AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı Nazirə Əsgərovanın bu günlərdə işıq üzü görən “Folklorun poetik özünəməxsusluğu: mühit, janr, ənənə” adlı kitabı öz dəyəri və elmi yeniliyi ilə seçilir. Filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədovun və bu sətirlərin müəllifinin elmi redaktorluğu ilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunan kitabı dəyərli edən amillərdən biri onun folklorun müxtəlif janrlarına həsr olunmasıdır.
Tədqiqatçının topladığı folklor materialları üçcildlik “Naxçıvan folkloru antologiyası” kitabında yer alıb. O topladığı materiallar əsasında apardığı tədqiqatların nəticəsi olan elmi məqalələrini müxtəlif xarici və ölkədaxili elmi jurnallarda nəşr etdirib.
Bu kitabda Nazirə Əsgərovanın folklor janrları ilə bağlı apardığı 100-ə yaxın elmi tədqiqatının bir qismi toplanıb.
Kitabın əvvəlində görkəmli folklorşünas alim Məmmədhüseyn Təhmasiblə bağlı məqalə yer alıb. Bu da tədqiqatçının folklorşünasların yaradıcılıqları ilə maraqlanmasının, onların elmi irslərinə yaxından bələd olmasının göstəricisidir.
Yeni nəşrdə dastanlarla bağlı bir neçə məqalə də yer alıb. Bu yazılarda Nazirə Əsgərova məhəbbət dastanlarında butavermə və dastanların variantlılıq məsələlərini də araşdırıb, xeyli sayda nümunələr göstərməklə elmi nəticələr əldə edib.
Müəllif, həmçinin lətifələrin, atalar sözləri və məsəllərin bədii-məzmun xüsusiyyətlərini, bayatıların poetik özəlliklərini tədqiq etməklə bir sıra təhlillər aparıb və müxtəlif elmi qənaətlər ortaya qoyub.
Qeyd edək ki, kitabda daha çox Nazirə Əsgərovanın özünün elmi-tədqiqat sahəsi olan Naxçıvan nağılları yer alır. Nağıllar aləminə səyahət edən tədqiqatçı bu janra müxtəlif aspektlərdən yanaşıb, bir sıra müqayisəli təhlillər aparıb ki, bu təhlillər də bir çox qaranlıq məqamlara aydınlıq gətirir. Tədqiqatçı, əsasən, uşaqların maraq dairəsi olan sehrli nağıllara önəm verib, sehrli qüvvələri, uçan xalça, sehrli alma, papaq, atlar, tütək, əfsanəvi quşları və sair obrazları araşdırıb.
Bildiyimiz kimi, istər dastanlarda, istər nağıllarda, istərsə də digər janrlarda ailə və əxlaq məsələləri önəmli yer tutur. Məhz bu baxımdan da müəllif həmin mövzuya fərqli yanaşmaqla müxtəlif təhlillər aparıb və sonda maraqlı nəticələr əldə edib.
Yeni nəşr Naxçıvan folklor mühitinin öyrənilməsində deyil, eləcə də Azərbaycanın digər bölgələrinin, həmçinin türk xalqlarının folkloru ilə bağlı tədqiqatlar aparılarkən müqayisəli təhlillər və tədqiqlər zamanı mühüm mənbəyə çevriləcəkdir.
Çinarə RZAYEVA
filologiya üzrə fəlsəfə doktoru