“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın ikinci günü – martın 16-da Bakı məktəbliləri muxtar respublikanın Ordubad və Culfa rayonlarının ərazisində yerləşən tarixi abidələr və mədəniyyət müəssisələri ilə tanış olublar.
Şagirdlər əvvəlcə Ordubad şəhərində yerləşən 3 nömrəli tam orta məktəbə gəliblər. Burada tur-aksiya iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, 774 şagird yerlik məktəbdə 5-i elektron lövhəli olmaqla, 45 sinif otağı var. Məktəbin kitabxanasında 14 minədək kitab mövcuddur. Təhsil ocağında 57 kompüter şagirdlərin istifadəsindədir.
Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə gələn məktəblilərə məlumat verilib ki, muzey XII əsr abidəsi olan “Qeysəriyyə” binasında yerləşir. “Qeysəriyyə” dünyadakı nadir abidələrdən biridir. Belə tikililərə dünyanın 3 yerində – Səmərqənd, Təbriz və Ordubad şəhərlərində rast gəlinir.
Paytaxt məktəbliləri görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin, Azərbaycan nəsrində tarixi romanlar banisi Məmməd Səid Ordubadinin və akademik Yusif Məmmədəliyevin Ordubad şəhərindəki ev-muzeyləri ilə tanış olublar.
Culfa rayonuna ekskursiya zamanı məktəblilər Gülüstan türbəsinə gəliblər. Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli Sərəncamına əsasən rayon ərazisində yerləşən dünya əhəmiyyətli Gülüstan türbəsi elmi və tarixi əsaslarla bərpa olunub. XII əsrə aid olan türbənin bərpa edilməsi xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir.
Məktəblilərin səfər etdikləri məkanlardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən bərpaolunan Əlincəqala tarixi abidəsi və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi olub. Qala divarları və bürclər əzəmətli görkəmi ilə Naxçıvan memarlıq məktəbinin qədim izlərini özündə yaşadır. “Əlincəqala” tarixi abidəsinin bərpa olunması xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və bütün dünyada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Günün sonunda “Duzdağ” otelində tur-aksiya iştirakçıları üçün Naxçıvan Dövlət Filarmoniyasının kamera orkestrinin konserti olub.
* * *
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasında olan Bakı şəhər məktəbliləri ilə həmsöhbət olduq.
Xətai rayonundakı Humanitar Təmayüllü Liseyin 11-ci sinif şagirdi Gülçin Hacıyeva:
– Həqiqətən də, ölkəmizin hər bir guşəsi gözəldir. Naxçıvanın gözəlliyi isə bənzərsizdir. Burada tarixlə müasirlik gözlər önündə canlanır. Naxçıvanda olduğumuz iki gün ərzində bir çox tarixi-mədəni abidələrlə tanış olmuş, dəyərli məlumatlar toplamışıq. Ordubad və Culfa rayonlarının ərazisindəki tarixi abidələr tarixi keçmişimiz haqda məndə çox böyük təəssürat yaratdı. Gülüstan abidəsi haqqında indiyədək bilmədiyim çox məlumatlar əldə etdim. Sevinirəm ki, Bakıya qayıdanda öz yoldaşlarıma deməyə çox sözüm olacaq. Bütün şagirdlər adından tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm.
Nəsimi rayon 5 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Fərid Əliyev:
– Əmir Teymurun qoşunlarına 14 il müqavimət göstərən, Azərbaycanın əyilməzlik və mübarizlik simvolu olan Əlincəqalada olmaq mənim üçün qürurverici idi. Burada öyrəndik ki, Əlincəqala orta əsrlərdə Azərbaycanda fəaliyyət göstərmiş dövlətlərin tarixində, eləcə də Azərbaycan xalqının azadlıq mübarizəsində əvəzolunmaz rol oynayıb. “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi qədim tariximizin yaşadılması baxımından çox vacibdir.
“Bu cür tur-aksiyaların təşkil olunması hər bir məktəbli üçün əla fürsətdir”, – deyən Fərid Əliyev vurğuladı ki, biz şagirdlər Azərbaycanın tarixi dövlətçiliyinin beşiyi olan muxtar respublika ilə tanış olmaqla, həm də qədim tariximizi və mədəniyyətimizi daha yaxından öyrənmək imkanı qazanırıq.
Tural AĞAYEV