06 Yanvar 2025, Bazar ertəsi

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teat­rında Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının 40 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova açaraq bildirib ki, 40 illik yubileyi qeyd edilən Bəstəkarlar Təşkilatı ümummilli lider Heydər Əliyevin təşəbbüs və qayğısı ilə 1978-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan Təşkilatı kimi yaradılıb və doğma diyarımızda musiqi sənətinin yüksəlişinə stimul verib. Ötən 40 il ərzində bu təşkilat muxtar respublikanın ictimai-mədəni həyatında fəal iştirak edib, milli musiqi mədəniyyətinin zənginləşməsi yolunda səmərəli fəaliyyət göstərib. Müstəqillik illərində muxtar respublikada təşkilatın fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb, onun sıralarına yeni üzvlər qəbul edilib. Bu illərdə Naxçıvan bəstəkarları əhəmiyyətli uğurlar qazanıb.
Nazir Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb, mədəniyyət və incəsənətimizə göstərilən böyük diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova mədəniyyət ictimaiyyəti adından dərin minnətdarlığını ­bildirib.
Bəstəkarlar Təşkilatının Sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilov “Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının fəaliyyəti” mövzusunda çıxış edərək qeyd edib ki, təşkilat muxtar respublikanın musiqi mədəniyyətinin inkişafı və zənginləşdirilməsi yolunda uğurlu fəaliyyət göstərir. Təşkilatın ötən illərdəki hesabat konsertlərindən söhbət açan Yaşar Xəlilov bildirib ki, naxçıvanlı bəstəkar­ların müxtəlif janrlarda yazdıqları yeni əsərlər musiqisevərlərin marağına səbəb olub. Naxçıvanlı bəstəkarların əsərləri, simfonik və kamera musiqisi dəfələrlə böyük konsert salonlarında səslənib. Təşkilat üçün yüksək iş şəraitinin yaradılması və göstərilən dövlət qayğısı onların yaradıcılıq imkanlarını daha da genişləndirib, yeni əsərlər yaratmağa ruhlandırıb.
Sonra Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının hesabat konserti olub.
Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Şəmsəddin Qasımovun “Sönməyən Günəşim” əsəri ilə başlayan hesabat konsertində ayrı-ayrı janrlarda bəstələnmiş mahnı və musiqi nömrələri səsləndirilib.

Əli Rzayev

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR