23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən hər il oktyabrın 24-ü – ədibin anadan olduğu gün Naxçıvan Muxtar Respublikasında “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilir.
Hüseyn Cavid 1882-ci ildə Naxçıvanda Molla Abdullanın ailəsində anadan olmuşdur. O, ilk təhsilini mollaxanada almış, sonra isə təhsilini öz dövrünün görkəmli maarifpərvər ziyalısı olan Məhəmməd Tağı Sidqinin yenitipli məktəbində – “Məktəbi tərbiyə”də davam etdirmişdir. Burada dünyəvi elmlərə yiyələnmiş, “Gülçin” təxəllüsü ilə ilk şeirlərini yazmağa başlamışdır. 1906-1909-cu illərdə İstanbul Universitetinin ədəbiyyat fakültəsində oxuyan ədibin həyatında və gələcək yaradıcılığında bu illər mühüm mərhələ təşkil edir. Hüseyn Cavid burada görkəmli alimlərdən və pedaqoqlardan dərs almış, idealist fəlsəfənin sirlərinə dərindən yiyələnmişdir. 1909-1910-cu illərdə Naxçıvanda müəllimliklə məşğul olmuş və ədəbiyyatımızda ilk mənzum dram olan “Ana” pyesini məhz burada yazmışdır. 1911-1917-ci illərdə Tiflisdə həm bədii yaradıcılıqla, həm də pedaqoji fəaliyyətlə məşğul olan şair-dramaturq 1913-cü ildə Tiflisdə “Keçmiş günlər” adlı ilk şeirlər kitabını çap etdirmişdir. 1917-ci ildə Bakıda “Bahar şəbnəmləri” adlı ikinci şeirlər kitabı çap edilmişdir.
Ədib 1918-ci ilin ortalarından 1919-cu ilin əvvəllərinə kimi Naxçıvanda “Rüşdiyyə” məktəbində dərs demişdir. 1919-cu ildə Abdulla Şaiqlə birgə ilk ədəbiyyat nəzəriyyəsi dərsliyimiz olan “Ədəbiyyat dərsləri” kitabını yazmışdır. 1920-ci ildən sonra Azərbaycan Müəllimlər İnstitutunda və Bakı Teatr Texnikumunda dərs demişdir.

Millətini, xalqını, sahib olduğu milli dəyərlərini canından artıq sevən böyük mütəfəkkir bütün həyatı boyunca həqiqət uğrunda mübarizə aparmış, xalqını, millətini xoşbəxt görmək üçün qələm çalmışdır. Şairin fikrincə, bu xoşbəxtlik yüksək təhsil və mədəniyyətlə mümkündür. Bunun üçün də azad yaşamaq, öz dövlətinin sahibi olmaq əsas şərtdir. 1937-ci ilin iyun ayında “gizli millətçi əks-inqilabi təşkilat”da iştirakı bəhanəsi ilə səkkizillik həbs cəzasına məhkum edilmişdir. O, 1938-1940-cı illərdə keçmiş SSRİ ərazisindəki ən uzaq və ən soyuq həbs düşərgəsi olan Maqadan şəhərində sürgündə olmuşdur. 5 dekabr 1941-ci ildə Sibirdəki Tayşet rayonunun Şevçenko qəsəbəsində sürgündə ikən vəfat edən Hüseyn Cavid şəxsiyyəti və yaradıcılığı, ona verilən yüksək qiymət haqqında düşünərkən böyük sənətkarın mərhum qızı Turan xanımın dediyi belə bir fikir yada düşür: “Atama əsl bəraəti 1981-ci il iyul ayında “Hüseyn Cavidin 100 illiyi haqqında” qərardan sonra hesab edirəm. Bu, ədalətin zəfər çalması idi. Bunun üçün, birinci növbədə, mən Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə minnətdaram”.
Ümummilli liderimizin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən bu qərar böyük şair və dramaturqa dövlət səviyyəsində verilən yüksək qiymətin parlaq nümunəsi kimi mədəniyyət və ədəbiyyat tariximizdə böyük hadisə idi. Ümummilli lider Heydər Əliyev çox böyük cəsarət tələb edən addım atmış, Cavidin cənazəsi 1982-ci ildə Uzaq Sibirdən Bakıya, noyabrın 2-də Naxçıvana gətirilmişdir. Bu fakt keçmiş Sovetlər Birliyi məkanında repressiya olunmuş şəxsə dövlət səviyyəsində göstərilmiş münasibətin yeganə cəsarətli nümunəsidir. Ötən əsrin 70-ci illərindən etibarən Cavidin əsərlərinin nəşrinə başlanmış, rus dilində 2 cildliyi işıq üzü görmüşdür. Azərbaycanın şəhər və rayonlarında böyük ədibin yubiley tədbirləri təşkil olunmuş, əsərləri respublikamızın teatrlarında səhnəyə qoyulmuş, adına küçələr, məktəblər, kitab­xanalar verilmişdir.
1992-ci il oktyabrın 23-də Naxçıvanda Hüseyn Cavidin 110 illik yubileyi təntənəli şəkildə qeyd edilmiş, Naxçıvanda Ali Məclisin Sədri işləyən ümummilli liderimiz yubiley tədbirində Hüseyn Cavid haqqında dərin məzmunlu çıxış etmiş, böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra məsələlərə toxunmuşdur. Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidin ev-muzeyi yaradılmış, 1993-cü ildə Bakıda Hüseyn Cavidin abidəsi ucaldılmışdır. 1995-ci il iyunun 10-da ulu öndərimiz Heydər Əliyevin yanında keçirilmiş müşavirədə görkəmli şair-dramaturq Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə bağlı məsələlər geniş müzakirə olunmuşdur. Ulu öndərin ən böyük arzularından biri 1996-cı il oktyabrın 29-da həyata keçmişdir. Həmin gün Naxçıvanda böyük sənətkarın məqbərəsinin təntənəli açılışı olmuşdur. Ulu öndərin 23 oktyabr 2002-ci il tarixli Sərəncamı ilə Hüseyn Cavidin anadan olmasının 120 illik yubileyi, ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 17 aprel, 2012-ci il 16 fevral və 2017-ci il 24 oktyabr tarixli sərəncamlarına əsasən isə ədibin 125, 130 və 135 illik yubileyləri geniş şəkildə qeyd edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yubileylərlə bağlı imzaladığı sərəncamlar və təsdiq etdiyi Tədbirlər Planına əsasən qədim diyarımızda yubiley tədbirləri yüksək səviyyədə təşkil olunmuş, elmi konfranslar və simpoziumlar keçirilmiş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Hüseyn Cavidin “Şeyx Sənan” və “İblis” əsərləri tamaşaya hazırlanmış, “Naxçıvan” jurnalının bir nömrəsi Hüseyn Cavidin 130 illik yubileyinə həsr olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na Hüseyn Cavidin “Azər” poemasının daxil edilməsi isə ədibin zəngin irsinin gənc nəslə çatdırılması sahəsində atılan mühüm addımdır.
Xalqımızın böyük oğlu Heydər Əliyevin XX əsr Azərbaycan romantizminin görkəmli siması, romantik şair və filosof Hüseyn Cavid haqqındakı fikirləri müasir cavidşünaslığın metodoloji əsaslarını müəyyən edir: “Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çatdırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur”.
Hüseyn Cavid həyatda olanı yox, olmalı olanı tərənnüm edən romantik şairdir. Romantik pafos, xəyalın hüdudsuz uçuşu, mütləq həqiqətə çatmağa dönməz cəhd onun ədəbi-bədii məramını səciyyələndirən başlıca cəhətlərdir. Yaradıcılığının bu məziyyətinə görə Hüseyn Cavidi ədəbi şəxsiyyət kimi Azərbaycan ürfan ədəbiyyatının sonuncu ustadı adlandırırlar. Hüseyn Cavid Məhəmməd Füzulidən üzübəri orta əsrlər Azərbaycan ədəbiyyatının poetik qanunauyğunluqlarını öz yaradıcılığında əks etdirən, xüsusilə əruz ehkamlarına yenidən can verən qüdrətli söz ustadıdır.
Azərbaycan ədəbiyyatı tarixində Hüseyn Cavid yaradıcılığı məzmunca yüksək olduğu kimi, bədii forma cəhətdən də zəngin və əlvandır. Novator lirik şeirlər, liro-epik, epik poemalar yazmaqla yanaşı, Cavid Azərbaycan söz sənətinə faciə və dramlardan ibarət incilər bəxş etmişdir. Ədəbiyyatımızın söz zadəganı Hüseyn Cavid dramaturgiyası, sözün həqiqi mənasında, xarakterlər dramaturgiyasıdır. Bu baxımdan onun dram sənətkarlığını ancaq dünyanın ən böyük dramaturqları ilə müqayisə etmək olar. Həqiqətən, Hüseyn Cavid elə bir “sübh şəfəqi” idi ki, işığı əsrlərin süzgəcindən süzülüb gəlir və həmişə də öz ilkin şövqü ilə parıldayır. Əsrlər bir-birini əvəz edir, o işıq isə ürəyində, amalında azadlıq eşqi olan bəşəriyyəti daim özünə çəkir. Çünki həmin işığın nüvəsində həqiqət dayanır.
Hüseyn Cavid yaradıcılığında adi, məişət səviyyəsinə enən, dövrün ötəri tələbindən doğan fikir və mülahizə yoxdur. Ədibin bütün fikirləri ümummillidir, ümumbəşəridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hüseyn Cavid nə yazmışsa, Azərbaycan üçün, Azərbaycan oxucusu üçün, Azərbaycan xalqı üçün yazmışdır. Millilik, vətənçilik, Azərbaycançılıq onun yaradıcılığının ruhunda və qanındadır. Cavidin şeir dili təmiz Azərbaycan-türk dilidir. Hüseyn Cavid əsərlərinin mövzusunun və qəhrəmanının hansı dövrü və ya hansı mühiti təmsil etməsindən asılı olmayaraq, bu əsərlərdə irəli sürülən ideyalar, birinci növbədə, azərbaycanlı oxucunun özünü dərk etməsinə, vətən tarixini, onun milli dəyərlərini öyrənməsinə, mədəni irsə sahib çıxmasına yönəlmişdir”.
Hüseyn Cavid sənətdə heç kimə bənzəməyən, orijinal bir yaradıcılıq yolu keçən və özündən sonra bəşəriyyət üçün ölməz əsərlər miras qoyan sənətkardır. “Şeyx Sənan”, “İblis”, “Topal Teymur”, “Peyğəmbər”, “Xəyyam”, “Səyavuş” kimi pyesləri, “Azər” poeması bütöv bir silsilə təşkil edən lirik-fəlsəfi şeirləri ilə Hüseyn Cavid öz adını Azərbaycan ədəbiyyatının qızıl səhifələrinə əbədi həkk etmişdir. Öz dahiyanə əsərləri ilə Hüseyn Cavid Azərbaycan dramaturgiyasını həm mövzu, həm də xarakter və obrazlar qalereyası baxımından olduqca zənginləşdirmiş, dramaturgiyamıza ümumbəşəri ideyaları təbliğ edən əsərlər bəxş etmişdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR