtilə mərhum professor Abbas Zamanovun köməkliyi sayəsində Azərbaycana gətirilib və hazırda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır.
Hesab edirəm ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanmış sərəncam Türk dünyasının bu tanınmış rəssamının həyat və yaradıcılığının daha geniş tədqiq olunmasına imkan yaradacaq, onun sənət aləminə hələ tam dolğunluğu ilə məlum olmayan yaradıcılığının toplu halında ictimaiyyətə, sənətsevərlərə təqdim olunmasına, eyni zamanda gələcək nəslə yetərincə tanıdılmasına rəvac verəcək.
– Ziyadxan müəllim, rəssamın əsərlərində Vətən mövzusu öz əksini necə tapıb?
– İbrahim Səfiyev, təbii ki, hər zaman öz yurduna, el-obasına bağlı insan olub. Onun 12 yaşında ikən çəkdiyi ilk rəsm “Araz balıqçıları” əsəridir. Ümumiyyətlə, rəssamın Türkiyədə yaşayıb-yaratdığı dövrlərdə yaradıcılığının bütün nümunələrində yurd sevgisi aydın hiss olunur. “Otel” parkı tərəfdən Bursa görünüşü”, “Anadolu sahilinin görünüşü”, “Qarxana rayonu”, “Sultaniyyə məscidindən bir görünüş”, “Mənzərə” və digər əsərlərində yurda, təbiətə sevgini biz daha aydın görürük.
Bir maraqlı faktı sizə danışacağam. Deməli, sovet dövründə onunla İstanbulda görüşən sənətşünas Rasim Əfəndi rəssamın mənzilinə baş çəkməyə də imkan tapır. O söyləyirdi ki, bir axşam rəssamın mənzilində mən kresloda, o isə çarpayısının üstündə oturmuşdu. Sənətşünas xüsusi olaraq vurğulayırdı ki, əvvəlcə onun mənimlə qonaq otağında yox, yataq otağında danışmağa qərar verməsinin fərqində olmamışdım. Mən bunun səbəbini yalnız az sonra biləcəkdim... Vaxtımız az olduğundan İbrahim Səfiyev nəfəsini dərmədən danışır və soruşurdu. O, çox şeylərlə maraqlanırdı. Mən də mümkün qədər uzaq-yaxın tariximizlə, mədəniyyətimizlə bağlı suallarına cavab verməyə çalışırdım. Tez-tez qəhərlənirdi, elə hey “Darıxıram, onun üçün darıxıram! Bircə dəfə hüsnünü görsə idim, rahat ölərdim...” sözlərini dilə gətirirdi. Mən dözməyib ondan soruşdum: “İbrahim bəy, kimin xiffətini çəkirsiniz?” Bu zaman o, əllərini bərk-bərk sıxdığı başından aralayıb arxasındakı divara, oradan asılmış tabloya tuşladı və dedi: “Onun! Onun!” Başımız söhbətə bərk qarışdığından və otaq da bir az qaranlıq olduğundan divardakı rəsmə yalnız indi diqqət yetirdim. Bu, İbrahim Səfiyevin qürbətdə çəkdiyi “Haçadağ” əsəri idi...
Ümumi olaraq isə, qənaətim budur ki, İbrahim Səfiyev, sözün həqiqi mənasında, Türk dünyasının böyük rəssamıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qeyd etdiyimiz sərəncamı bu böyük insanı bir daha hər kəsə tanıtdı. Bu da onun göstəricisidir ki, Naxçıvanda yaradıcı insanlara, sənət adamlarına böyük dövlət qayğısı göstərilir. Bu, bütövlükdə, mədəni irsimizə göstərilən böyük dövlət qayğısıdır, incəsənətin gələcək inkişafına töhfədir.
– Ziyadxan müəllim, söhbət əsnasında görkəmli rəssam İbrahim Səfiyevin nə qədər qüdrətli bir sənətkar, öz Vətəninə, yurduna bağlı, mənəviyyatca zəngin bir insan olduğunu bir daha öyrəndik. Müsahibə üçün çox sağ olun.
Gülcamal TAHİROVA
Naxçıvan-Bakı-Naxçıvan