Dünən Rəna Hüseynovanın anadan olmasının 70 illik yubileyi münasibətilə tədbir keçirilib.
“Təbriz” mehmanxanasının tədbirlər zalında təşkil edilən çay süfrəsi ətrafında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək Rəna Hüseynovanı yubiley münasibətilə təbrik edib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada qadınlarımızın əməyi yüksək qiymətləndirilir, ictimai-siyasi fəaliyyəti ilə dövlətimizə xidmət etmiş qadınların yubileyləri qeyd olunur. Bütün bunlar onların cəmiyyətdə fəallığının artırılmasına göstərilən yüksək dövlət qayğısının əyani təzahürüdür.
Vurğulanıb ki, yaşadığı mənalı insan ömrü ilə həyatın bütün xoşbəxtliklərinə çatmış, həmişə öz işindən zövq almış yubilyar 1948-ci il sentyabrın 25-də Şahbuz rayonunda anadan olub. 1967-ci ildə Bakıda Mirzə Fətəli Axundov adına Xarici Dillər İnstitutunun Rus dili və ədəbiyyatı ixtisasını bitirib. Əmək fəaliyyətinə 1972-ci ildə Əkbər Ağayev adına internat məktəbində rus dili müəllimi kimi başlayıb. Həmin ildə Naxçıvan şəhər 9 nömrəli məktəbdə, 1974-cü ildə isə yenidən internat məktəbində müəllim, 1979-cu ildə Maarif Şöbəsində rus dili üzrə metodist işləyib.
Qeyd olunub ki, Rəna Hüseynova 1984-cü ildə Maarif, Ali Məktəb, Elm İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Şəhər Komitəsinin sədri vəzifəsinə seçilib. 1992-ci ildə 705 nömrəli hərbi hissənin uşaq bağçasının, 2011-ci ildə isə Naxçıvan Şəhər Qarnizonu Zabitlər Evində Mədəni-bədii iş üzrə bölmənin müdiri vəzifələrində çalışıb. Ömrünü müəllimlik peşəsinə, uşaqlara həsr edən Rəna xanım 2012-ci ildən təqaüddədir. İşində uğur qazanmış Rəna Hüseynova eyni zamanda gözəl ailə başçısıdır.
Sonra Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədr müavini Xatirə İbrahimli yubilyarı təbrik edib və ona Həmkarlar İttifaqları Şurası tərəfindən hazırlanmış fəxri fərman təqdim edib. Yubilyarın keçmiş iş yoldaşları Vahidə Qasımova və Ülkər Abbasova Rəna Hüseynovanı təbrik edib və onunla bağlı xatirələrindən bəhs ediblər.
Rəna Hüseynova və qızı Ayşən İmanlı göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova öz minnətdarlıqlarını bildiriblər.
Sonda yubilyara gül buketi və qiymətli hədiyyə təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti