23 Dekabr 2024, Bazar ertəsi

“Oxunması zəruri olan kitabların Siyahısı”nda Nobel mükafatı laureatının iki əsəri də var

Yaradıcılığının şöhrəti zəmanəsinin və ölkəsinin sərhədlərini aşaraq dünyaya yayılan, bu günümüzədək gəlib çatan ədiblərdən biri də belçikalı yazıçı, şair, esseçi, filosof, Nobel mükafatı laureatı Moris Meterlinkdir (Moris Polidor Mari Bernar Meterlink). Yazıçı ixtisasca hüquqşünas olsa da, hələ sağlığında “Belçikalı Şekspir” adı ilə məşhurlaşmağı ­bacarmışdır.­­­­­­  

Əsərlərində ümumbəşəri ideyaları təbliğ edən müəllifi Şərq düşüncə tərzinə malik bir yazıçı hesab edirlər. Moris Meterlinkin “Müdrikliyin birinci şərti özünü dərk etməkdir” fikri Şərq filosof və şairi Mövlana Cəlaləddin Ruminin “Kitablardan əvvəl özümüzü oxumağa çalışaq”, Şərq filosofu Əbu Turxanın “İnsan ancaq öz “Mən”i ilə həmahəng mühitdə xoşbəxt ola bilər” fikirləri ilə eyniyyət təşkil edir. “Müdrik ol, onda hər şeydən əvvəl xoşbəxt olmağı öyrənəcəksən” qənaətinə gələn Şərq təfəkkürünə malik M.Meterlink “Mən artıq çoxdandır ki, bu dünyada həqiqət və onun dərk olunmasından daha gözəl bir möcüzə axtarmıram” fikrini irəli sürürdü.

Biz yazıçının əsərlərində ölüm və həyat mövzusunun, eyni zamanda reallıqla mistikanın çulğalaşdığının şahidi oluruq. “Çağı­rılmamış qonaq”, “Korlar”, “Yeddi şahzadə”, “Pelias və Melianda” pyeslərində sadaladığımız amillər özünü daha qabarıq göstərməkdədir. Müəllifin yaradıcılığını xarakterizə edən başlıca cəhətlərdən biri də onun əsərlərində simvolizm elementlərinə daha çox üstünlük verilməsindədir. Oxucular şair-dramaturq, filosof M.Meterlinkin yaradıcılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007-ci il 24 avqust tarixli Sərəncamı ilə nəşr olunan “Nobel mükafatı laureatları” silsiləsinə aid “Moris Meterlink. Seçilmiş əsərləri” kitabı vasitəsilə yaxından tanış olmaq imkanı əldə etmişlər.
Ədibin “Arıların həyatı” romanı və “Göy quş” fəlsəfi pyes-pritçaları isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilmişdir. Qeyd edək ki, Ali Məclisin Sədri cənab Vasif Talıbovun ictimai-mədəni, ədəbi-bədii müstəvidə mühüm əhəmiyyətli hadisə olan bu sərəncamı ilə təsdiq olunmuş siyahıya daxil edilən kitablar gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasına əsaslı təsir göstərəcək ideoloji mənbələr rolunu oynayır. Bu ədəbiyyatlar gənclərin dünyagörüşünü zənginləşdirir, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hissləri aşılayır.
“Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilmiş “Arıların həyatı” romanı maraqlı əsərlərdəndir. Bu roman müəllifin təbiət hadisələrini, konkret olaraq, arıların həyatını iyirmiillik müşahidəsinin bəhrəsidir. Əsər “Arı pətəyinin önündə”, “Arı beçəsi”, “Məskunlaşma”, “Gənc məlikələr”, “Nikah uçuşu”, “Erkəklərin məhv edilməsi”, “Nəslin tərəqqisi” adlanan yeddi hissədən ibarətdir. Müəllif “Arı pətəyinin önündə” adlanan birinci hissədə arıların həyatını öyrənmək məqsədilə müşahidələr apardığını bildirir və “iyirmiillik arıçılıq həyatımda apardığım bu müşahidələr, əsasən, özəl səciyyəlidir”, – deyə vurğulayır. Yazıçı qeyd edir ki, arılar cəmiyyət halında yaşayan, mürəkkəb qanunlarla idarə olunan kiçik varlıqlar olaraq insanların diqqətini hələ qədim zamanlardan özünə çəkmişdir. Müəllif arı yuvasının birillik tarixçəsini izləməyi asanlaşdırmaq üçün baharda ayılıb öz işinə başlayan ayrıca bir arı təknəsi üzərində müşahidə aparır: “Bu zaman gözlərimiz önündə arıların həyatı ilə bağlı çox əhəmiyyətli epizodlar canlanacaqdır: arının beçə verməsi və beçənin uçub getməsi, başqa bir yerdə məskunlaşma, doğulma, döyüşmə və cavan məlikələrin nikah uçuşları, tənbəl arıların məhv edilməsi və qış yuxusuna dalma. Bu epizodlardan hər biri öz-özlüyündə onları doğuran qanunauyğunluqlara, vərdişlərə, hadisələrə aydınlıq gətirir. Belə ki, aprel ayından başlayaraq ən uzağı sentyabrın sonuna kimi davam edən qısa arı ili ərzində biz bal ətri verən evciyin bütün sirləri ilə tanış olacağıq”. Meterlink arıların qarışqadan daha ictimai varlıq olduğunu hesab edir. Yazıçıya görə təklikdə qalan arı dözməyərək bir neçə gündən sonra tələf olur.
“Arıların beçəsi” adlanan ikinci hissədə arılar arasında vəzifə bölgüsündən bəhs olunur. Müəllif arıların bu dərəcədə zəhmətkeş olmasını izah etməyə çalışır: “Nə üçün onlar öz qanadlı qardaşları kəpənəkdən fərqli olaraq yuxudan, balın ləzzətindən, eşqdən və gözəl əyləncədən imtina edirlər? Onlar da kəpənək kimi yaşaya bilməzdilərmi? Ancaq onları hərəkətə gətirən aclıq deyil. Özlərini doydurmaq üçün onlara bir-iki çiçək kifayətdir. Onlar isə heç vaxt dadmayacaqları bir həzz damlası üçün bir saat ərzində iki-üç yüz çiçək gəzirlər”.
“Arıların həyatı” romanının III hissəsi “Məskunlaşma” adlanır. Burada arıların insanlar tərəfindən müxtəlif təknələrə məskunlaşdırılmasından bəhs olunur. M.Meterlink müşahidələrinin nəticəsi olaraq romanda arıların hədsiz təmizkarlığını bu cür ifadə edir: “Arıların təmizkarlığı maniya həddinə çatır: bəzən qışın ortalarında şiddətli şaxtalar onlara uzun müddət “təmizlik uçuşları” həyata keçirməyə imkan vermədikdə belə, onlar dəhşətli bağırsaq xəstəliyinə tutularaq qırılmağı təknəni zibilləməkdən üstün tuturlar”. Yazıçı arıların düzəltdiyi hücrələrin məhz altıbucaqlı olmasının bir təsadüf olmadığını və bunu arıların bu fiqurun üstünlüklərindən xəbərdar olması ilə əlaqələndirir. Müəllif bu altıbucaqlı hücrələri “arı sənətinin şedevri” hesab edir.
Romanın digər hissələrində də müəllifin maraqlı müşahidələrinin şahidi olmaq mümkündür. “Öz işini yaxşı bilən keşikçilər düşmənçilik instinktlərinin təzahürlərini saatbasaat neytrallaşdırmaq və əks qüvvələri ümumi səmərəli məcraya yönəltmək üçün səylərini əsirgəmirlər”. “Yaxşı arı yuvalarından hər biri səksən-yüz litrə qədər bal verir. Onlar, sanki, içində arıların sıx-sıx ziyarət etdiyi bütöv çiçək tarlalarının əridiyi böyük işıq məkanıdır”. Müəllif əsərində dörd min beş yüz müxtəlif arı növünün olduğunu vurğulayır.
Sonda yazıçı arı zəhmətkeşliyi, nizam-­intizamı, təmizkarlığı və digər bu kimi müsbət xüsusiyyətləri ilə insanların eyni xüsusiyyətləri arasında maraqlı paralellər aparır və belə bir qənaətə gəlir ki, əslində, təbiətin hər bir varlı­ğında öyrənilməli, diqqətdə saxlanılmalı çoxlu və maraqlı məqamlar var!
Nobel mükafatçısının “Oxunması zəruri olan kitabların Siyahı”sına daxil edilən digər məşhur əsəri “Göy quş” pyesidir. 1905-ci ildə tamamlanan bu pyes müəllifin adını əbədiləşdirərək onu yaradıcılıq zirvəsinə ucaldır. Moris Meterlink 1911-ci ildə Nobel Mükafatına layiq görülür. “Təxəyyül zənginliyi və poetik fantaziyanın qüdrəti ilə diqqətçəkən pyeslərinə görə” Nobel mükafatı verilərkən onun şair-dramaturq kimi “çoxcəhətli ədəbi fəaliyyəti” əsas götürülür. Qeyd edək ki, mütəxəssislər M.Meterlinkin Nobel mükafatına layiq görülməsində “Göy quş” pyesinin xüsusi rolunu vurğulayırlar.
Yazıçı “Göy quş” fəlsəfi pyes-pritçasında Asiya xalq nağıllarına xas olan simvol-­surətlər vasitəsilə həyatı müdrikcəsinə xarakterizə edir. Bu əsərdə “insan ruhunun ölməzliyi”nin təbliğ olunması da Şərq fəlsəfi­-dini dünyagörüşünün cizgilərindəndir.
“Göy quş” pyesi nikbin ideyaları təlqin edir. Uşaq nağılı poetikasında yazılmış bu fəlsəfi əsər müdrik və ibrətamiz duyğular aşılayır. Odunçunun oğlu Tiltil və qızı Mitilin qonşudakı xəstə qıza əlac etmək üçün Milad bayramı gecəsi sehrli Göy quşun axtarışına çıxaraq başqa xatirələr, gecənin sarayı, meşə, xoşbəxtliklər bağı, xoşbəxt gələcək dünyalarına səyahətlərindən bəhs olunur. Səyahət zamanı onlar dünyadan çoxdan köçmüş nənə-babalarının, eləcə də ağacların, heyvanların, işığın və gecənin gizlətdiyi təbiət sirlərinin ruhları ilə qarşılaşırlar. Əsərin sonunda bacı və qardaş yuxudan oyanaraq öz dünyalarına qayıdırlar. Məlum olur ki, onların səyahəti bir gecə ərzində baş verib. Onlar başa düşürlər ki, xoşbəxtlik simvolu olan Göy quş hər kəsin öz qəlbindədir. Hər bir insanın xoşbəxtliyi onun qəlbindəki sevgi və xeyirxahlıqdır. Xoşbəxt olmaq istəyənlər xeyirxah olmağı bacarmalıdırlar. Ən böyük xoşbəxtlik isə ana, valideyn sevgisidir. Əsərdəki uşaq obrazları bəşəriyyətin xoşbəxt gələcəyini simvolizə edərək əsərin ideyasının açılmasına xidmət edir. Göründüyü kimi, dramaturq başqa pyesləri kimi, bu əsərində də xalq nağılının formasından istifadə edərək insanın təbiət qüvvələri, aclıq və müharibə üzərində qələbəsi fikirlərini simvolik şəkildə çatdırır.
Məhz bu dramaturji məziyyətlərinə görə əsər 1908-ci ildən başlayaraq Moskva, Nyu-York, Paris, London və digər dünya paytaхtlarında uğurla tamaşaya qoyulub.
ХХ əsrin əvvəllərində Azərbaycan teatrı da Meterlinkin həmin əsərinə müraciət etmiş və pyes Əbdürrəhim bəy Haqverdiyevin tərcüməsində “Abı quş” adı ilə milli teatrımızın səhnəsində dəfələrlə oynanılmışdı.
Qeyd edək ki, yazıçının ən gözəl səhnə əsərlərindən biri olan “Göy quş” pyesi ötən il iyun ayında Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq Naxçıvan teatrında səhnəyə qoyulan bu ikihissəli fəlsəfi əsər sənət hadisəsi kimi yadda qalıb. Naxçıvan teatrında ilk dəfə Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun rejissorluğu ilə səhnələşdirilib.
Tamaşaya baxışda iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov yaradıcı heyəti uğurlu tamaşa münasibətilə təbrik edərək demişdir: “Naxçıvan teatrında tarixi, dram, komediya və digər janrlarda əsərlər oynanılıb. Son dövrlərdə fəlsəfi janrda yazılmış əsərlər də səhnəyə qoyulur. Belə əsərlərdən biri də “Göy quş” pyesidir. Rejissor işi, səhnə dekorasiyaları, musiqi tərtibatı, peşəkar aktyorlarla yanaşı, muxtar respublikada fəaliyyət göstərən teatrların həvəskar və gənc aktyorlarının çıxışları tamaşanın uğurlu alınmasına səbəb oldu.
...Fəlsəfi janrda yazılmış əsərlər çətin qavranılmasına baxmayaraq, böyük mənalar ifadə edir. Ona görə də tamaşa muxtar respublikanın rayonlarında da göstərilməli, geniş kütləyə təqdim olunmalıdır. Tamaşanın uğurlu alınması həm də Naxçıvanın inkişafının göstəricisidir. Çünki hər bir yerin inkişafı, təkcə iqtisadi inkişafla deyil, həm də mədəni inkişafla ölçü­lür. Mədəni inkişaf olmadan ümumi inkişafı təmin etmək mümkün deyil”.
Yaradıcılığı ilə əbədi şöhrət zirvəsini fəth edən belçikalı yazıçı, şair, esseçi, filosof, Nobel mükafatı laureatı Moris Meterlinkin bədii irsinin öyrənilməsinə və təbliğinə maraq muxtar respublikada gələcəyimiz olan gənc nəsli hərtərəfli dünyagörüşə və bəşəri dəyərlərə malik, dünya klassiklərinin yaradıcılığının ideya-bədii səciyyəvi xüsusiyyətlərindən, onların yaratdıqları şedevrlərdən xəbərdar şəkildə formalaşdırmaq kimi mühüm bir mərama xidmət edir. 

Çinarə İSMAYILOVA
Naxçıvan Dövlət Universitetinin
Elmi Kitabxanasının əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR