22 Dekabr 2024, Bazar

Sovet dövründə Naxçıvanda çəkilmiş ən son bədii filmin kadrarxası

“...Filmin bir hissəsi həmin körpünün üstündə çəkilmişdi. Orada milislərin postu da var idi. Milislər gecə-gündüz həmin postda keşik çəkir, körpüyə nəzarət edirdilər. Mən o zaman sərhəd dəstəsində sürücü işlədiyim vaxt bir dəfə Zaqafqaziya Sərhəd Qoşunları Komandanlığından yüksək rütbəli hərbçilər gəlmişdilər, söhbət etdilər və yolumuza davam etdik. Sonradan öyrəndik ki, sərhədçilərlə bağlı çəkiləcək filmin bəzi hissələri burada lentə alınacaq...”
Haqqında bəhs edəcəyim filmin çəkilişləri ilə bağlı yazı hazırlayarkən keçmiş sovet sərhədçisi Adil kişinin bu sözləri mənə çox maraqlı gəlmişdi. O deyirdi: – Sərhəd məntəqələrindən kənarda, daxili avtomobil yolu üzərində yerləşən və o qədər də böyük olmayan bir körpünün Sovetlər Birliyi zamanında mühafizə olunmasına nə ehtiyac vardı? Bu suala cavab tapmaqda yeganə ümidim həmin dövrdə orada xidmət etmiş milis işçilərini tapıb söhbətləşməyə qalırdı. Söhbət Naxçıvan-Culfa magistral yolunun Culfa rayonu ərazisində yerləşən və el arasında “Dərəlik körpüsü” adlanan körpüdən gedir...

Naxçıvan hər zaman tarixi keçmişi, maraqlı təbiət əraziləri ilə diqqət çəkib. Elə bu maraqdan irəli gəlir ki, qədim diyarda bir çox ekran əsərlərinin müəyyən hissələri və ya natura çəkilişləri aparılıb. “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Əzablı yollar”, “Gümüşgöl əfsanəsi” məhz bu cür filmlərdəndir. Sovet dövründə burada çəkilən filmlərdən biri də “Doğma sahillər” filmidir. Bir çox Azərbaycan filmlərinin redaktoru olmuş Əhmədağa Muğanlının “Tikanlı məftillər” povesti əsasında çəkilmiş film Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirov, bütövlükdə, sərhədçilər və onların şərəfli əməyi haqqındadır. Filmdə iki qonşu dövlət – İran və Azərbaycan tərəfinin birgə su elektrik stansiyası inşa etməsindən bəhs olunur. Lakin bu əməkdaşlıq Qərb dairələrində müsbət qarşılanmır və hər vəchlə bu işi pozmağa cəhd edirlər. Sərhədçilərin təxribat törətməyə can atan düşmənlərlə mübarizəsi filmin əsas süjet xəttini təşkil edir. Filmin Naxçıvandakı çəkilişlərinin kadrarxası ilə bağlı apardığımız araşdırmalar zamanı maraqlı faktlarla qarşılaşdıq...
Filmin çəkilişi üçün 1988-ci ilin yayında Naxçıvana böyük bir aktyor truppası gəlir, hazırlıqlar aparılır. Qeyd edək ki, filmin yaradıcı heyəti kifayət qədər peşəkarlardan təşkil olunmuşdur. Belə ki, Əbdül Mahmudov filmin quruluşçu rejissoru, Kənan Məmmədov quruluşçu operatoru, Arif Məlikov isə bəstəkarı idi. Bundan əlavə, “Doğma sahillər” filmində Həsən Məmmədov, Rasim Balayev, Tariyel Qasımov, Həmidə Ömərova, Muxtar Manıyev kimi kifayət qədər tanınmış aktyorlar iştirak edir. Filmin əsas çəkilişləri Babək, Culfa və Ordubad rayonlarında, pavilyon çəkilişləri isə Bakıda aparılır. Kadrlarda Naxçıvanda çəkilən ərazilərin hər biri özünəməxsusluğu ilə seçilir. Aradan keçən 30 illik bir zaman çərçivəsində Naxçıvanın hərtərəfli inkişafının fonunda istənilən tikilinin və yaxud ərazinin eləcə də kadrlardakı obyektlərin simasının dəyişilməsi təbiidir. Buna görə də yazını hazırlayarkən filmin çəkildiyi yerlərin, demək olar ki, hamısını bir daha gəzməli oldum...
Qeyd etdik ki, filmdə Araz çayı üzərində su elektrik stansiyasının tikintisindən bəhs olunur. Əslində, bu kadrlar indiki Heydər Əliyev adına Su Anbarının bənd hissəsinin tikintisi aparılan yerdə lentə alınıb. Yük maşınlarının hərəkəti, tikintidə çalışan işçilərlə bağlı ümumi kadrlar elə rakursdan lentə alınıb ki, çəkilişlərin keçmiş Vayxır gölü ətrafında aparıldığının fərqinə varmaq olmur. O vaxt burada çalışmış inşaatçılardan Əbülfəz İsmayılov bizimlə söhbətində bildirdi: “Bu film çəkiləndə bizə əvvəldən xəbər verilmişdi ki, Bakıdan aktyorlar gəlib və tikinti gedən sahədə film çəkiləcək. İşçilərin bir qismini də epizodik rollarda lentə alacaqdılar. Çəkiliş üçün əlavə ağır yük maşınları da gətirmişdilər. Mən həmin filmdə digər işçi yoldaşlarımla birlikdə beton panellərin yerə döşənilməsi zamanı bir neçə saniyəlik kadrlara düşmüşük”.
Filmin çəkilişlərində Azərbaycan Respublikasının Xalq artisti Rövşən Hüseynov da iştirak edib. Onun oynadığı Təvəkkül rolu su elektrik stansiyasının tikintisində işləyən yük maşınının sürücüsüdür.
Araşdırmalar nəticəsində dəqiqləşdirdik ki, filmin kadrlarındakı yeməkxana vaxtilə Ordubad rayonunda dəmiryol vağzalına gedən yolun kənarında yerləşib.
“Doğma sahillər”dəki sərhəd zastavası isə Culfa şəhərində yerləşən sərhəd məntəqəsində lentə alınıb. Çəkilişlərin müəyyən hissələri indiki gömrük-keçid məntəqəsi yerləşən ərazidə aparılıb. Sərhədçilərin təlim keçdiyi kadrlar isə Nehrəm kəndinin yaxınlığındakı təlim mərkəzində çəkilib.
Bundan əlavə, filmdə Ordubad rayonunun Darkəndindən aktyor İntiqam Soltan, Naxçıvan şəhərindən bir çox rus, amerikan, tacik, fransız filmlərində tryuklar quruluşçusu kimi özünü təsdiq etmiş və hazırda Azərbaycan Kaskadyorlar Assosiasiyasının sədri olan Əli Məmmədov çəkilib.
Yazını hazırlayarkən hazırda Bakı şəhərində yaşayan aktyor Eldəniz Rəsulovla (kapitan Rəsulov), filmin rejissoru Əbdül Mahmudovla da əlaqə saxladıq. Onların hər biri Naxçıvandakı çəkilişlərlə bağlı xoş xatirələrini dilə gətirdilər. Rejissor Əbdül Mahmudov dedi ki, həmin filmə böyük aktyorlar dəvət olunmuşdu: “Latviya kinosunun nəhəng bir ulduzu vardı – Masyulisi, hansı ki amerikan kəşfiyyatçısını oynayırdı, Lev Prıqnov, Aleksandr Belov filmdə rol almışdılar. Əsas rollardan biri də iranlı general rolu idi. Bu rola mərhum şairimiz Nüsrət Kəsəmənlini çəkmişdim. Heç zaman filmdə rol oynamamış Nüsrət həmin rolu elə oynamışdı ki, hamı məəttəl qalmışdı. Bu, onun həyatda çəkildiyi yeganə film oldu”.
Rejissor çəkiliş zamanı baş vermiş bir maraqlı hadisəni də danışdı. Dedi ki, filmdə ikinci planda görünən bütün dağlar İrana məxsusdur. Vertolyotla çəkilişimiz olmalı idi. Təsadüfən marşrutu müəyyən etməmişdik. Nə isə, çəkilişə başladıq, bir də baxdıq aləm dəydi bir-birinə. Sən demə, bizim çəkiliş üçün istifadə etdiyimiz vertolyotu sərhədi icazəsiz keçdiyi üçün vurmaq istəyiblər. Pskovun xəbərdarlığından sonra vertolyotu 5 dəqiqə gec endirsə idik, bizi sərhəddə vuracaqdılar. Bundan əlavə, filmdəki son epizodlardan olan qayalıqlardakı çəkiliş çox təhlükəli idi. Onu düz Arazın qırağında ekranlaşdırdıq. Bunun üçün aktyorların – Həmidə Ömərova, Həsən Məmmədov və Gümrah Rəhimovun dilindən əvvəlcədən izahat almışdım”.
...“Doğma sahillər” filminin müəyyən hissəsi üçün çəkilişlər Naxçıvan-Culfa avtomobil yolunun üzərində yerləşən “Dərəlik körpüsü”nün üstündə aparılıb. Filmin buradakı çəkilişləri ilə bağlı yaşı 80-dən yuxarı olan Əli Məhərrəmovla Culfa rayonunun Camaldın kəndindəki evində görüşüb söhbət edirik. Ömrünü ictimai asayişin qorunmasına həsr etmiş Əli kişi deyir ki, 1962-ci ildən 1989-cu ilin may ayınadək milisdə xidmət edib. Xidmətinin əsas hissəsi həmin körpünün mühafizəsi ilə bağlı olub. Həmsöhbətim bildirir ki, filmin çəkilişlərindən əvvəl körpünün məhəccərləri boyadılmış, yolun ortasında keçid qapısı (simvolik olaraq İran-Azərbaycan sərhədini bildirən) qoyulmuşdu. Fasilə zamanı bəzən aktyorlarla da qısa ünsiyyətdə olurduq. Çəkiliş zamanı Rasim Balayev daha çox yadımda qalıb. Çünki o, iranlı hərbçi rolunu oynayırdı, hərbi forması bizimkilərdən fərqli idi deyə, hamımız maraqla baxırdıq... Nəhayət, Əli dayıdan sovet dövründə o körpünün nəyə görə mühafizə olunduğunu soruşuruq. Müsahibimiz bir az fikrə getdikdən sonra danışmağa başlayır: “Dərəlikdəki həmin körpü II Dünya müharibəsi dövründə tikilib. Körpünün aşağı hissəsində də həmin tarixlər yazılıb. Belə eşitmişəm ki, körpünün tikilişində alman əsirləri iştirak edib. Nə dərəcədə doğrudur, bilmirəm. Ancaq onu bilirəm ki, əvvəllər Əlincə çayının suyu bol olub. Əgər indi körpünün dayaqlarına diqqətlə baxsanız, vaxtilə suyun hansı səviyyədə olduğunu ora həkk olunmuş cizgilərdən də görərsiniz. Bu körpü Naxçıvandakı bütün körpülərdən fərqlənir, çünki tikintisində yaylardan istifadə olunub, yəni yaylı körpüdür. Körpünün hər iki tərəfində xüsusi yeri var ki, ildə bir dəfə oradan yaylara yağ əlavə olunurdu. O ki qaldı körpünün mühafizəsinə, bunu ona görə etmişdilər ki, əgər həmin körpü olmasaydı, Naxçıvan şəhərinin Culfa və Ordubad rayonları ilə avtomobil nəqliyyatı əlaqəsi olmayacaqdı...”
Bu fikirləri Saltaq kəndində yaşayan Heydər kişi də təsdiqləyir. 1963-cü ildən 1991-ci ilədək həmin körpüdə mühafizə milisində işləyən Heydər kişi bildirir ki, körpünün yükgötürmə qabiliyyəti 20 ton olsa da, işlədikləri dövrdə bu amilə xüsusi diqqət yetiriblər. Heydər kişi bir hadisəni də bizə maraqla nəql etdi: “Körpünün mühafizəsi üçün gündəlik növbəyə 3 nəfər milis işçisi çıxırdı və əsas vəzifəmiz mühafizəni düzgün təşkil etmək, ayıq-sayıq olmaq idi. 1968-ci ilin yayı idi. Mən, Əli Məhərrəmov, bir də Ərəzin kəndindən Hətəm həmin gün növbədə idik. Gecədən xeyli keçmişdi... Birdən qulağımıza, haradasa yaxınlıqdan ayaq səsləri gəldi. Yəni normal olaraq gündüz belə, o tərəfə heç kim keçmirdi, həm də buna icazə vermirdik. Buna görə də orada kiminsə olmağı əvvəlcə ağlımıza belə, gəlmədi. Birdən, təxminən, 20-30 metr aralıda bir qaraltı bizə tərəf yox, yan istiqamətdə hərəkət etməyə başladı. Diqqətlə baxıb gördük ki, iki nəfərdir. Uca səslə dayanmalarını tələb etsək də, onlar başqa istiqamətdə qaçmağa başladılar. Silahımız üstümüzdə idi, havaya xəbərdarlıq atəşi açdıq və ardınca qaçaraq onlara yetişdik. Bir az sorğu-sual, gördük ki, bunların danışığında fərqli ləhcə var. Hər ikisini tutub posta gətirdik və bölməyə məruzə etdik. Bölmədən gələnədək məsələ bizim üçün aydınlaşdı – “qonaqlarımız” dövlət sərhədini pozmuşdular. İki gün sonra xəbər tutduq ki, onları Bakıya aparıblar. Elə bir gün sonra məni və Əlini də Bakıya göndərdilər. DTK-nın mərkəzi aparatında bizi pul mükafatı və saatla təbrik etdilər. Zarafat deyildi, dövlət sərhədini pozan iki şəxsi zərərsizləşdirmişdik...”
... “Doğma sahillər” filmi sovet dövründə Naxçıvanda çəkilmiş ən sonuncu bədii film oldu və bu sənət əsəri 1989-cu ildə ekranlara çıxdı. 120 illik kino tariximizdə öz yeri olan filmə görə rejissor SSRİ Kinematoqrafiya İttifaqının və Zaqafqaziya Sərhəd Qoşunları Komandanlığının baş mükafatına layiq görüldü. Sovet dövründə çəkilməsinə baxmayaraq, milli elementlərin böyük ustalıqla əks olunduğu film bu gün də hər kəs, o cümlədən sərhədçilərimiz tərəfindən maraqla izlənilir.
P.S. Kinorejissor Əbdül Mahmudov bizimlə söhbətində bildirdi ki, Naxçıvanın təbii gözəlliyi, məğrurluğu hələ də gözümün qarşısından getmir. Bu qədim diyar hər bir yaradıcı insan üçün əsl ilham mənbəyidir. Buna görə də orada bizim çox gözəl filmlərimiz çəkilib, milli mədəniyyətimizin yaddaşına həkk olunub. Məlumatım var ki, Azərbaycanın bu qədim diyarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hərtərəfli qayğısı ilə əhatə olunub, mədəniyyətimizin inkişafı üçün orada çox işlər görülüb. İnanıram ki, Naxçıvan bundan sonra da gözəl filmlərimizin çəkiliş ünvanı olacaq.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR