Əlamətdar hadisələrlə dolu olan 2018-ci illə də artıq vidalaşmaq üzrəyik. Qarşıdan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı gəlir. Bu günlərdə hər kəs vaxtını mənalı, səmərəli keçirərək 2019-cu ilə yüksək ovqatla, ruh yüksəkliyi ilə qədəm qoymağa çalışır.
Hər il olduğu kimi, bu il də muxtar respublikamızda sakinlərə bayram günlərində şən əhval-ruhiyyə, mənalı istirahət bəxş etmək məqsədilə müxtəlif səpkili mədəni-kütləvi tədbirlərin təşkil olunması nəzərdə tutulub. Dekabrın 28-də “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında keçirilən tədbir də bu qəbildəndir.
Əvvəlcə səhnəyə çıxan konsert proqramının aparıcısı bildirib ki, qədim Azərbaycan torpağı Naxçıvan 2018-ci ildə olduqca yaddaqalan, əlamətdar tədbirlərə ev sahibliyi edib. Bu il Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə bağlı həyata keçirilən işlər qədim diyarın cəlbediciliyini daha da artırıb. Məhz buna görə də bugünkü konsertin burada keçirilməsi heç də təsadüfi deyildir.
Sonra tamaşaçıların səbirsizliklə gözlədiyi an yetişib. Azərbaycan Respublikasının Əməkdar artisti, tanınmış reper Mir Yusif Mirbabayevin səhnəyə çıxması böyük coşqu və sürəkli alqışlarla qarşılanıb. Bir-birindən maraqlı “Səndən olmaz”, “İki doğma insan”, “Gəl gör”, “Səndən bir dənədir” və digər mahnılar insanlarda xoş ovqat, əsl bayram əhval-ruhiyyəsi yaradıb. Mir Yusif Mirbabayev Naxçıvanda ilk dəfə konsert proqramı ilə çıxış etsə də, uşaqlığının burada keçdiyini deyib. Sənətçi qədim diyarın onun üçün doğma olduğunu bildirib və xoş qarşılandığına görə naxçıvanlılara təşəkkür edib. Konsertdə, həmçinin Dj Razy Freeman zövqoxşayan musiqi nömrələri ilə uşaq, yeniyetmə və gəncləri doyunca əyləndirib. Naxçıvanda ilk dəfə nümayiş olunan, müasir texnologiyalara əsaslanan robot və lazer şouları da tamaşaçılarda böyük maraq oyadıb.
Nail ƏSGƏROV