Çoxəsrlik inkişaf tarixinə malik olan zəngin Azərbaycan ədəbiyyatı həmişə başqa xalqların mədəniyyəti və yaradıcılığına qarşı xoşməramlı olub, özünün ədəbi nailiyyətləri ilə digər xalqların ədəbiyyatlarının da inkişafına həmişə böyük təsir göstərib. Azərbaycan ədəbiyyatı özünün inkişaf tarixində başqa xalqların ədəbi nailiyyətlərindən də yeri gəldikcə faydalanıb. Ayrı-ayrı görkəmli ədiblər yaradıcılıqlarında başqa xalqların böyük sənətkarlarının yaradıcılığına, o cümlədən folkloruna müraciət edib, tərcümələrlə bərabər iqtibaslar edib və müxtəlif şəkillərdə bəhrələniblər. XIX əsrdən sonrakı dövrlərdə rus ədəbiyyatı nümayəndələrinin əsərlərinə də maraq güclənib, Avropa və rus ədəbiyyatından ən yaxşı nümunələr Azərbaycan ədəbi mühitinə gətirilib, oxuculara təqdim edilib.
Sovetlər Birliyi dağıldıqdan və Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra da rus xalqı ilə dostluq münasibətlərini qoruyub saxlayan humanist və dostpərvər xalqımız mütərəqqi rus ədəbiyyatı ənənələrinə və onun görkəmli nümayəndələrinin əsərlərinə müraciət edib. Bu sahədə rus ədəbiyyatı klassiklərindən, onun görkəmli nümayəndələrindən olan tərcümələri, xüsusilə diqqətə çatdırmaq lazımdır. Azərbaycan Respublikası Prezidentinin “Latın qrafikalı Azərbaycan əlifbası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” məlum sərəncamından sonra dünya ədəbiyyatı nümunələrindən tərcümə əsərlərinin nəşri həyata keçirilərkən çoxsaylı rus ədəbiyyatı nümayəndələrinin əsərləri də kütləvi şəkildə nəşr edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”na rus klassiki Nikolay Ostrovskinin “Polad necə bərkidi” bioqrafik romanının da daxil edilməsi rus ədəbiyyatının mütaliəsinə və tədqiqinə göstərilən diqqətin təzahürüdür. Bu baxımdan Azərbaycan alim və ziyalılarının rus ədəbiyyatına dair apardıqları tədqiqatların da əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Çoxsaylı oxucu kütləsinin diqqətini cəlb edən əsərlərdən biri də tanınmış publisist-politoloq Reyhan Mirzəzadənin “Rus klassikləri haqqında” adlı yeni əsəridir.
Oxuculara Reyhan Mirzəzadə imzası artıq çoxdan tanışdır. Azərbaycan elmi-ictimai fikrini uğurla təmsil edən bu tanınmış ziyalı həm də çoxsaylı əsərlərin müəllifidir. Onun “Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi” əsəri milli ideologiyaya xidmət edən uğurlu əsərlərdəndir. Rus ədəbiyyatına xüsusi rəğbət göstərən, onu böyük elmi maraq və dərin ziyalılıq məharətilə təhlil edən Reyhan Mirzəzadə artıq bu sahədə bir neçə kitabın müəllifi kimi tanınmaqdadır. Onun bir müddət əvvəl çapdan çıxmış “Rus ədəbiyyatı qəlbimin işığında” əsəri rus ədəbiyyatının tədqiqi və Azərbaycan-rus ədəbi əlaqələrinə töhfədir. Müəllif böyük elmi maraqla rus xalqının dünya mədəniyyətinə bəxş etdiyi nadir ədəbi simalardan olan F.Dostoyevski, S.Yesenin, N.Nekrasov, A.S.Puşkin, N.V.Qoqol, V.Jukovski, M.Lomonosov, M.Y.Lermontov, İ.Turgenev, K.Çukovski, A.Bestujev-Marlinski, A.Sumarokov, Nikolay və Lev Qumilyovlar, Anna Axmatova haqqında olan müxtəlif tədqiqat əsərləri ilə çıxış edərək rus ictimai, elmi və ədəbi fikrindən iftixarla söhbət açır.
Müəllifin “Rus klassikləri haqqında” adlanan növbəti əsəri məhz zəngin mədəniyyət beşiklərindən olan Naxçıvanda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən nəşr edilib. Əsərdə rus xalqının görkəmli yetirmələri haqqında məqalələr toplanıb. Bu şəxsiyyətlərin hər birinin ayrı-ayrılıqda böyük ədəbiyyat və pedaqogika nəhəngi olması hər bir oxucuya məlumdur. Bu mənada, həmin görkəmli şəxsiyyətlərin məşğuliyyət-peşə istiqamətlərinin də müxtəlifliyi diqqəti cəlb edir. Görkəmli şəxsiyyətlər sırasında Aleksandr Sergeyeviç Qriboyedov vaxtilə Azərbaycanda da fəaliyyət göstərmiş diplomat, şair və yazıçı, Anton Pavloviç Çexov böyük yazıçı və rus tənqidi realizminin görkəmli nümayəndəsi, Aleksey Maksimoviç Qorki böyük şair və ictimai xadim, Vladimir Vladimiroviç Mayakovski rus ədəbiyyatı tarixində yeni ədəbi istiqamətin nəhəng başçısı və rus ədəbiyyatının görkəmli nümayəndəsi, əzəmətli şair, Anton Semyonoviç Makarenko isə rus pedaqogika tarixinin ən görkəmli nümayəndələrindən biri və başçısı kimi məşhurdur. Elə əsərin özünəməxsusluğu da ondadır ki, burada müxtəlif sahələri əhatə edən, sanballı tədqiqat və təhlillərlə diqqəti cəlb edən elmi-publisist məqalələr ortaya qoyulmuşdur. Bu da müəllifin həm ədəbiyyatşünaslıq və ədəbi tənqid, həm də pedaqogika sahəsində əhatəli bilik və məlumatlara, sanballı tədqiqatçılıq məharətinə malik olduğunun göstəricisidir. O, ədəbi materialı bir ədəbiyyatşünas-tənqidçi, pedaqoji faktları isə bir pedaqoq-tədqiqatçı kimi araşdırır, təhlil edir.
Diqqəti cəlb edən mühüm amillərdən biri də əsərin səlis, oxunaqlı və üslubi cəhətdən olduqca zəngin, ifadəli dilidir. Publisistikanın imkanlarından bacarıqla istifadə olunan araşdırmada, müəllifin etdiyi tərcümələrdə dil imkanlarından məharətlə istifadə olunub. Buna görə də əsər olduqca oxunaqlı təsir bağışlayır. Hətta elmi-tədqiqat və təqdim bacarığı, hər bir şəxsiyyət haqqında düşüncələrin zənginləşdirilməsində özünü göstərir. Müəllif hər bir şəxsiyyəti məşğuliyyət və peşə sahəsinin müxtəlifliyindən asılı olmayaraq, çox məharətlə tədqiq və təqdim edir, onu bütün incəlikləri, dərinliyi ilə ortaya çıxarır. Seçilən başlıqlar da, tədqiqat və təqdimatın dili də, forma zənginliyi və özünəməxsusluğu da yeni nəşrin təqdirəlayiq səciyyəvi xüsusiyyətlərindəndir.
“Millətin zəkası ilə düşünən şair-diplomat”, “Dünya şöhrətli yazıçı və dramaturq”, “Dahi rus yazıçısı Aleksey Maksimoviç Qorki”, “Qafqaz oğlu, rus övladı – qüdrətli Mayakovski”, “Pedaqogikada misligörünməmiş təcrübə” kimi başlıqlar publisistik məharətilə diqqəti cəlb edərək materiala maraqlı giriş və mütaliə sövqü yaradır. Hər bir əsərdə başlıqdan sonra təqdim edilən çoxsaylı epiqraflar da mətnə zənginlik gətirir, onu oxunaqlı edir. Müəllif bəhs etdiyi bir görkəmli şəxsiyyət haqqında təkcə səthi məlumatlarla kifayətlənmir, əhatəli təhlillər aparmaqla həmin şəxsiyyət haqqında dərin təəssürat yaratmağa səy göstərir. Reyhan Mirzəzadə tədqiq etdiyi hər bir rus klassikinin həyat və yaradıcılığının, fəaliyyətinin dərinliklərinə enir, olduqca maraqlı, bənzərsiz fakt və məlumatlar ortaya qoyur. Kitabda, həmçinin Azərbaycan ictimai-ədəbi fikir müstəvisindən bu nəhəng şəxsiyyətlərin irsinə baxış formatı təsbit edilir. Bu baxış müstəvisi bir qədər də genişləndirilərək ən gözəl tərcümə nümunələri və dəyərli faktlar, Azərbaycan alim və yazıçılarının sanballı fikirləri təqdim olunur.
Reyhan Mirzəzadənin ədəbiyyata dərin sevgi ilə yazılmış məqalələri rus ictimai-ədəbi fikrinin görkəmli şəxsiyyətlərinin canlı obrazları, onların yaradıcılıqları haqqında təəssüratlarla zəngindir. Bu məqalələrdə təkcə ədəbi şəxsiyyətlər barəsində quru statistik məlumatlar deyil, onların yaradıcılıqları haqqında maraqlı elmi qənaətlər yer alır. Sanki bu görkəmli fəaliyyət sahiblərinin qələmlərinin səsini eşitməyə, daxildən gələn səslərini dinləməyə sövq edir. Elmi-ədəbi faktlarla zəngin olan əsər həm də fundamental dərs vəsaiti kimi də qəbul edilə bilən bir nəşrdir.
Yeni nəşr geniş oxucu kütləsi, o cümlədən tələbə və müəllimlər, jurnalist və pedaqoqlar, eləcə də digər peşə adamları üçün əhəmiyyətlidir.
Ramiz QASIMOV
filologiya üzrə fəlsəfə doktoru, dosent