23 Dekabr 2024, Bazar ertəsi

Tarixdən məlumdur ki, müxtəlif dövrlərdə ilk təhsillərini Naxçıvan mədrəsələrində, xüsusilə Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin XII əsrin sonlarında Atabəylər Memarlıq Kompleksində inşa etdiyi Came məscidinin yanında fəaliyyət göstərən mədrəsədə alan bir sıra gənc təhsillərini müsəlman Şərqinin məşhur elm və təhsil mərkəzlərində (Təbriz, Bağdad, Nəcəf, Qahirə və sáir) davam etdirmiş, yüksəkixtisaslı alim və mütəxəssis kimi yetişmişdir. 

Bu da məlumdur ki, həmin ­görkəmli şəxsiyyətlərin bir qismi təhsillərini başa vurduqdan sonra doğma yurduna qayıtmış, bir hissəsi isə ya təhsil aldıqları şəhərdə qalmış, yaxud da müsəlman Şərqinin bir sıra mühüm elm və təhsil müəssisələrinə getmiş, orada fəaliyyət göstərmişdir. Öz adlarına əlavə etdikləri “Naxçıvani”, “Ordubadi” kimi nisbələrlə doğulub boya-başa çatdıqları bölgəyə böyük şöhrət gətirən və onu tanıdan belə şəxsiyyətlərin adlarına orta əsr qaynaqlarında tez-tez rast gəlinir. Belə şəxsiyyətlərdən biri də Naxçıvan şəhərində dünyaya göz açmış və həyatının çox hissəsini orada keçirmiş, sonradan İran və Türkiyədə yaşamış məşhur sufi şeyxi və filosof Baba Nemətullah Naxçıvanidir.
Orta əsr mənbələrində bu böyük şəxsiyyətin həyat və fəaliyyəti ilə əlaqədar geniş məlumat yoxdur. Bununla belə, bəzi təzkirələrdə, tarixi və ədəbi əsərlərdə, müxtəlif səpkili kitablarda Baba Nemətullah Naxçıvaninin həyat və yaradıcılığı ilə bağlı bəzi qeydlər özünə yer almışdır. Naxçıvanda ailəsinin yanında ikən, uşaqlıq, yeniyetməlik və gənclik çağlarında o, dövrünün məşhur və dəyərli alimlərindən həm dini, həm də dünyəvi elmlərdən dərs almışdır. Hələ uşaq ikən ondakı yaxşı qavrama qabiliyyəti, öyrənmə əzmi və bacarığı ailəsi və müəllimləri tərəfindən aşkar edilmiş, buna görə də onun təhsilinə xüsusi diqqət yetirilmişdir. Haqqındakı bütün qaynaqlarda onun imkansız bir ailədə doğulduğu, eyni zamanda dövrün məşhur alimlərindən dərs aldığı və alimlər arasındakı nüfuzu inkaredilməz fakt kimi göstərilmişdir. Ana dili olan oğuz türkcəsi ilə yanaşı, fars və ərəb dillərini də mükəmməl öyrənmişdir.

Qaynaqlarda Şeyx Əlvan, Ülvanəl Ağşəhri, Baba Nemət, Baba Nemətul­lah, Baba Naxçıvani kimi xatırlanan alim həyatının çox hissəsini hicri-qəməri təqvimi ilə IX, miladi təqvimi ilə XV yüzillikdə yaşamışdır. Baba Nemətullah Naxçıvani uşaq yaşlarından islami elmləri öyrənməyə başlamış, həmin vaxtlardan özünün əqli, zəkası və digər müsbət keyfiyyətləri ilə diqqəti cəlb etmişdir. Qaynaqlarda Naxçıvanda hansı müəllimlərdən dərs alması, hansı elmlərə sahib olması ilə əlaqədar faktlara rast gəlinməsə də, məlumdur ki, uşaqlıq və gənclik illərində, Uzun Həsənin dövründə (1467-1478-ci illər) zəmanəsinin bir çox alimlərindən, o cümlədən məşhur alim Xacə Mahmud Parsandan dərs almış, Ağqoyunlu Sultan Yaqub zamanında (1478-1490-cı illər) Naxçıvan mədrəsələrində müəllim işləmiş, qısa bir zamanda hicri IX (miladi XV) yüzilliyin tanınmış alimlərindən birinə çevrilmiş, zahiri elmləri tamamladıqdan sonra təsəvvüfə bağlanmışdır. Bu sahədə də mükəmməl bilik aldıqdan sonra Naxçıvandan ayrılmış, İslam aləminin bir çox önəmli mərkəzlərini gəzmiş, bir müddət Təbrizdə yaşamış, ­görkəmli sufi şeyxi Ömər Rövşəni ilə burada görüşmüşdür. Təbrizdə qısa müddət qalmasına baxmayaraq, Azərbaycanın bu qədim elm və mədəniyyət mərkəzində yaşayan alimlərlə, xüsusilə Ömər Rövşəni ilə görüşləri və söhbətləri onun elmi dünyagörüşü­nə və sufilik baxımından daha da kamilləşməsinə böyük təsir göstərmişdir. Təbrizdə yaşadığı dövrdə zəmanəsinin görkəmli sufi şeyxlərindən “Nəqşibəndiyyə” təriqətinə mənsub Sunullah Kuzəkunani (1523-cü ildə vəfat edib) və onun xəlifəsi Dərviş Əxi Hüsrəvşahi (1530-cu ildə vəfat edib) vasitəsi ilə “Nəqşibəndiyyə” təriqətinə daxil olmuşdur. Ona şeyxlik məqamının Dərviş Əxi Hüsrəvşahi tərəfindən verildiyi də məlumdur. “Nəqşibəndiyyə” təriqətinin “Xəlvətiyyə” qoluna daxil olan Baba Nemətullah Naxçıvani bundan sonra həyatının çoxunu tənhalıqda keçirmişdir. Müasirləri tərəfindən “Gizlənən dərviş” adlandırılan Baba Nemətullah Naxçıvaninin həyatı haqqında məlumatın azlığı da bununla əlaqədardır.
Baba Nemətullah Naxçıvani hicri 905-ci ildə (miladi 1499) Təbrizi tərk edərək Anadoluya gedərək Qaraman vilayətinin Ağşəhər qəsəbəsində məskunlaşmışdır. Qısa müddət ərzində Ağşəhər camaatının xüsusi hörmətini qazanmış və bir təkkə (xanəgah) quraraq ətrafına müridlər toplamış, çoxlu tələbələr yetişdirmişdir. Həmçinin o, xalqa həqiqi, doğru yol göstərilməsi istiqamətində bir sıra addımlar atmışdır. Məhz bunun nəticəsidir ki, o, zaman keçdikcə xalqın sevgi və etimadını qazanmışdır. Hətta Ağşəhər camaatı arasında onu əlvan (ulvan) şeyx kimi çağırmışlar. Qaynaqlarda “Əlvanül-Ağşəhri”, yəni “Ağşəhərin qüruru” kimi təqdim olunmuş və qurmuş olduğu təkkənin şeyxi olduğu üçün “Şeyx Əlvan” ləqəbi verilmişdir.
Ağşəhərdə, təxminən, 15 il yaşayan Baba Nemətullah 1514-cü ildə vəfat etmiş və orada da dəfn edilmişdir.
Baba Nemətullah Naxçıvani zəmanəsinin tanınmış alimi, filosofu, məşhur su­­­­­­fi şeyxi olmuşdur. Əhməd bin Mustafa Taşköprüzadə “Şəqayiqün-Nöma­niy­yə” əsərində onun adını Sultan Bəyazidxan Fazi zamanının (1481-1512-ci illər) məşhur şeyxləri sırasında qeyd edərək yazır: “Allah yolunda xidmət edən ariflərdən biri, dərvişlik və sufiliyin fəxri olan Baba Nemətullah Naxçıvani özünü xalqdan gizlədirdi. O, rəbbani (ilahi) elmlərdə dərin bilikli olmuşdur. O, Quranın digər təfsirlərinə müraciət etmədən ona təfsir yazmış, orada bir çox şəxslərin dərk etmədiyi incəlikləri və həqiqətləri fəsahətli ibarələr və bəlağətli ifadələrlə aydınlaşdırmışdır”.
Bu fikir onun Nəqşibəndiyyənin Xəlvətilik qoluna mənsubluğundan və yüksək elmə, biliyə malik olmasından irəli gəlirdi. Sufiliklə bağlı ədəbiyyatlardan məlumdur ki, dörd idrak mərhələsini (şəriət, təriqət, mərifət, həqiqət) keçən adamlar o dərəcədə yüksək elmə, savada malik olurdular ki, onlar elm dəryasında özlərinin çox az bildiklərini və ya bildiklərinin naqis olduğunu dərk edirdilər. Ona görə də onlar camaat arasına çox çıxmır, tərki-dünya, xanənişin həyat keçirir, öz hücrələrində tək-tənha oturaraq günlərini ibadət və zikrlə keçirirdilər. Baba Nemətullah Naxçıvaninin də özünü xalqdan gizlətməsi bununla izah olunmalıdır.
