Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan Muxtar Respublikasının 94 illiyi münasibətilə “Muxtariyyətin yetirməsi olan Naxçıvan muzeyləri: tarix və müasirlik” mövzusunda dəyirmi masa keçirilib.
Naxçıvan Dövlət Tarix Muzeyinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov açaraq mədəniyyət müəssisəsi olan muzeylərin qədim keçmişimizlə bu günümüz arasında körpü rolunu oynamasının əhəmiyyətindən danışıb.
Sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Qumral Əsədovanın, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədovanın, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimovanın və başqalarının çıxışları olub.
Çıxışlarda Naxçıvanda muzey işinin tarixindən, muzeylərin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə ulu öndər Heydər Əliyevin xidmətlərindən və onun nəcib əməllərinin Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilməsindən bəhs edilib.
Sonda Naxçıvanın muxtariyyət tarixindən bəhs edən sərgiyə baxış olub.
Xəbərlər şöbəsi