23 Dekabr 2024, Bazar ertəsi

Elə insanlar var ki, onların həyat yolu, mübarizə əzmi çoxlarına örnəkdir. Taleyin tuş gəldiyi maneələrə baxmayaraq, sağlamlıq imkanları məhdud olan belə insanlarla söhbətləşdikcə, onları yaxından tanıdıqca bacarıq və istedadın heç bir sərhədə sığmadığının şahidi olursan. Qəlbi həyat eşqi ilə döyünən belə insanlarımız muxtar respublikamızda onlar üçün yaradılmış şəraitdən lazımınca istifadə edir, öz bilik və bacarıqlarını, istedadlarını həyatın müxtəlif sahələrində sınayırlar. Bu gün muxtar respublikamızda ədəbi yaradıcılıqda, incəsənətin müxtəlif sahələrində öz sözünü deməyi bacaran onlarla sağlamlıq imkanları məhdud insanlar var. Biz isə bu yazıda məhz bu cür istedadlı insanları bir kollektivdə birləşdirən “İnam” musiqi qrupu haqqında söhbət açacağıq.

 

Qeyd edək ki, “İnam” musiqi qrupu ölkəmizdə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən 2011-ci ildə yaradılan sağlamlıq imkanları məhdud ifaçılardan ibarət musiqi qrupudur. Qrupun yaradılmasında məqsəd bu qəbildən olan insanların istedad və bacarıqlarının təbliğ edilməsi, onların cəmiyyətə inteqrasiyasının təmin olunmasıdır. Ansamblın bədii rəhbəri Əkbər Əliyev bizimlə söhbətində bildirdi ki, hazırda ansamblın 9 üzvü var. Müasir texniki avadanlıqlarla təmin olunan qrup üzvləri tar, kamança, saz, qanun, ud, zərb alətlərində ifa edirlər. Ansamblda müğənni kimi fəaliyyət göstərən Məhəmməd Əliyevin sözlərinə görə, onların ilk konserti Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində baş tutub. Artıq 7 ildir, fəaliyyətdə olan qrup muxtar respublikada keçirilən mədəni-kütləvi tədbirlərdə fəallıq göstərir, keçirilən bayram tədbirlərində Ahıllar evində, əsgərlər qarşısında konsert pro­qramları ilə çıxış edirlər. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay təşkil olunan konsert proqramlarında ansamblın üzvlərinə nazirlik tərəfindən müəyyən məvacib ödənilir. Fiziki məhdudiyyətlərinə baxmayaraq, sənətə böyük məhəbbətlə bağlanan üzvlərin Regional İnformasiya Mərkəzində onlar üçün ayrılan məşq zalı var ki, hər dəfə konsert proqramından öncə burada məşq edirlər.
Növbəti məşq prosesi zamanı “İnam” musiqi qrupunun üzvlərindən tar ifaçısı Sənan Salmanovla tanış olduq. 1969-cu ildə Ordubad rayonunun Unus kəndində anadan olan Sənan müəllim hazırda ansamblda konsertmeyster kimi fəaliyyət göstərir. Qaranlıq dünyanın onu üz-üzə buraxdığı məhdudiyyətlərlə heç zaman barışmayan həmsöhbətimiz bildirdi ki, zamanla qarşısına müəyyən məqsədlər qoyub və həyatdan ümidini heç zaman üzməyib. Heç bir əngəlin onu arzularından məhrum edə bilməyəcəyini düşünən Sənan Salmanov Bakı şəhərində fəaliyyət göstərən gözdən əlillər üçün internat məktəbində orta təhsilini başa vurub. Hələ uşaq yaşlarından həssas musiqi duyumu olan Sənan Salmanov Bakı Şəhər Musiqi Kollecinə daxil olub və bu məktəbi müvəffəqiyyətlə bitirib. O, bununla kifayətlənməyib, Naxçıvan Dövlət Konservatoriyasında təhsilin daha bir pilləsinə qədəm qoyub. Konservatoriyanı bitirdikdən sonra Naxçıvan şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində həm də pedaqoji fəaliyyətlə məşğuldur. Hazırda həm müəllim, həm də musiqi qrupunun konsertmeysteri kimi çalışan Sənan Salmanov dünənin ağrılı-acılı günlərini xatırlayarkən kədərlənsə də, bu günün xoş təəssüratlarını bizimlə bölüşərkən üzündəki xoşbəxt təbəssümü sezməmək olmur. Onun dediklərindən: “O zamanlar bu kateqoriyadan olan insanlar taleyin onlara qismət etdiyi bu cür ağır sınağın çətinliklərinə boyun əyib, həyata küskün, diqqət­dənkənar, ümidsiz, qayğısız ömür yaşamağa məcbur olurdular. Ancaq bu gün dövlətimiz belə insanları çarəsizliyin məngənəsində sıxılmağa qoymur. Onların sosial şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının yüksəldilməsi yönündə muxtar respublikamızda davamlı işlər aparılır, cəmiyyətə inteqrasiyaları, reabilitasiyaları üçün lazımi şərait yaradılır”. 1990-cı ildə ailə həyatı quran Sənan müəllim deyir ki, bir vaxtlar Naxçıvan şəhərində yerləşən Gözdən Əlillər Cəmiyyətinə məxsus olan kiçik yataqxana var idi. 25 nəfərlik gözdən əlil ailəni təmsil edən yataqxanada ailəmlə birlikdə çox çətinliklərə sinə gərdik. Lakin bu ağır sınaqların üstündən çox keçmədi ki, mənim kimi neçə-neçə kövrək ürəklərə həmdəm olan dövlətimiz həyatımıza xoş ovqat bəxş etdi. Əlillər üçün tikilən evlə təmin olunduq. Bu hələ bizim üçün yaradılan qayğının kiçik bir hissəsidir. Bu gün dövlətimiz tərəfindən daim diqqət mərkəzində olmaq bizi həyata daha sıx tellərlə bağlayır, mübarizə əzmimizi artırır.
Bəli, həyatda sağlam yaşamaq hər kəsin qismətində olmur. Bəziləri dünyaya göz açarkən, bəziləri isə sonradan bədbəxt hadisələr nəticəsində sağlamlıqlarından məhrum olur. Ancaq dövlətimizin bu qəbildən olan insanlara qayğıkeş münasibəti nəticəsində onların yaşamaq, qurub-yaratmaq əzminin nə qədər yüksək olduğunu görməmək mümkün deyil. Bu isə Sənan Salmanov kimi neçə-neçə insanların simasında “İnam” qrupunun bütün üzvlərinin sabaha olan inamını daha da artırır.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR