Naxçıvan tarixi abidələrlə zəngin bir diyardır. Ulu babalarımızın yadigarı olan bu abidələr bizə keçmişimizdən xəbər verir, məxsus olduğu dövrün mədəni mühitini, xalqımızın sənətkarlıq xüsusiyyətlərini, təfəkkür və düşüncə tərzini özündə yaşadır. Buna görə də tarixi abidələrin mühafizəsi və tədqiqi maddi-mənəvi irsimizin qorunub gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.
Ölkəmizdə tarixi abidələrə qayğının dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. “Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi üçün zəruri qanunların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır”, – deyən ulu öndərin rəhbərliyi ilə bu sahədə dövlət siyasətini həyata keçirmək üçün zəngin qanunvericilik bazası yaradılıb. Məhz bu bazanın əsasında yaşı yüz illərlə ölçülən tarixi-mədəni tikililərimizin bərpası, qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər görülür. Əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də muxtar respublikamızın müxtəlif bölgələrində tarixi abidələrin bərpası və əsaslı təmiri diqqət mərkəzində saxlanılıb.
Qeyd edək ki, Naxçıvan ərazisindəki tarixi abidələri ümumi ortaq dəyər birləşdirir: türk və islam bağlılığı. Bu iki amil onun göstəricisidir ki, Naxçıvan tarixən qədim türk-oğuz yurdu olmaqla yanaşı, həm də İslam dininin yaranmasından sonra bu dinin inkişaf etdiyi mühüm mərkəzlərdən olub. Bunun nəticəsidir ki, hazırda qədim diyarda türk-islam mədəniyyətinin vəhdətini təşkil edən çoxsaylı abidələr vardır. Muxtar respublikada həmin tarixi abidələrə göstərilən dövlət qayğısı ötən il də davam etdirilib.
Bu mənada, 2017-ci ildə mühüm quruculuq tədbirləri aparılan obyektlərdən biri Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən Qarabağlar Türbə Kompleksidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2016-cı il iyulun 4-də “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” Sərəncam imzalayıb və bununla bağlı tədqiqat qrupu yaradılıb. Sərəncama uyğun olaraq 2016-cı ildən kompleksdə bərpa işlərinə başlanılıb və quruculuq tədbirləri elmi əsaslarla aparılır. Qeyd edək ki, kompleks türbə, xanəgah və qoşaminarəli baştağdan ibarətdir. Bərpa işləri aparılarkən abidənin tarixi görkəmi olduğu kimi qorunub saxlanılıb. Ötən müddətdə türbənin kürsülük hissəsi və kaşılı örtükləri, eləcə də türbənin səthindəki həndəsi ornamentləri xatırladan kitabələr, qoşaminarəli baştağı və xanəgahı bərpa olunub, türbə və qoşa minarə arasındakı sahədə muzey yaradılıb. Bundan əlavə, kompleksin yerləşdiyi ərazidə torpaq işləri görülüb, ətrafa istinad divarı çəkilib, abidənin yerləşdiyi əraziyə gedən yol genişləndirilib.
Muxtar respublika ərazisində diqqətçəkən tarixi-dini abidələr içərisində imamzadə komplekslərinin öz yeri var. Məlumat üçün bildirək ki, ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da imamzadə komplekslərinin tikilməsi Səfəvilər dövrü üçün xarakterikdir. Belə komplekslərin səciyyəvi xüsusiyyətləri əvvəllər mövcud olmuş dəfn tikililərinin təmir-bərpa və yenidənqurma yolu ilə abadlaşdırılmasından və bərpa edilmiş məqbərəyə bitişik məscid, təkyə və digər xidməti otaqların tikilməsi yolu ilə dini kompleksin yaranmasından ibarət olub. Səfəvilər dövründə formalaşdığına görə imamzadə kompleksləri, əsasən, bu dövlətin əhatə etdiyi torpaqlarda dəfn edilmiş imamlar və onların övladları üçün tikilib. Bu gün tarixi və dini dəyərlərə göstərilən qayğı muxtar respublikamızda mövcud olan imamzadə komplekslərini də əhatə edib. Belə ki, 2017-ci ildə Naxçıvan şəhərindəki “İmamzadə” Kompleksinə daxil olan “İmamzadə” türbəsində təmir-bərpa işləri aparılıb. İlkin mərhələdə bərpaçılar tərəfindən türbənin fasad və daxili hissəsində divarlar köhnə üzlük boya və materiallardan təmizlənib, tarixi tikilinin aşağı hissəsinin rütubətdən qorunması üçün betonlama işləri həyata keçirilib. Bundan başqa, türbənin arxa hissəsindəki torpaq qatı götürülüb, istinad divarları yaradılıb, yağış sularının buraya zərər verməməsi üçün sistemlər quraşdırılıb. Təmir-bərpa işləri başa çatdırıldıqdan sonra “İmamzadə” Kompleksinin ərazisi şəhərimizin İslam mədəniyyətinə aid ən görməli yerlərindən birinə çevriləcək.
Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən digər böyük imamzadələrdən biri də Babək rayonunun Nehrəm kəndindədir. Aparılan elmi araşdırmalara görə, bu imamzadə də Naxçıvan imamzadəsi ilə bir dövrdə inşa edilmişdir. Kənddəki qəbiristanlığın mərkəzində yerləşən bu imamzadə türbə, məscid, təkyə və başqa yardımçı binalardan ibarət böyük bir kompleksdir. Burada kompleksin əsasını eni 8, uzunluğu 9,5, hündürlüyü 4,5 metr olan türbə və hündürlüyü 6 metr olan günbəz təşkil edir. Onun içərisində bir qəbir vardır. Bu qəbrin üzərində heç bir kitabə olmadığı üçün onun kimə məxsusluğu dəqiq müəyyən edilməmişdir. Yalnız kənd əhalisinin dediklərindən belə məlum olur ki, bu məzar yeddinci imam Museyi-Kazımın oğlu Seyyid Əqilə məxsusdur.
Naxçıvan əhalisinin ən çox ziyarət etdiyi bu kompleksdə də ötən ilin may ayından yenidənqurma işləri aparılır. Türbə, təkyə və yardımçı binalardan ibarət olan kompleksin ətrafında yaşıllıqlar salınacaq, işıqlandırma sistemləri qoyulacaq.
İşlər yekunlaşdıqdan sonra həm ziyarətgah, həm də bu türbə tarixi abidə kimi Naxçıvana gələn yerli və xarici turistlərin ən çox üz tutacaqları məkanlar sırasında olacaq.
Muxtar respublikamızda yenidən qurulan və ya təmir-bərpa işləri aparılan memarlıq abidələri sırasında tarixi hamamlara da xeyli pay düşüb. Ötən il Şərur rayonunun Yengicə kəndindəki tarixi hamam binası bərpa işlərinə cəlb olunub. Məlumat üçün bildirək ki, XVIII əsrə aid edilən Yengicə hamamı Şərq memarlığı üslubunda inşa edilib. Bu hamamın binası əhəng məhlulu istifadə olunmaqla kərpicdən tikilib. Təbii səbəblər nəticəsində dağıntılara məruz qalsa da, dövrümüzədək qismən salamat vəziyyətdə gəlib çatıb. Burada quruculuq tədbirləri tikilinin ilkin quruluşu nəzərə alınmaqla aparılır. Ötən müddətdə hamamın fasad hissəsi qırmızı kərpicdən istifadə olunmaqla üzlənib. Daxildəki hamam otaqlarında isə bərpa işləri davam etdirilir. İşlər yekunlaşdıqdan sonra tikilinin ətrafı abadlaşdırılacaq, turistlərin ziyarəti üçün lazımi şərait yaradılacaq.
Tarixi abidələrin bərpası, onların əsaslı şəkildə yenidən qurulması həm ağır zəhmət, həm də ciddi vəsait tələb edir. Şübhəsiz, tariximizi, maddi-mədəni mirasımızı qoruyub yaşatmaq, onları gələcək nəsillərə çatdırmaq üçün dövlətimiz bütün tədbirləri görür. Bu gün xalqımızın rahat yaşayışı üçün qurulub-yaradılan sosial-mədəni və infrastruktur obyektlərinin tikintisi üçün çəkilən xərclər qədər tarixi abidələrimizin bərpası üçün sərf olunan əmək də dəyərlidir. Bu baxımdan muxtar respublikada tarixi abidələrə göstərilən qayğı, ümumilikdə, tarixə və dəyərlərimizə göstərilən həssaslığın, onlara verilən böyük qiymətin ifadəsidir.
Səbuhi HƏSƏNOV