23 Dekabr 2024, Bazar ertəsi

Fevralın 16-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dünya şöhrətli bəstəkar Qara Qarayevin 100 illik yubileyi qeyd olunub.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova tədbirdə çıxış edərək bildirib ki, 2018-ci ilin fevral ayında Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illiyi tamam olur. Prezident cənab İlham Əliyev 2017-ci il 17 oktyabr tarixdə “Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən görkəmli bəstəkarın yubileyi ölkəmizdə müxtəlif mədəni tədbirlərlə qeyd olunur.
Vurğulanıb ki, bəstəkarın dahi Nizami Gəncəvinin eyniadlı poeması əsasında “Yeddi gözəl”, Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri, fransız yazıçısı Anri Barbüsün novellası əsasında “Zəriflik” monooperası, Aleksandr Puşkinin şeirlərinə bəstələdiyi “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları, “Könül mahnısı”, “Səadət mahnısı” kantataları, fransız dramaturqu Edmond Rostanın “Sirano de Berjerak” komediyası əsasında “Çılğın qaskoniyalı” müzikli və digər əsərləri öz orijinallıqları ilə daim yadda qalacaq və seviləcəkdir.
Nazir bildirib ki, Qara Qarayev çağdaş Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzedilməz rolu olan bəstəkardır. O, musiqi tariximizə yeni milli bəstəkarlıq məktəbinin yaradıcısı kimi daxil olub. Onun özünəməxsus, dərin fəlsəfi məzmunu və yüksək professionallığı ilə seçilən əsərləri yalnız Azərbaycanda deyil, keçmiş Sovetlər Birliyində, hətta ABŞ, İngiltərə, Fransa, Almaniya, Misir, Türkiyə, Çexiya, Polşa, Rumıniya və başqa ölkələrdə böyük şöhrət qazanıb və bu gün də konsert proqramlarında, musiqili teatrların repertuarlarında layiqli yer tutmaqdadır.
Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Əməkdar incəsənət xadimi Yaşar Xəlilov “Qara Qarayev məktəbi” mövzusunda çıxışında deyib ki, bəstəkarın yaradıcılıq məktəbi milli olduğu qədər də ümumbəşəridir. Onun özünəməxsus, bənzərsiz üslubu həmişə diqqəti cəlb edir. Böyük sənətkar həm də əvəzsiz bir novator idi. Bəstəkarın bütün əsərləri orijinal­dır, bu gün üçün də, gələcək üçün də müasirliyi ilə seçilir.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Kamera və Xalq Çalğı Alətləri orkestr­lərinin, xor kollektivinin ifasında böyük bəstəkarın əsərlərindən ibarət konsert olub. Bədii rəhbəri və baş dirijoru Xalq artisti Çingiz Axundov olan kamera orkestrinin ifasında bəstəkarın “Don Kixot” simfonik qravürlərindən nümunələr, “İldırımlı yollarla”, “Yeddi gözəl” baletlərindən və başqa əsərlərindən seçilmiş ecazkar musiqilər səslənib.
Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyevin və Samir Əsgərovun dirijor­luğu ilə bəstəkarın müxtəlif mövzulu və janrlı musiqi əsərlərini ifa edib. Solistlərdən Azərbaycan Respublikasının Əməkdar artisti Gülyanaq Fərzəliyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elçin Nağıyev və Rahim Əsgərzadənin ifaları alqışlarla qarşılanıb.
Konsert Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Mahirə Əsgərovanın xormeysterliyi ilə bəstəkarın “Böyük xilaskar” kantatası ilə başa çatıb.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR