23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə əlaqədar müxtəlif səpkili tədbirlər keçirilir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, silsilə tədbirlərin davamı olaraq sen­tyabrın 24-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “İslam filmləri həftəsi”nə start veriləcək. Tədbir çərçivəsində Azərbaycan, İran, Türkiyə, Özbəkistan və digər ölkələrin istehsalı olan müxtəlif mövzuda və janrda ekran əsərləri nümayiş etdiriləcək. Filmlər həftə ərzində hər gün saat 1800-da başlayacaq.

Məlumatda o da qeyd olunur ki, tədbirin ilk günü Qarabağ müharibəsi zamanı azərbaycanlı qadının təkbaşına işğalçılara qarşı cəsarətlə dayanaraq kəndi işğaldan qorumasından bəhs edən Azərbaycan filmi “Nabat” nümayiş ­etdiriləcək.
Sentyabrın 25-də İran İslam Respublikasının istehsalı olan “Mən məktəbə getmək istəyirəm” filmi tamaşaçılara təqdim ediləcək. Filmsevərlər “İslam filmləri həftəsi”nin üçüncü günü Özbəkistan və Tacikistan kinematoqrafçılarının birgə istehsal etdiyi, məşhur alim və filosof Əbu Əli ibn Sinanın uşaqlıq və gənclik illərindən bəhs edən “Dahinin gəncliyi” filminə baxa biləcəklər. Sentyabrın 27-də tamaşaçılar daha bir İran filmi – “Yağış” ekran əsəri ilə tanış olacaqlar. Ertəsi gün türk rejissoru Çağan İrmakın insan və onun mənəvi dünyasını əks etdirdiyi “Ulak” filmi göstəriləcək. Sentyabrın 29-da nümayiş olunacaq “Niyyət” filmi 2009-cu ildə Azərbaycanda istehsal edilib və dinə, adət-ənənələrə, insanlara ehtiram mövzusuna həsr olunub.
“İslam filmləri həftəsi”nin son günü isə türk rejissoru Kürşat Kızbaşın Cəlaləddin Ruminin həyatı və fəlsəfəsi ilə bağlı hazırladığı “Eşqin rəqsi” sənədli filmi tamaşaçılara təqdim ediləcək.
Qeyd edək ki, “İslam filmləri həftəsi” tədbiri sentyabrın 30-da yekunlaşacaq.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR