Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Bahar” kinoteatrında rayon ağsaqqalları, ziyalıları və gəncləri ilə muxtar respublikada yaşayıb-yaradan yazıçı və şairlərin görüşü, 2018-ci ildə çap olunmuş kitabların təqdimatı keçirilib.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Ağayeva açaraq qeyd edib ki, Naxçıvan şəhəri, həmçinin muxtar respublikamızın bütün rayon mərkəzləri və kəndlərimiz gündən-günə abadlaşır, gözəlləşir, çox böyük quruculuq, yaşıllaşdırma işləri aparılır. Belə tədbirlər hesabına qədim Şərur torpağı da bu gün müasirlik donundadır. Bu proses həm də yaradıcı sənət adamlarının ilham mənbəyinə çevrilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair Asim Yadigar çıxış edərək bildirib ki, görüşün keçirilməsində məqsəd son illərdə muxtar respublikada geniş vüsət alan inkişaf və tərəqqi haqqında söhbət açmaq, bu prosesin ədəbiyyatda salnaməsini yaradan qələm sahiblərinin fəaliyyəti barədə danışmaq, onların 2018-ci ildə işıq üzü görən kitablarını rayon ictimaiyyətinə təqdim etməkdir.
Sonra söz tədbirdə iştirak edən qələm sahiblərinə verilib. Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Hüseyn Əsgərov, Muxtar Məmmədoğlu, İbrahim Yusifoğlu, filologiya üzrə fəlsəfə doktoru Həsənəli Eyvazlı, Muxtar Qasımzadə, Sürəyya Nəsib, Püstə Gülsevən və başqaları muxtar respublikada yaradıcı insanlara göstərilən dövlət qayğısından danışıblar. Qədim diyarımızın bugünkü inkişaf və tərəqqisinin onlar üçün ilham mənbəyi olduğunu və bunu öz əsərlərində qələmə aldıqlarını qeyd ediblər.
Tədbirdə muxtar respublikada yaşayıb-yaradan yazıçı və şairlərin 2018-ci ildə işıq üzü görmüş kitabları barədə söhbət açılıb, ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər bədii qiraət edilib.
Xəbərlər şöbəsi