22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universitetində “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsinin təbliğat kampaniyası keçirilib.
Əvvəlcə Naxçıvan Dövlət Universitetinin elmi katibi Məftun İsmayılov çıxış edərək tədbirin mahiyyəti haqqında məlumat verib. Sonra Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov muxtar respublikada həyata keçirilən gənclər siyasətindən, həmçinin gənc­lərə göstərilən diqqət və qayğıdan, yaradılan şəraitdən danışıb. Bildirilib ki, təbliğat kampaniyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya bədii ədəbiyyatı nümunələrinin yer aldığı 100 bədii kitab gənclərin istifadəsinə verilib. Layihənin keçirilməsində məqsəd gənc nəsildə vətənpərvərlik, tarixə, milli köklərə bağlılığın formalaşdırılması, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşlərinin zənginləşdirilməsi, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərinin, mütaliə vərdişlərinin aşılanmasıdır.
“Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsinə bu il iyulun 20-də Naxçıvan şəhərində yerləşən “Zirvə” kitab evində start verilib. Orada, eyni zamanda Gənclər və İdman Nazirliyində ayrılmış bir guşədə layihə davam etdirilməkdədir.

Layihə ilə bağlı gənclərə məlumat verildikdən sonra gənclər özləri ilə gətirdikləri kitabları yeniləri ilə dəyişdiriblər. Qeyd edək ki, təbliğat kampaniyası bundan sonra muxtar respublikanın rayon və şəhərlərində, həmçinin digər ali və orta ixtisas təhsili müəssisələrində davam etdiriləcəkdir.
Xatırladaq ki, kampaniya Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə ­keçirilir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR