23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr edilmiş “Müstəqil Azərbaycan” adlı rəsm sərgisinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edib. O, əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edərək vurğulayıb ki, ulu öndər Heydər Əliyev özünün zəngin siyasi təcrübəsi və yüksək idarəçilik bacarığı nəticəsində Azərbaycanın müstəqil­liyini əbədi və dönməz edib.
Bildirilib ki, görkəmli dövlət xadiminin Azərbaycanın zəngin mədəniyyətinin inkişafına və təbliğinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilir.
Xalq rəssamı Hüseynqulu Əliyev “Müstəqillik dövründə rəssamlara göstərilən qayğı”, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov “Həmin illərdən xatirələr” adlı mövzularda çıxış ediblər.
Bildirilib ki, Naxçıvan böyük elm və sənət korifeylərinin, görkəmli memar, rəssam və siyasətçilərin, dövlət xadimlərinin Vətəni kimi Şərq intibahına və ictimai fikir tarixinə özünün layiqli töhfələrini verib. Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu ilk dövrdə Azərbaycan rəssamlıq məktəbi yüksək inkişaf yolu keçib. 1971-ci ilin iyun ayında ümummilli liderimiz Naxçıvan Rəssamlar Təşkilatının yaradılmasına hazırlıq işlərinin tamamlanması barədə hökumət strukturlarına bir sıra göstərişlər verib. Elə həmin ildən Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatı fəaliyyətə başlayıb. Rəssamlıq sahəsinə göstərilən diqqət müstəqillik illərində də davam etdirilib. Dəyərli əsərlər yaradılıb, rəssamlar respublika səviyyəsində mükafatlandırılıb, bir sıra dövlət mükafatlarına və fəxri adlara layiq görülüblər.
Çıxışlardan sonra sərgiyə baxış olub. Qeyd edək ki, ekspozisiyada 18 rəssamın 45 rəsm əsəri sərgilənir. Paşa Rəhimovun “Ümummilli lider Heydər Əliyev”, Sabir Məmmədovun “Kompozisiya”, Səyyad Bayramovun “Tarixi yaşadan torpaq”, Qəhrəman Tağıyevin “Sevimli məkan” və digər əsərlər maraqla qarşılanıb.
Sərgi oktyabr ayının 22-dək davam edəcək.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR