Dünən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi altında muxtar respublikamızda ilk dəfə keçirilən dram kollektivlərinin ifaçılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, teatr binaları yenidən qurulub və ya əsaslı təmir olunaraq istifadəyə verilib.
Naxçıvanda teatr sənətinin inkişafına xidmət edən yaradıcılıq müsabiqələrinin əhəmiyyətindən danışan nazir diqqətə çatdırıb ki, dram kollektivlərinin ifaçılıq müsabiqəsinin seçim turunda, ümumilikdə, 25 kollektiv, Naxçıvan şəhərindən 9, Ordubad rayonundan 6, Babəkdən 3, Şahbuzdan 3, Culfadan 2, Kəngərli və Sədərək rayonlarından 1 kollektiv iştirak edib. Dram kollektivlərinin ifaçılıq müsabiqəsinin seçim turunun birinci mərhələsi bu ilin oktyabrında Naxçıvan və Ordubad şəhərlərində keçirilib. Naxçıvan şəhəri, Babək, Ordubad, Şahbuz, Kəngərli, Culfa və Sədərək rayonlarından, ümumilikdə, 25 dram kollektivi iştirak edib. Bu seçim turunda Naxçıvan şəhərindən “Nur” və “Sabit”, Culfa rayonundan “Haçadağ”, Babək rayonundan “Gənclik” və “Səbinə”, Ordubad rayonundan “Gilançay” dram kollektivləri əsas tura vəsiqə qazana biliblər. Noyabrın 28-də isə Naxçıvan Dövlət Uşaq Teatrının səhnəsində müsabiqənin əsas turu keçirilib, münsiflər heyətinin qərarına əsasən Culfa rayonunun “Haçadağ” dram kollektivi I, Babək rayonunun “Səbinə” dram kollektivi II, həmin rayonun “Gənclik” dram kollektivi isə III yerə layiq görülüblər.
Sonra ifaçılıq müsabiqəsində fərqlənmiş kollektivlər diplomlarla təltif ediliblər.
Mükafatlandırma başa çatdıqdan sonra Naxçıvan Dövlət Uşaq Teatrı “Bu günün çay dəsgahı” tamaşasını təqdim edib.
Əli RZAYEV