Sərlövhəni oxuyarkən, bəlkə də, mənim İstanbula getdiyimi düşünəcəksiniz. Bəli, getmişdim, ancaq cismən deyil, xəyalən… Şəhərimizdəki Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda görkəmli rəssam İbrahim Səfiyevin ecazkar, möcüzəvi əsərləri, hər birində səsli-küylü, axarlı-baxarlı İstanbulun bir görüntüsü sükuta dalan bu tablolardakı rəng zənginliyinin çalarların saysız incə keçidləri ilə yaratdığı harmoniyanın sehri məni İstanbula aparmışdı. Ruhuma hakim kəsilən bu rəngli, həm də mənalı dünya bir anlıq “Anadolu sahillərinə baxış”la, “Dənizə doğru” nəzərlə məni dənizlərə qərq etdi. İstanbulun bir-birinə bənzəyən küçələrindən birində – “Qədim küçə”də dəqiqələrlə gəzişdim, nabələdliyimdən yolu itirdim, buradan çıxa bilmədim. “Qalata qülləsi” ilə qarşılaşdım. Bu qədim türk memarlıq abidəsinin divarları arasından gələn tarixin səsi məni başqa səmtə – “Sultan Ahmed”ə yönləndirdi. Tarixin keşməkeşlərinə düşdüm. Bu sehrli aləmdən təzəcə ayrılıb, İstanbulun “Saraylar tərəfindən görünüş”ünü seyr edə-edə yenə saysız-hesabsız evlərin əhatəsində çarəsiz qaldım, geriyə yol tapa bilmədim. “Axşama doğru” sanki üzümə bir sillə çırpdı, artıq saatlardır buradasan, axşamdır, – “dedi”. Ayıltdı bu sillə məni, lakin gedə bilmədim, çünki insan zəkasının, təxəyyülünün, istedadının sehrinə düşmüşdüm.
Mən yenidən, həm də bu gözəlliklərdən doyanadək tablolara baxmaq qərarına gəldim. Sərgini bir neçə dəfə fırlandım, lakin tabloların qarşısında dayanarkən, “mən ki bunu heç görməmişəm”, – deyirdim. Çünki hər baxdığımda yeni, həm də mənə tanış, doğma nə isə görürdüm, amma tapa bilmirdim. Tapa bilənə qədər inadla diqqət kəsildim və İstanbulu “canına” hopduran bu tablolarda Naxçıvanı gördüyümü hiss etdim. Öz-özümə, “bu ki açıqca görünür, saatlardır nə üçün görə bilmirəm”, – dedim. Budur, “Qalata qülləsi”nə yenidən baxıram. Bu yaxınlarda Bəhruz Kəngərli Muzeyində olarkən rəssamın Naxçıvanın keçmiş görüntüsü fonunda yaratdığı “Möminə xatın türbəsi” rəsmi canlanır gözlərim qarşısında. Nə qədər bənzər görüntülərdir. “Qonşu həyət”dəyəm, hara baxıramsa, tipik bir Naxçıvan həyəti görürəm: ev, evin quruluşu, çardağı, eyvanı, ağaclar, toyuq-cücə hini, onların həyətdə gəzişmələri… Buradan xeyli aralıda masa düzəldən bir “Usta” nın iş otağı görünür. Bu otaqda, divardan asılan əşyalarda, ustanın geyimində belə, Naxçıvana məxsusluq görürəm. Burdan “Dənizə doğru” yenə bir nəzər salıram, sahil yamaclarına aşağıdan yuxarıya doğru alçaqlı-ucalı kilidləşən evlərin toran vaxtı görüntüsündə Naxçıvan dağlarını görürəm. Yeni bir “Mənzərə” açılır qarşımda, bu, gözəl bir parkdır… ağaclar, yollar, kişilər, qadınlar, tikililər. Bu parkın eynisini mən uşaqlıqda atamla bu şəhərə gələndə görmüşdüm. “Köhnə məscid” də sanki buradakı köhnə məsciddir. Hələ “Vazada çiçəklər”ə bax, bu güllər Naxçıvanda bitən güllərin eynisidir. “Axşama doğru” qoşa minarəmizi də gördüm. Nəhayət, rəssamın ad vermədiyi “Adsız”ın qarşısında dikilib qalıram. Çox
yaxından və daha diqqətlə baxıram. Çünki burada zaman axşamçağına yaxın, mənzərə uzaqdan dağın döşünə səpələnmiş evlərin, həyətlərin görüntüsüdür. Rənglər tünd və solğundur. Rəsm ancaq seçilir. Baxdıqca sanki bu “Adsız”ın adını tapıram. Məncə, bu, rəssamın xəyallarında yaşatdığı Naxçıvandır. Adını rəsmə deyil, qəlbinə həkk etdiyi Naxçıvan...
Sərgidə cəmi 53 rəsm saydım. “Niyə belə az, o ki böyük rəssam olub”, – deyə öz-özümə pıçıldayıram. Elə buradaca bir neçə il bundan əvvəl İbrahim Səfiyevin yaxın dostu Naci Tərzinin respublika qəzetlərindən birinə verdiyi müsahibəsini xatırlayıram. O, jurnalistin rəssamın ailəsi ilə bağlı verdiyi sualı belə cavablandırırdı: – İbrahim Safi 1953-cü ildə – 55 yaşında ikən Zaxarina adlı yunan qadınla evləndi, qadının nəvələri vardı. Zaxarina İbrahim Safini sevən insanları xoşlamırdı, bizim onunla görüşməyimizə mane olmağa çalışırdı. Ancaq İbrahim Safi həmişə mənimlə yaxın ünsiyyətdə olurdu, hara getsə, mənə məktublar yazırdı. Zaxarina ilə arabir Afinaya gedirdilər, oradan mənə yazdığı məktubları saxlayırdım... İbrahim bəy 5 may 1983-cü ildə vəfat etdi. Ölənə qədər 100 fərdi sərgi açmışdı. O vəfat edən kimi Zaxarina ən dəyərli tablolarını Yunanıstana apardı, kiçik tablolarını isə İstanbulda satıb özü Afinaya köçdü. Nə vaxt evinə getsəydim, görürdüm ki, Safi rəsm çəkir. Türkiyənin və Avropanın rəsm bazarında ən çox tablosu olan rəssam İbrahim Safi idi. Məncə, 10 mindən çox tablo çəkib. Zaxarina onun çox gözəl tablolarını Afinaya apardı.
Bu fikirlər qəlbimdə böyük bir təəssüf hissi yaradır və sərgi salonundan ayrılıram. Bayırdakı aramsız yağış, bir də xoş payız lövhələri səhərdən bəri İbrahim Səfiyevin əsərlərinin sehrində özümün özümə suallarım məngənəsində sıxılan hafizəmi aydınlatmağa başlayır. Lakin böyük rəssamın düşündürən və kədərləndirən ömür kitabının təsirindən çıxa bilmirəm. Çox keçmir, Naci bəyin həmin müsahibəsinin ardı düşüncələrimə hakim kəsilir. Naci Tərzi: – …İbrahim Safi Türkiyəyə “rəng” anlayışını gətirmiş sənətkardır. Türk rəssamları rəngin nə olduğunu ondan sonra dərk etməyə başladılar. O həm də beynəlmiləl sənətkar idi. Biz uzun illərdən bəri Avropa Birliyinə üzv olmağa çalışırıq. İbrahim Safi isə o vaxtlar Avropa Birliyinə “daxil olmuşdu”, hər il Avropa ölkələrində bir neçə sərgi açırdı. Mən indiyə qədər onun kimi alicənab, hamıya hörmətlə yanaşan, sənətinə aşiq olan bir adam görməmişəm. Türk rəsm sənəti İbrahim Safidən çox şey öyrəndi.
Müsahibə qəmgin notlarla bitirdi: – İbrahim Safi daim doğulub-böyüdüyü yerlərin xiffətini çəkirdi. Bunu hiss etdirməməyə çalışsa da, mən daim gözlərindəki nisgildən sezirdim. Məncə, İbrahim Safi bu dünyadan gözləri açıq getdi, çünki doğulub-böyüdüyü və 20 yaşında tərk etdiyi doğma yurdunu bir daha görə bilmədi. O vaxtlar dəmir pərdə vardı, Safinin öz vətəninə getməsi mümkün deyildi. Safinin doğulub-böyüdüyü yerdə onun adına muzey açılmasını, əsərlərindən bəzilərinin o muzeydə nümayiş etdirilməsini elə çox istəyirəm ki... Bu işə dəstək verilsə, mən də əlimdən gələn köməyi etməyə hazıram. Ölkəsində Safinin adına muzey və ya onun da əsərlərinin nümayiş etdirildiyi sanballı bir sərgi açılsa, mən də məmnuniyyətlə açılışda iştirak edərəm.
Bu xatırlamadan sonra anladım, nə üçün İstanbulda Naxçıvanı gördüyümü. Fırçasının hər telinə hopan Vətən, yurd sevgisi, sonsuz həsrət, bir də, təbii ki, genetik yaddaş onun əsərlərinin hər birinə doğma Naxçıvanının bir parçasını həkk etmişdi.
Bilmirəm, Naci bəy həyatda yaşayır, ya yox. Kaş ki gələ, görə bilərdi, Naxçıvanda istedadlı insanlara, unudulmaz şəxsiyyətlərə göstərilən sayğını, yaradılan muzeyləri, açılan sərgiləri. Elə bu yaxınlarda muxtar respublika rəhbərinin İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncam görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına, irsinə davamlı diqqətin, qayğının təzahürüdür. Sərəncamdan sonra açılan sərgilər, keçirilən tədbirlər, onun haqqında söylənən dəyərli fikirlər rəssamın ruhunu İstanbuldan Naxçıvana – doğma yurduna gətirdi. İstanbulda yaşatdığı Naxçıvana. İstanbula “köçürdüyü” Naxçıvana...
Mətanət MƏMMƏDOVA