Naxçıvan şəhərindəki Saat meydanında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə “Oxunması zəruri olan kitablar”la bağlı tədbirlərin davamı olaraq “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsinin təbliğat kampaniyası keçirilib.
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Tahir Məmmədli çıxış edərək muxtar respublikada həyata keçirilən gənclər siyasəti, həmçinin gənclərə göstərilən diqqət və qayğıdan, eyni zamanda keçirilən kampaniyanın mahiyyəti haqqında geniş məlumat verib.
Bildirilib ki, layihənin keçirilməsində məqsəd gənc nəsildə vətənpərvərlik, tarixə, milli köklərə bağlılığın formalaşdırılması, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşünün zənginləşdirilməsi, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərinin, mütaliə vərdişlərinin aşılanması, intellektual səviyyələrinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
Qeyd olunub ki, “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsinə 20 iyul 2018-ci il tarixdən Naxçıvan şəhərində yerləşən “Zirvə” kitab evində start verilib. Bu günədək layihədə 80 nəfər iştirak edib.
Təbliğat kampaniyasında “Oxunması zəruri olan kitablar”, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin yer aldığı 100 bədii kitab gənclərə təqdim edilib.
Kampaniyada iştirak edən gənclər özləri ilə gətirdikləri kitabları yeni kitablarla dəyişdiriblər. 50 nəfər gəncin iştirak etdiyi kampaniya günün sonunadək Saat meydanında davam edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti