23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvanın folklor nümunələri və adət-ənənələrində duz zəngin məna çalarlarına malikdir

Naxçıvan Duzdağı özünün qədimliyi ilə dünya və bəşər tarixində ən əhəmiyyətli yerlərdən birini tutur. Tarixi mənbələr, müxtəlif alim və səyyahların qeydləri, həmçinin burada aparılan arxeoloji tədqiqatlar zamanı tapılan maddi-mədəniyyət nümunələri də bu yerin tarixinin daha qədimlərə aid olduğunu göstərir. Karbon analizlərinin gətirdiyi nəticələr isə Naxçıvan Duzdağının, ümumən, dünyada ən qədim duzçıxarma tarixinə malik olduğunu təsdiqləyib. Tədqiqatçıların qənaətinə görə, Naxçıvan yaxınlığında mövcud olan Duzdağ həm də Naxçıvan şəhərinin bizim eradan əvvəl üçüncü-ikinci minilliklərdə təşəkkül tapan qədim şəhər mədəniyyətinin formalaşmasında mühüm rol oynayıb. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Tarixşünaslıq baxımından bugünkü Naxçıvan özündə üç vacib elementi birləşdirir: o, həm tarixiliyi yaşadır, həm müqəddəsliyi yaşadır, həm də yeni həyatın başlandığı yerdir. Dünyada çox az sayda ərazilər var ki, qədim sivilizasiyanın davamlı inkişafını izləmək üçün qeyd olunan 3 amilin hamısını özündə cəmləşdirə bilsin”. Bu mənada, Naxçıvan Duzdağı və duz Naxçıvanın tarixi ilə bağlı vacib faktları ortaya çıxara biləcək mühüm detallardandır. Ümumiyyətlə, doğru deyilmişdir ki, duz bütün türk xalqlarında müqəddəs sayılan bir maddə, nemət olaraq diqqət çəkir. Türk inam və mədəniyyətində duzun əhəmiyyətli bir yeri vardır. Belə bir qədim tarixə malik olan və özünün xüsusi əhəmiyyətilə mühüm mövqe nümayiş etdirən Naxçıvan duzu və Duzdağı yerli əhalinin müxtəlif yaradıcılıq sahələrində də xüsusi məna yükü daşımaqla bədii-estetik səciyyə və fəallıq qazanmışdır.

Təsadüfi deyil ki, Naxçıvanın zəngin folklor nümunələrində, xüsusilə atalar sözü, məsəllər kimi hikmətli sözlərdə və bir çox adət-ənənələrimizdə duz çoxobrazlı məna yükünə malikdir. Ümumiyyətlə, “duz” sözü təkcə Azərbaycan üçün deyil, ümumən, türk, hətta dünya xalqlarının bir çoxu üçün “dad verən qida vasitəsi” olmaqdan başqa özündə məcazi mənalar da ifadə edən bir söz, hətta inanclar sistemində xüsusi yeri olan simvol olaraq diqqəti cəlb edir. “Azərbaycan dilinin izahlı lüğəti”ndə “duz”un ifadə etdiyi bir çox məna çoxvariantlığı göstərilib. Bu baxımdan adı təməl qida olan çörəklə birlikdə çəkilən duz, demək olar ki, dilimizdə təkcə qida vasitəsinin adı kimi deyil, müxtəlif söz konstruksiyaları daxilində məcazi mənalar da ifadə edən leksik vahid kimi diqqəti cəlb edir. Bütün bu məna çalarları, söz yox ki, xalqın düşüncə tərzini də bütün səciyyəsi və məzmunu ilə anlamağa imkan verir. Maraqlıdır ki, “duz” sözü bəzi türk xalqlarında “tuz”, bəzilərində “toz”, Azərbaycan xalqı da daxil olmaqla bəzilərində “duz” şəklində işlənir.
Duz həm də dünyanın ən qədim inanc kitablarından olan “Əhdi-ətiq” və “Əhdi-cədid”də də özünə yer tapmışdır. Məsələn, “Əhdi-ətiq”də deyilir: “Rəbbinin önündə əbədi duz əhdidir”. “Əhdi-cədid”də isə bu cür əksini tapır: “Torpağın duzu yaradanın tərifini anlatsın”. Göründüyü kimi, duzun inanclardan irəli gələrək müxtəlif ayinlər daxilində istifadə edilməsi və özünəməxsus məna daşıması təkcə türk-müsəlman xalqlarında deyil, başqa xalqlarda da özünə yer alıb, müxtəlif ayinlər daxilində istifadə edilib. Lakin xalqların və icra tərzlərinin fərqliliklərindən asılı olmayaraq, bu ayinlərin içərisinə daxil olan “duz”, demək olar ki, tama­milə eyni funksiya və məcazi mənanı ehtiva edir. Lakin bunu da diqqətdə saxlamaq lazımdır ki, hər halda, duzun vətəni olan və olmayan ölkələr üçün duz tamamilə eyni məna və əhəmiyyət kəsb edə bilməz. Bu mənada, ən qədim duz mərkəzlərindən və duz sənayesinin beşiklərindən olan Naxçıvanda duz daha geniş və çoxçalarlı bir məna-məzmun xüsusiyyəti və inanc kultuna malikdir.
Həm mifologiyada, həm də Əbdülqazi Bahadır xanın “Şəcəreyi-­tərəkəmə”sində duzun Türk ata tərəfindən tapılaraq məişətə daxil olduğu göstərilir. Orada deyilir: “Günlərdən bir gün ova çıxıb ov ovlayıb kabab çəkib yeyirdi. Bir parça ət yerə düşdü, onu yeyincə ağzına çox xoş bir dad gəldi. Çünki o yer duzlu bir yer idi. Yeməyə duz qatmasını o gətirdi”. Başqa fikirlərə görə isə duzu kəşf edən və həyat tərzinə daxil edən şəxs Nuhun nəvəsi və Türkün oğlu olan Tutukdur. Bununla bağlı Naxçıvanın xalq ədəbiyyatı materiallarında bir mifə rast gəlinməsi də maraq doğurur. Mahmud Kaşğarlının məşhur “Divani-lüğət it-türk” əsərində “duz” kəlməsinə 18 yerdə rast gəlinir. Lüğətdə duzun, sözün həqiqi mənasında, qida vasitəsinin adı kimi, digər mənalarda isə məcazi olaraq müxtəlif çalarlarda istifadəsi izah edilmişdir. Beləliklə, demək olar ki, bir çox məna çalarına malik olan “duz” sözü dilin leksik sistemində özünə əsas yer tutaraq xalqın inam və inancı ilə əlaqəli “gözəllik, sədaqət, vəfa, etibar, əhəmiyyət” və başqa bu kimi mənalarda işlənib.
Bəli, bir sıra mənbələrdə qeyd olunduğu kimi, türklərin tarixinə, ədəbiyyatına və folkloruna girən duz-çörək haqqı dostluq, vəfa, arxa-dayaq, sədaqət, insanlıq, səmimiyyət, mərdlik, dürüstlük kimi qavramları məzmununa qatan zəngin bir qəlibdir.
Ədəbi mənbələrdə “duz” həm də “əbədi varlıq və zaman” deməkdir. Necə ki qədim inanc kitablarında Tanrı ilə insanın əhd-peymanında duzun oynadığı rola, yaradılışa duz qatılmasına, nağıllarda oyaq qalmaq üçün yaraya duz səpilməsi və başqa ritual və inanclara rast gəlinir.
Tədqiqatçılar göstərirlər ki, “duz” sözü qədim dövrlərdən türk dillərində fayda, gözəllik, şirinlik kimi məcazi mənalara malik olmuşdur. Azərbaycan xalqı arasında “duz-çörək” andı, hətta qarğışı, eləcə də milli mənəviyyat simvolu olması və duzun düşüncə sistemindəki əhəmiyyətli yerini tam müəyyən edir. Azərbaycan xalqının deyim tərzində “duz-çörək kəsmək”, “duz-çörəyi tapdamaq”, “duzuna baxmaq”, “duz qatmaq”, “duzunu qaçırmaq”, “duzlu olmaq”, “duzsuz olmaq”, “duza getmək”, “duzdan qayıtmaq”, “duz kimi yalamaq”, “qız yükü, duz yükü” və çoxsaylı belə nümunələr hələ də geniş işlənilməkdə, duzun həm məişətdə, həm inam-inanc sistemində, həm də dildə əhəmiyyətli yer tutduğunu açıq-aydın göstərməkdədir.
Duzun bədnəzərdən qoruma xüsusiyyəti – oda töküb yandırmaqla bədnəzəri qırmaq ayini, məişətdə və sənayedə şirinə bir qədər duz qatmaqla onu xarab olmaqdan, keyfiyyətini itirməkdən qorumaq ənənəsi, duza qoymaq və duza basdırmaq kimi adətlər duzun müdafiəedici, qoruyucu funksiyasının olduğunu əyani şəkildə sübut edir. Ən qədim inanc və kitablarda da duzun əbədi həyat və qoruma əlaməti öz təsdiqini tapıb.
Duzla bağlı müxtəlif məcazi məna çalarlarının işlənməsinə bir çox ədəbiyyat nümunələrində rast gəlinir. Bu, duzun inanclar sistemində tutduğu yerlə əlaqəlidir. Bütün bunlar, xüsusilə türk mifologiyası və düşüncəsinə görə duzu həyat tərzinə daxil edən Nuhun nəvəsi və Türkün oğlu Tutukla bağlı əfsanənin Azərbaycan, xüsusilə də ən qədim duzçıxarma mədəni və sənayesinə malik Duzdağın yerləşdiyi Naxçıvanla bağlılığı daha inandırıcı görünür. Beləliklə, duz və Duzdağ Naxçıvan folklor və ədəbi mühitində əhəmiyyətli bir predmet kəsb edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı ­sərəncamlarla “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusunda elmi konfransın keçirilməsi və eləcə də Naxçıvan Duz Muzeyinin yaradılması Naxçıvan Duzdağının xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırmaqla onun tarixi-mədəni abidə olaraq qiymətləndirilməsinə, Duzdağın tarixi və mədəni əhəmiyyətli bir abidə kimi elmin, ədəbiyyatın və ümumən, ictimai fikrin mərkəzi halına gəlməsinə də vəsilə olub. Bundan sonra Duzdağ ədəbi yaradıcılığın da diqqətini özünə cəlb edib, geniş mövzuya çevrilib. Bu mənada, tədqiqatçıların dililə desək, demək olar ki, Naxçıvan ədəbi və folklor mühitində bir bədii predmet kimi duzun “külli-ixtiyarlığı”, yəni məna çoxvariantlığı və ona münasibətin özünəməxsusluğu bu diyarın təbiətindən doğur.

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin
əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR