Cənubi Qafqazı Yaxın Şərqlə bağlayan ən mühüm ticarət yollarının bir qolu da vaxtilə Naxçıvandan keçib. Araşdırmalar göstərir ki, muxtar respublika ərazisində olan Culfa, Qızılburun və Şahtaxtı keçidləri hələ eramızdan əvvəl VI-V minilliklərdə istifadə olunub. Orta əsrlərdə Şərqlə Qərbi bağlayan məşhur İpək Yolu da bu istiqamətdə davam edib. Əlverişli mövqelərdə yerləşdikləri üçün bu keçid məntəqələrindən indi də istifadə olunmaqdadır.
Qədim dövrdə metal və qeyri-metal faydalı qazıntılarının, ipək və sənətkarlıq məmulatlarının mübadiləsində bu keçid məntəqələrindən geniş istifadə edilib.
Naxçıvan şəhərinin orta əsr mənbələrində “Nəqşicahan” adı ilə tanınması heç də təsadüfi deyil. Azərbaycanın mərkəzində yerləşən bu şəhər tarixin müxtəlif dövrlərində beynəlxalq ticarətin mərkəzi olub. 2017-ci ildə Naxçıvan şəhəri ərazisindən aşkar olunan arxeoloji materiallar bu qədim diyarımızda hələ eramızdan əvvəl V minillikdə mühüm mədəniyyət mərkəzlərinin olduğunu təsdiq edir. İslam dininin qəbulundan sonra bu şəhərin ticarət və mədəniyyət mərkəzi kimi əhəmiyyəti daha da artıb, şəhər əvvəlcə Naxçıvanşahlığın, daha sonra isə Atabəylər dövlətinin paytaxtı olub. Elxanilər, Azərbaycanın feodal dövlətləri və Azərbaycanda mərkəzləşmiş dövlətin yaranmasından sonra da Naxçıvan Azərbaycanın mühüm ticarət və sənətkarlıq mərkəzi kimi tanınıb. Bu sahələrin inkişafı isə iqtisadi-mədəni əlaqələrin genişlənməsinə səbəb olub, mülki tikililərin, xüsusilə ticarət karvanlarının rahatlığını və təhlükəsizliyini təmin edən karvansarayların tikilməsini zərurətə çevirib. Karvansaraylar, əsasən, iki qrupa bölünürdü: şəhər karvansarayları və yolüstü karvansaraylar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına uyğun olaraq muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin qeydə alınması zamanı müəyyən olunub ki, Naxçıvandakı yolüstü karvansaraylar geniş şəbəkəyə malik imiş. Bu karvansaraylar Naxçıvan ərazisindən keçən ticarət yollarının istiqamətini də müəyyənləşdirməyə imkan verib. Karvansarayların bir qrupu Araz çayı vadisi boyunca salınan Xaraba Gilan, Culfa, Camaldın, Xarabaşəhər, Xok, Yurdçu və digər karvansaraylardan ibarətdir. Təbrizdən Culfaya, oradan isə İrəvan və Tiflisə gedən ticarət yolu üzərində olan bu karvansaraylar tacir və sənətkarların istirahəti üçün çox önəmli idi. Camaldın və Yurdçu karvansaraylarının böyük ərazini əhatə etmələri onlardan daha çox istifadə olunduğunu, bu yolun əhəmiyyətini bir daha göstərir. Dəstə kəndi yaxınlığındakı karvansaray bu yolun Ordubada qədər getdiyini təsdiq edir. Bununla belə Naxçıvanda müvəqqəti gecələmək üçün kiçik karvansaraylar da olub. Batabat meşəsindəki kiçikölçülü, ikiotaqlı karvansaray buna nümunə sayıla bilər.
Araz vadisi boyunca uzanan ticarət yolu qədim dövrlərdən istifadə edilib və orta əsrlərdə xüsusi əhəmiyyət daşıyıb. Bu istiqamətdə yerləşən karvansaraylar içərisində Culfa yaxınlığında yerləşən karvansaray xüsusilə əhəmiyyətli olub. Ziya-ül-Mülk və Şah Abbas körpülərinin qalıqları hazırda bu karvansarayın yaxınlığında yerləşir. Karvansaray vaxtilə ölkəmizin iqtisadi-mədəni həyatında mühüm rol oynayan “Ölən şəhər”in ərazisindədir. Torpaq altında qalan bu karvansarayın qalıqları 1974-1978-ci illərdə aparılan qazıntılar zamanı üzə çıxarılıb. Culfa karvansarayı indiyədək Azərbaycanda qeydə alınan tikililərdən ən böyüyüdür. Onun ümumi uzunluğu 37 metrdir. Qazıntılar zamanı müəyyən olunub ki, karvansarayın böyük bir qismi Culfa dəmir yolu çəkilərkən dağıdılıb. Araşdırmalar zamanı aşkar olunub ki, onun girişi Araz çayı tərəfdən olub. Araz çayının o biri tayında da eynitipli karvansarayın yerləşməsi onların bir-biri ilə əlaqəli olduğunu göstərir. Tədqiqatçıların fikrinə görə, körpü tikilməmişdən əvvəl bu iki karvansaray arasında bərə keçidi vasitəsilə əlaqə olub. Bu yerlər karvanların, həmçinin onların sahiblərinin, tacirlərin gecələməsi və istirahəti üçün olduqca əlverişli idi. Yəqin elə buna görə XVII əsr fransız səyyahı Tavarniye karvansarayları yeməkxanalı otellər adlandırıb.
Karvan ticarətində “Ölən şəhər”in də böyük rolu olub. Yaşayış yeri şimalda hündür dağ silsiləsi, cənubda Araz çayı, qərbdə qəbiristanlıqla məhdudlaşır. Yaşayış yeri ərazinin relyefinə uyğun olaraq, Araz çayının sol sahilində, ensiz zolaq şəklində qərbdən-şərqə doğru uzanır. Burada mövcud olmuş evlər tamamilə dağıdılıb, tikinti qalıqları ətrafa səpələnib. Abidənin üzərini başdan-başa bişmiş kərpic parçaları örtür. Görünür ki, tikililər, əsasən, bişmiş kərpicdən inşa olunub. Yaşayış yerində şirli və şirsiz gil məmulatına, mis sikkələrə və başqa maddi-mədəniyyət qalıqlarına təsadüf edilir. Şirli saxsı məmulatının az bir qismi Çin mənşəli seladon qablardan ibarətdir. Şübhəsiz ki, Gülüstan və Şah Abbas körpüsü yaxınlığında yerləşən bu yaşayış yeri orta əsr ticarətində mühüm yer tutub.
Karvan yolu üzərində yerləşən qədim yaşayış yerinin və tarixi abidələrinin haqqında orta əsr müəlliflərinin əsərlərində məlumatlar vardır. Bəzi mənbələrdə bu şəhər V əsrdən başlayaraq xatırlanır. Şəhər Atabəylər dövlətinin formalaşması və inkişafı ilə əlaqədar X-XII əsrlərdə, xüsusilə inkişaf edib. Şərq ölkələrini Qərblə bağlayan mühüm ticarət yolları məhz bu ərazidən keçirdi. Şəhər XVI əsrdə, Səfəvilər dövründə, xüsusilə inkişaf edib, ikinci intibah dövrü yaşayıb. Şah Abbas körpüsünün inşası da məhz bu dövrə təsadüf edir. Mənbələrin məlumatına görə, bu yaşayış məntəqəsi 10 kvartal, 4 min evdən ibarət olub, əhalisinin sayı isə 20-40 minə çatıb. Şəhər Qərbi Avropa ölkələri və Hindistanla geniş ticarət əlaqələri qurub, xarici ticarətdə xam ipək, zərgərlik və dulusçuluq məmulatları, tikmə və daş üzərində oyma nümunələri geniş yer tutub. XVII əsrin əvvəllərində şəhər Osmanlı imperiyasının hakimiyyəti altına keçib, lakin 1603-cü ildə yenidən Səfəvilərin tərkibinə qatılıb.
Karvansaraylar həm beynəlxalq, həm də daxili ticarətdə mühüm rol oynayıb. Hazırda muxtar respublikanın müxtəlif kəndlərində qalıqları qalan bu karvansaraylar Naxçıvan əhalisinin Azərbaycanın şimal və cənub bölgələri ilə əlaqə saxlaması üçün əlverişli şərait yaradıb.
Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra muxtar respublika ərazisində türk-islam mədəniyyəti abidələrinə qayğı artıb, onlarla məscid, xatirə abidəsi və mülki tikililər bərpa edilərək xalqımızın istifadəsinə verilib.
Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü