Uşaqların hərtərəfli formalaşmasında müxtəlif fənlərin tədrisi zamanı folklor nümunələrinin yer almasının da önəmi çoxdur. Folklor şifahi xalq ədəbiyyatımızın qiymətli nümunələri olmaqla yanaşı, həm də uşaqların hərtərəfli inkişafına və yaradıcılıq qabiliyyətlərinin formalaşmasına böyük təsir edir. Qeyd edək ki, zəngin folklor nümunələrinin əksəriyyəti xüsusi olaraq uşaqlar üçün yaradılmışdır. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”. Uşaqlar, həqiqətən də, bizim gələcəyimizin təminatçılarıdır. Onları vətənpərvər ruhda böyütməkdə, kiçik yaşlarından etibarən Vətənə sevgi hissi aşılamaqda folklor nümunələrinin rolu böyükdür.
Uşaq ana dilini öyrənməyə ana laylası ilə başlayır. Bir sözlə, uşaq dünyaya göz açan gündən folklor nümunələri ilə qarşılaşır, anaların şirin laylası ilə uyuyur, nənələrin, xalaların, bibilərin həzin mahnıları ilə əzizlənir, onlara xoş gələn duzlu oxşamalarla gülür, yanıltmaclarla dil açır və beləcə, həyatda mənəvi nemətlərdən ilk payını alır. Uşaqlar yaşa dolduqca folklorun digər nümunələri ilə də tanış olur, bununla qidalanırlar. Onların beynində, ruhunda Vətən sevgisi yaranır və elə də böyüyürlər. Hətta məktəbəqədərki dövrdə kifayət qədər şeirlər əzbərləyir, nağıllar öyrənirlər. Bu biliyə malik olan uşaqlar məktəbə böyük bir həvəslə gəlirlər. Amma bəzi hallarda bu həvəsi uşaqlarda inkişaf etdirmək yerinə kiçikyaşlı məktəblilərin poeziyaya olan marağını konkret bir qəlibə salıb, onları məhdudlaşdırırıq. Bunun nəticəsi olaraq dünən şeirləri, nağılları, əfsanələri, tapmacaları çox asanlıqla əzbərləyən, öyrənən bir uşaq birdən-birə passivləşir. Məktəbə qədər uzun-uzadı foklor nümunələrini birnəfəsə deyən balacalar sanki çevrilib başqa uşaq olurlar. Çünki foklor dünyasından, azad bir dünyadan çərçivələnmiş bir aləmə düşürlər. Bunun qarşısını almaq lazımdır. Bu da ibtidai sinif müəllimlərinin üzərinə düşür. Yəni poetikanın əsas xüsusiyyətlərini öyrətmək üçün müəllim özü bir ədəbiyyatşünas kimi onun ən incə xüsusiyyətlərini dərk etməli və ibtidai siniflərdə tədris prosesində folklorla bağlı dərslərin, tapşırıqların yerinə yetirilməsinə ciddi yanaşmalıdır.
İbtidai siniflərdə folkloru elə mənimsətmək lazımdır ki, şagirdlər bu qiymətli xalq yaradıcılığı nümunələrimizi həmişəlik yaddaşlarında saxlasınlar. Folklorumuz özü bir tərbiyə üsuludur. Müəllim şagirdlərə həm folklor nümunələrini, həm folklor oyunlarını öyrətməli, həm də məktəbə qədər öyrəndiklərini təkmilləşdirməlidir. Demək, müəllimin üzərinə böyük məsuliyyət düşür. Müəllim şagirdə folkloru mexaniki şəkildə əzbərlətməklə deyil, onu dərk edərək öyrətməklə daha yüksək nəticə əldə edə bilər. İbtidai siniflərdə uşaq folkloruna nə qədər geniş yer verilsə, bir o qədər yaxşıdır. Həmçinin dərsdən sonra sinifdənxaric tapşırıqlarda belə, folklorun öyrənilməsinə geniş yer ayrılmalıdır. Xalqın keçmişindən bu gününə kimi davam edən folklor nümunələri şagirdlərə geniş və dolğun şəkildə öyrədilməlidir ki, onlar da bu zəngin nümunələri gələcək nəsillərə olduğu kimi çatdırsınlar.
Şagirdlərə folklorun dərindən mənimsədilməsinin əsas əhəmiyyətindən biri odur ki, gələcəkdə hansısa bir xalqın nümayəndəsi Azərbaycan folklor nümunələrini öz adına çıxmaq istəsə, o, bunun yanlış olduğunu bilib, etiraz edəcək.
Folklorun mənimsədilməsinin əsas yollarından biri də əyanilikdir. Naxçıvanda bütün tam orta məktəblərdə elektron lövhələrdən istifadə imkanları genişdir. Müəllim bu texnologiyalardan istifadə etməklə folklorumuzu şagirdlərin yaddaşında asanlıqla qalacaq şəkildə mənimsədə bilər.
Folklor nümunələrinin, demək olar ki, çox növü şagirdlərə tədris olunur. Uşaq folkloru janrlarından biri olan tapmacalar daha çox şagirdlərin diqqətini çəkir və onların marağına səbəb olur. Məsələn, müəllim şagirdlərə tapmacaları keçəndə maraqlı əyani vasitələr və slaydlar hazırlayaraq onların yüksək səviyyədə mənimsəməsinə nail ola bilər. İstər əyani vəsaitlər, istərsə də slaydlar elə hazırlanmalıdır ki, uşaqların tapmacaları asanlıqla tapmasına köməklik etsin. Həmçinin müəllim şagirdlərin yaşını və qavrama səviyyəsini nəzərə alıb onlara uyğun tapmacalar seçməlidir. Çünki tapmacaları öyrədəndə istər müəllim, istərsə də valideyn folklor nümunələrini uşaqlara mənimsətməklə yanaşı, həm də onların məntiqini inkişaf etdirir. Belə desək, kiçikyaşlı məktəblilərin məntiqi təfəkkürünün formalaşmasında tapmacaların rolu böyükdür. Elə tapmacalara aid bir neçə nümunəyə diqqət yetirək.
Bir cüt rəqəmim var,
Yerini dəyişəndə otuz üç artır.
Tap görək hansıdır onlar?
(66 rəqəmidir tərsinə çevirəndə 99 alınır)
Bu necə sirdir,
Görəsən o nədir?
Biri öldürür, biri dirildir.
(qışda ağaclar ölür, yazda dirilir)
Laylalar, tapmacalar kimi uşaqların tərbiyəsində mühüm rol oynayan janrlardan biri də nağıllardır. Şifahi xalq ədəbiyyatının epik növünün ən qədim, ən çox yayılmış, çox sevilən və həcmcə ən böyük janrı olan nağıllar uşaqların tərbiyəsində, onların dünyagörüşünün artmasında, vətənpərvər ruhda böyümələrində, yaxşı əməl sahibi olmalarında, bir sözlə, mükəmməl fərd kimi formalaşmalarında mühüm yer tutur. Məhz buna görə də nağılların öyrədilməsinə xüsusi önəm vermək gərəkdir. Nağılları danışarkən nə qədər canlılıq yaratsaq, bir o qədər yüksək nəticə əldə etmiş olarıq. Onları öyrədərkən yaxşı olar ki, nağıl qəhrəmanlarının şəkillərini əks etdirən slaydlar hazırlansın. Uşaqların iştirakı ilə nağıl qəhrəmanlarını əks etdirən kiçik səhnəciklər, nağıllarla bağlı suallar hazırlanması da onlarda maraq doğurar.
Məsələn, suallar bu istiqamətdə ola bilər: Nağılın müəllifi sən olsaydın, onu necə adlandırardın? Nəyə görə? Nağılın müəllifi sən olsaydın, sonunu necə bitirərdin? Sən nağıl qoşsaydın nələrə diqqət edərdin? Nağıldakı qəhrəmana nə demək istərdin? Bu kimi suallarla uşaqlar öz təfəkkürlərini inkişaf etdirə bilərlər.
Folkloru uşaqlara, şagirdlərə sevdirməliyik. Gələcək nəsillər də bu zənginlikdən faydalansın deyə, bunu qoruyub nəsillərdən-nəsillərə, əsrlərdən-əsrlərə ötürməliyik.
Çinarə RZAYEVA
filologiya üzrə fəlsəfə doktoru