Bir çox dini elmləri bilməklə nüfuz sahibi olan Baba Nemətullah Naxçıvani ad-sandan, şan-şöhrətdən uzaq olub, tərki-dünya bir həyat keçirmişdir. O, dünya malına əsla etina etməmiş, yoxsulluğu özünə fəxr bilmişdir. Fəqirliyi zənginlikdən üstün tutan mütəfəkkir elmlə alver edən fırıldaqçı, riyakar alimlər barəsində “Onlar dünya malını çox sevir, elmlərini dünya malının bər-bəzəyi xatirinə alçaldırlar” söyləmişdir. Dövrünün bu tanınmış din xadimi zahirən özünü sufi, tərki-dünya kimi göstərən ikiüzlü insanları da pisləmiş, onların uydurduqları xurafat və bidətləri kəskin tənqid etmişdir. O, insanlara, xüsusilə təsəvvüf yolunda irəliləyən adamlara əbədi olan axirət həyatı üçün çalışmağı tövsiyə etmişdir. Gözü-könlü tox olan, heç kəsin malına tamah salmayan Baba Ne­mətullah Naxçıvani başqasının malını haqsız yerə yeməyin ən böyük günahlardan biri olduğunu söyləmiş, gözütoxluğun, comərdliyin, təvazökar­lığın, təmənnasızlığın həqiqi möminin, sufinin ən böyük keyfiyyəti və ləyaqəti olduğunu bəyan etmişdir.
Məşhur sufi şeyxi və filosof həyatı boyu bir neçə qiymətli əsər və bəzi orta əsr müəlliflərinin əsərlərinə şərh yazmışdır. Onun günümüzə gəlib çatan əsərləri aşağıdakılardır: “Əl-Fəvatihəl-ilahiyyə vəl-Məfatihül-Qaybiyyə” (Quranın məşhur sufi təfsiri), “Hidayət əl-İxvan” (təsəvvüfə dair əsər), Mühyiddin ibn Ərəbinin “Füsusəl hikəm”inə yazdığı təsəvvüfi bir şərh, “Əl-Kadi təfsiri haşiyəsi”, Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz” adlı təsəvvüfə dair farsca əsərinin eyni dildəki şərhi, Qazi Beyzavinin “Ənvar ət-Tənzil və əsrar ət-Təvil” əsərinə haşiyə (qeydlər) və sair.
Ancaq, təəssüf ki, belə bir ­görkəmli şəxsiyyətin həyat və yaradıcı­lığı keçən yüzillikdə bəzi ictimai-siyasi səbəblər üzündən diqqət­dən kənarda qalmış, sistemli tədqiqat obyektinə çevrilməmiş, onun haqqında elmi ictimaiyyətə və xalqa məlumat çatdırılmamışdır. Ona görə də zəngin elmi-fəlsəfi irsə malik olan görkəmli mütəfəkkir Baba Nemətullah Naxçıvaninin yaradıcılığının öyrənilməsi və tədqiqi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2018-ci il 29 oktyabr tarixdə “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” Sərəncam imzala­mışdır. Sərəncamla təsdiq edilmiş Tədbirlər Planı ilə muxtar respublikamızın müvafiq müəssisə və təşkilatlarının qarşısında mühüm vəzifələr qoyulmuşdur. Sərəncamın icrası ilə əlaqədar Nemətullah Naxçıvani yaradıcılığının tədqiqi ilə bağlı elmi və təşkilati tədbirlərin görülməsi, “Nemətullah Naxçıvani: taleyi və sənəti” kitabının nəşr edilməsi, alimin irsinin araşdırılması məqsədilə Türkiyəyə tədqiqatçı-­mütəxəssislərin göndərilməsi, onun qəbrinin bərpa olunması, Nemətullah Naxçıvaninin “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” (“Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi”) əsərinin tərcümə olunaraq nəşr edilməsi, “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.
İnanırıq ki, naxçıvanlı alimlər öz qüvvələrini səfərbər edəcək, ­sərəncamın milli-mədəni irsimizə, tarixi şəxsiyyətlərimizin həyat və fəaliyyətlərinin öyrənilməsinə yüksək dövlət qayğısı olduğunu aydın dərk edərək çalışacaqlar ki, bu böyük şəxsiyyətin həyat və yaradıcılığı hərtərəfli öyrənilsin.

Fəxrəddin SƏFƏRLİ
AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR