Şərur ərazisi bəşər övladının ən qədim yaşayış məskənlərindən biridir
Şərurda uzaq Daş (Orta Paleolit) dövründən başlamış tarixin bütün mərhələlərinə aid çoxlu sayda maddi-mədəniyyət abidələri vardır. Ərazi zəngin tarixi irsə malik olan diyardır. Coğrafi məkan olan “Şərur” adının yaranması və etimologiyası ilə bağlı bir çox tədqiqatçıların fikirlərinə nəzər yetirək.
Tədqiqatçı Məmməd Ellinin fikrincə, “Şərur” adının yaranması qədim şumer əsatiri ilə bağlıdır. Şumerlər “Ninurta tanrının hünəri” adlı əsatirdə “İlahi nizə”ni “Şərur” adlandırmışlar. Əsatirin qısa məzmunu belədir: “Yeraltı dünyada Kur ölkəsində Asaq adlı qanadlı, qorxunc bir azman – nəhəng (əjdaha) yaşayırmış… Asaq ölümsaçan gözlərini bərəldir, Ninurta qorxub geriyə atılır. Şərur dilə gəlir: “Heç qorxub eləmə! At məni quduz azmanın üstünə, mən onu məhv edəcəyəm”. Ninurta Şəruru azmana doğru atır. Şərur azmanı ortasından dəlib keçir”.
Bu qədim əsatirə görə, “Şərur” sözünün mənası “nizə”, yəni qara qüvvənin, şərin, pisliyin qənimi, “ilahi güc”, “əzəmət”, “qüvvət” deməkdir. Digər bir mənbədə isə göstərilir ki, “Şərur” adı qədim elam-kassit tayfalarının dilində “Şeru” – “çöl”, “düzənlik” mənasını verir.
Yazılı tarixi mənbəmiz olan “Kitabi-Dədə Qorqud” dastanında da “Şərur” adına rast gəlinir. Dastanın “Uşun Qoca oğlu Səgrəyin boyu”nda göstərilir: “Üç yüz nəfər say-seçməli igid Şərukun ucundan Göyçə dənizinə qədər yol gedirlər. Orada qələbə çalıb Əlincə qalasına dönürlər”. Göründüyü kimi, “Kitabi-Dədə Qorqud” dastanında Şərurun ilkin adlarından biri kimi “Şəruk” adı göstərilmişdir.
Tədqiqatçıların da fikrincə, “Şərur” adının yaranması və mənşəyi qədim türk tayfası olan şumerlərlə sıx bağlıdır. Belə ki, şumer şəhər-dövlətləri olan Ur və Uruq şəhərləri eramızdan əvvəl III minillikdə qədim Mesopotamiyanın ən qüdrətli şəhər-dövlətləri idi. Bu şəhər-dövlətlərlə Azərbaycanın cənubu və şimalı arasında daha sıx iqtisadi, siyasi və mədəni əlaqələr yaranmışdı. Bu səbəbdən də ərazidə yaşayan qədim türk tayfaları – naxç və gərgərlər bu ulu yurdu “Şərur” adlandırmışlar. Diqqət edək: “Şərur” adı zaman-zaman dəyişərək “Şəruk”, “Şəuruk”, “Şərur” və nəhayət, “Şəril” şəklinə düşmüşdür. Göründüyü kimi, qədim Mesopotamiyanın Ur və Uruq şəhər adları “Şərur” və ya “Şəruk” adının ikinci komponenti ilə üst-üstə düşür. Şərurun qədim şumerlərlə sıx bağlı olduğunu sübut edən başqa bir mənbə arxeoloji abidələrimizdən aşkar edilmiş saysız-hesabsız maddi-mədəniyyət nümunələridir.
Şərur ərazisində mövcud olan bu qədim yurdun Azərbaycançılıq möhürü sayılan tarixi abidələrdən Havuş kəndində Dana qalası, Gəlin qayası, Havuş mağarası, Axura kəndində Ağvantəpə, Hadıqayıb, Pisdər mağaraları, Tənənəm kəndində Qazma mağarası, Gümüşlü kəndində Qarasu qalası, Qız qalası, Aşağı Yaycı kəndində Yaycı qalası, Qız qalası, Dizə kəndində kurqanlar, Ovçular təpəsi, Oğlanqala kəndində Qalacıq arxı, Şahbulaq və Danyeri kəndlərindəki qalalar, Arpaçay üzərində birtağlı Dədəli körpüsü, Cəlilkənddə Buzxana, Zeyvə kəndində Daş heykəl və sair onlarla abidə Şərurun keçmişini bu günə daşıyan tarixi yaddaşımız sayılan nadir incilərdir. Bu abidələr eramızdan əvvəl V-III minilliklərdən başlamış bizim eranın XVIII-XIX əsrlərinə qədər böyük bir dövrü əhatə edir.
Uzun əsrlərboyu bu qədim diyarın adı tarixi mənbələrdə Şəril (Şəril eli, Şəril mahalı, Şəril çuxuru) kimi də çəkilib. Hətta gözəl saz havacatları olan “Şərili”, “Ağır Şərili” və “Orta Şərili” el aşıqlarının dilindən bu gün də düşmür.
Azərbaycanın çar Rusiyasının müstəmləkəsi olduğu dövrdə Şərur diyarı inzibati ərazi kimi İrəvan quberniyasının Şərur-Dərələyəz uyezdinə daxil edilib. Qeyd edək ki, 1905-ci ildə Culfa - İrəvan dəmiryol xətti istifadəyə veriləndə rayon mərkəzindəki Şərur dəmiryol stansiyasının ərazisində bir neçə ev tikilmişdi ki, burada da, əsasən, dəmiryolçu ailələri yaşayırdılar. 1924-cü ildə Pambıqtəmizləmə Zavodu tikildikdən və Maşın-Traktor Stansiyası yaradıldıqdan sonra burada əlavə bir neçə ictimai yaşayış binası da inşa olunmuş, rayon mərkəzi Cəlilkənddən Şərur dəmiryol vağzalının yerləşdiyi əraziyə köçürülmüş və 1930-cu ildə Şərur inzibati rayonu yaradılmışdır. Rayon mərkəzi getdikcə böyümüş və 1948-ci ildə qəsəbə adını almışdır. 30-cu illərin ortalarında rayonun adı bir neçə dəfə milli etnogenezisə uyğun olmayan şəkildə dəyişdirilmiş, nəhayət, 1991-ci ildən Şərur adı yenidən bərpa olunmuşdur.
Şərur rayonu ərazisindəki çoxsaylı arxeoloji abidələrin əksəriyyətində hazırda geniş qazıntı işləri aparılır. Tədqiq olunan qədim yaşayış məskənləri içərisində Qazma mağarası xüsusi əhəmiyyət kəsb edir. Tənənəm kəndinin yaxınlığında yerləşən bu mağara ən qədim insan düşərgəsi olaraq Orta Paleolit dövrünə, yəni eramızdan 60-80 min il əvvələ aiddir. Mağarada ilk tədqiqat işlərinə 1983-cü ildə tanınmış arxeoloq Məmmədəli Hüseynov başlamış və 1990-cı ilə qədər bu işi arxeoloq Əsədulla Cəfərov davam etdirmişdir. Aparılan qazıntı işləri nəticəsində tariximiz üçün çox qiymətli olan arxeoloji tapıntılar, o cümlədən 17 mindən artıq heyvan sümüyü, 24 növ fauna qalığı, 874 ədəd daş məmulat aşkarlanmışdır. Bu tapıntıların bir hissəsi hazırda rayon Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilir.
Şərurun arxeoloji abidələrindən biri də Dizə kəndi ərazisində yerləşən Ovçular təpəsidir. Bu qədim yaşayış yeri Arpaçayın sol sahilindəki çox da hündür olmayan təpənin üzərində yerləşir. Qədim əkinçilik və maldarlıq mədəniyyətini özündə əks etdirən Ovçular təpəsində yaşayış eramızdan əvvəl IV minillikdən başlamış və III minilliyin sonlarına qədər davam etmişdir. Ovçular təpəsi tariximiz üçün çox önəmli olan arxeoloji abidələrdən biridir. 2007-ci ildən etibarən Şərur ərazisindəki bir çox abidələrdə, o cümlədən Ovçular təpəsi və Oğlanqala abidəsində daha genişmiqyaslı arxeoloji qazıntı işləri aparılır. Ovçular təpəsində aparılan qazıntının ümumi sahəsi 500 kvadratmetri əhatə edir. Ekspedisiyanın tərkibində bir çox xarici ölkələrdən gəlmiş arxeoloqlarla yanaşı, AMEA və onun Naxçıvan Bölməsinin arxeoloq alimləri Vəli Əliyev, Vəli Baxşəliyev, Səfər Aşurov və başqaları da iştirak edirlər. Burada aparılan arxeoloji qazıntılar zamanı Eneolit və Erkən Tunc dövrlərinə aid möhrədən və kiçik çay daşlarından hörülmüş yaşayış yerlərinin qalıqları, taxıl məhsullarını saxlamaq üçün quyular, gildən hazırlanmış müxtəlif məişət avadanlıqları, əkinçilikdə istifadə olunan əmək alətləri aşkar edilmişdir.
Şərurun arxeoloji abidələri içərisində Oğlanqala öz möhtəşəmliyinə və tikinti əzəmətinə görə daha çox diqqəti cəlb edir. Bu arxeoloji abidə Arpaçayın sağ sahilində, Oğlanqala kəndi ərazisindəki Qaratəpə dağının üzərində yerləşir. Qədim yaşayış yerinin ümumi sahəsi 40 hektardan çoxdur. Tarixi mənbələrdə Oğlanqala abidəsinin eramızdan əvvəl II-I minilliyə aid edilən, tikili baxımdan Assuriya qala tikililərinə (siklopik tikililər) bənzərliyi olduğu bildirilir. Oğlanqala abidəsində ilk dəfə 1936-cı ildə kəşfiyyat xarakterli qazıntı işləri aparılmış, 80-ci illərin sonlarında arxeoloq Vəli Baxşəliyev Oğlanqalada daha geniş qazıntı işlərinə başlamışdır. 2007-ci ildən etibarən Vəli Baxşəliyevin və Səfər Aşurovun rəhbərliyi ilə Oğlanqalada beynəlxalq ekspedisiya genişmiqyaslı qazıntı işləri aparır. Ekspedisiyanın tərkibində Amerikanın Corciya Universitetinin arxeoloq alimləri və tələbələr də iştirak edirlər.
Qazıntı işləri Oğlanqalanın yuxarı hissəsində, “Narınqala” adlanan sahədə aparılır. Burada tariximiz üçün çox dəyərli olan saray tikililəri aşkar edilmişdir. Binaların divarları irihəcmli, eyni zamanda yonulmuş mərmər daşlarla hörülmüşdür. Daşların belə səliqə ilə yonulması mahir sənətkarlıq nümunəsidir. Müxtəlifölçülü binaların içərisində uçub dağılmış və ətrafa səpələnmiş çoxlu sayda iri sütun altlıqları diqqəti cəlb edir. Saray tikililərinin bu cür dağıntıya məruz qalması onu deməyə əsas verir ki, eramızdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərində Oğlanqalada məskunlaşmış qədim türk tayfaları qonşu tayfaların dağıdıcı basqınlarına məruz qalmışdır. Saray dağıntıları, xüsusilə sütun və sütun altlıqlarının ətrafa səpələnməsi belə bir ehtimal da irəli sürməyə əsas verir ki, eramızdan əvvəl I minillikdə baş vermiş təbii fəlakətlər və ya aramsız müharibələr möhtəşəm Oğlanqala şəhər yerinin dağılmasına səbəb olmuşdur.
Şərur ərazisində mövcud olan tarixi-memarlıq abidələrindən biri də Pir Süleyman türbəsidir. Ziyarətgah sadə formada tikilmiş ikimərtəbəli, yəni sərdabə və türbədən ibarətdir. Türbəyə sonradan çoxlu əlavələr edildiyindən onun əsl memarlıq görkəmi tamamilə dəyişmişdir. Pir Süleyman türbəsinin memarlıq üslubuna görə XV-XVI əsrlərdə tikildiyini söyləmək olar.
Muxtar respublika ərazisi, o cümlədən Şərur rayonu özünün coğrafi mövqeyinə və zənginliyinə görə turizm baxımından əhəmiyyətli bölgədir. Son illər bölgəyə daha çox turistin cəlb olunması üçün bir sıra zəruri tədbirlər görülür. Təbii ki, buradakı möhtəşəm tarixi abidələrimiz də turistlərin böyük marağına səbəb olur.
Şərurun Eneolit və Erkən Tunc dövrlərinə aid olan abidələri sırasına Xələc kəndi ərazisindəki “Xələc dağ” və “Yamaclar”, Ərəbyengicə kəndi ərazisində “Köhnə qəbiristanlıq”, Maxta kəndi ərazisində “Kültəpə”, İbadulla kəndində “Şortəpə”, Aşağı Daşarx kəndi ərazisində şərti adı “Təpə” olan qədim yaşayış yerləri və başqa arxeoloji abidələrimiz də daxildir.
Qürurverici haldır ki, muxtar respublikada tarixi keçmişimizin, maddi-mədəni irsimizin qorunub yaşadılması və təbliği istiqamətində görülən işlər bu gün öz bəhrəsini verməkdədir.
Şərurun bir çox abidələrinin, o cümlədən Qazma mağarası, Ovçular təpəsi, Oğlanqala, Aşağı Daşarx, Ərəbyengicə, Xələc, Şortəpə, Ağvantəpə, Qarabulaq və bu qəbildən olan qədim yaşayış yerlərinin dünya əhəmiyyətli arxeoloji abidələr sırasına daxil edilməsi buna parlaq sübutdur.
Abidələri öyrəndikcə Şərurun tarixinin çox qədim olduğunun, bu torpaqda zəngin mədəniyyətin və mənəvi irsin toplandığının şahidi oluruq. Dünən yaradılan hər bir abidə zamanın izidir. Hər daşının altında bir tarix yatan qədim abidələrimiz, dünənimizə işıq tutan arxeoloji axtarışlar xalqımızın qədimliyindən, ululuğundan xəbər verir. Bu həm də tariximizi saxtalaşdırmağa, öz xeyirlərinə dəyişmək istəyənlərə tutarlı cavabdır.
Allahverdi ƏSGƏROV
Şərur rayonundakı Ələkli kənd tam orta məktəbinin tarix müəllimi