Muxtar respublikamızda bədii sənətimizin inciləri olan folklor örnəklərinin araşdırılması, öyrənilib gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyət daşıyan işlərdən biri bu faktların və folklor örnəklərinin kitab şəklində nəşr olunmasıdır. Etnoqrafik materialları və folklor nümunələri ilə zəngin olan qədim diyarımız Naxçıvanda folklor örnəklərinin toplanması işi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun Xalq yaradıcılığı ilə bağlı 7 fevral 2009-cu il tarixli sərəncamından sonra sistemli şəkil alıb.
Yaxın günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşları tərəfindən Naxçıvan MR-in Şərur bölgəsindən toplanıb nəşr edilən "Şərur folklor örnəkləri" birinci kitabının əhəmiyyəti nəzərə alınıb, ikinci dəfə çap olunmasına zəruri ehtiyac yaranıb. Bu kitab məhz qeyd olunan məqsədlə ikinci dəfə nəşr olunub. Müxtəlif dövrlərdə yaradılmış xalq ədəbiyyatı nümunələrinin toplanaraq nəşr olunması işinə dövlət səviyyəsində diqqət yetirilməsi xalqımızın tarixi sayılan folklor nümunələrinə əbədi həyat verilməsi deməkdir.Bu günlərdə işıq üzü görən kitab AMEA Folklor İnstitutunun “Folklor və yazılı ədəbiyyat” şöbəsinin əməkdaşları AMEA-nın həqiqi üzvü Muxtar Kazımov (İMANOV) filologiya üzrə fəlsəfə doktoru , dossent Fidan Qasımova və Gülnurə Canməmmədovanın 2012-ci ilin dekabr ayında Naxçıvan muxtar respublikasının Şərur rayonuna ezam olunduqları vaxt topladıqları folklor materialları əsasında hazırlanıb. Bununla yanaşı kitaba AMEA-nın müxbir üzvü, filologiya üzrə elimlər doktoru Muxtar Kazımoğlunun (İmanov) (“Bitlə birənin nağılı”, “Halva” adlı nağıllar, “Pərzad və Nəcəf” dastanı) və Fəridə Kərimovanın topladığı bayatı, nağıl, dastan və atalar sözləri də daxil edilib. Kitabın redaktoru filalogiya üzrə elimlər doktoru, professor Akif İmanlıdır.
“Şərur folklor örnəkləri” kitabında Şərur rayonunda yaşayan əhalinin müxtəlif dövrlərdə yaratdığı, əsrdən-əsrə, nəsildən nəslə keçərək zəmanəmizə qədər gəlib çıxan el ədəbiyyatı nümunələri öz əksini tapıb. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda folklor ekspedisiyasında tədqiqatçılar Şərur şəhəri də daxil olmaqla, rayonunun 15-dən çox kəndində (Axura, Cəlilkənd, Çərçiboğan, Diyadin, Dizə, Həmzəli, Kosacan, Mahmudkənd, Oğlanqala, Püsyan, Siyaqut, Tənənəm, Təzəkənd, Xanlıqlar, Yengicə, Yuxarı Yaycı)olublar. Buranın sinəsi dolu nənə və babaları dünyanın yaranması, sonu, insanın yaranması, tayfa və nəsil adları, ziyarətgahlar və s. haqqında geniş məlumat, müxtəlif mövzulu mif, əfsanə, rəvayət, nağıl, lətifə, atalar sözü, bayatı, gülümey, haxışta, layla, nazlama nümunələri toplayıblar.
Bu nümunələr xalqımızın dünyagörüşünü, mədəniyyətini, adət-ənənəsini və milli mentalitetini özündə etiva edir.Günümüzə qədər gəlib çıxmış bir çox ağız ədəbiyyatı nümunələri qədim dövrdən başlayaraq zaman-zaman xalqımızın həyat və məişət tərzini, mübarizəsini, yaşadığı və yaratdığı tarixini göz önündə canlandırır. Dastan, nağıl, lətifə, inanc və etnoqrafik nümunələri ilə zəngin olan Şərur rayonundan toplanmış folklor materiallarının insanların həyata baxışını öyrənmək işində elmi-tarixi əhəmiyyəti var. Bu toplanmış materiallar ideya-məfkurəvi, əxlaqi, bədii-estetik tərbiyə işində mühüm əhəmiyyət kəsb etməklə yanaşı, insanın estetik zövqünün yüksəlməsinə təsir edən misilsiz ədəbi xəzinədir.AMEA Folklor İnstitutu əməkdaşlarının son illər toplayıb nəşrə hazırladığı Şərur folklor örnəklərində də öz təsdiqini tapır. Kitabın müəlifi onu da qeyd edir ki, Naxçıvan Muxtar Respublikasında folklor nümunələri və etnoqrafik materialların toplanması üçün əlverişli şərait vardır. Bu şəraitin yaranmasında dövlət əhəmiyyətli tədbirlər və qəbul edilmiş rəsmi sənədlər mühüm rol oynayır. Xüsusi dövlət qayğısı şəraitində toplanan Şərur örnəkləri Naxçıvan folkloru ilə bağlı təsəvvürümüzü daha da dolğunlaşdırır və bir sıra qaranlıq nöqtələrə müəyyən qədər işıq salır. Belə qaranlıq nöqtələrdən biri Novruz çərşənbələri ilə bağlıdır. Bildiyimiz kimi, son vaxtlar az qala yekdil olaraq ilin son çərşənbələrini bu ardıcıllıqla bayram edirik: su, od, yel, torpaq çərşənbələri. Bu “yekdillik” xalqın özündənmi gəlir, biz folklorşünaslardanmı gəlir? Xalqın özündə hər hansı folklor faktına yekdil münasibət mümkün olmayan işdir. O mənada mümkün olmayan işdir ki, çoxvariantlılıq folklorun təməl xüsusiyyətlərindəndir. Yalnız bir variantda təqdim olunan, başqa variantlarına təsadüf edilməyən mətnin folklor nümunəsi olub-olmaması şübhə doğurur. Novruz bayramına da böyük bir mətn kimi baxsaq, unutmamalıyıq ki, bu mətnin müxtəlif bölgələrdə qismən fərqli məzmunda ortaya çıxması tamamilə təbiidir. Fərqlər isə çərşənbələrə verilən adlarda, çərşənbələrin sayında və ardıcıllığında özünü daha çox göstərir. Bəzi bölgələrimizdə su, od, yel, torpaq çərşənbələri əvəzinə, yalançı çərşənbə, xəbərçi çərşənbə, ölü çərşənbəsi (yaxud qara çərşənbə), axır çərşənbə adlarından istifadə olunur (Yoloğlu G. Mövsüm nəğmələri. Bakı: Xəzər Universiteti, 2009, səh. 139-140). Bayram edilən çərşənbələr bəzi bölgələrimizdə sayca dörd yox, beş (Yoloğlu G. Mövsüm nəğmələri. Bakı: Xəzər Universiteti, 2009, səh. 149) və ya yeddi (Babayev T., Abdulla B. Novruz bayramı. Azərbaycan etnoqrafiyası. 3 cilddə, II c. Bakı: Elm, 2007, s. 13-69, səh. 28) çərşənbədən ibarət olur. Belə olan halda aydınlaşır ki, çərşənbələrin su, od, yel, torpaq çərşənbəsi ardıcıllığının yekdilliklə qeyd edilməsi xalqın özündən çox folklorşünaslardan gəlir. Folklorşünaslar özlərinin müəyyənləşdirdiyi su, od, hava və torpaq ardıcıllığını mətbuatda, radio və televiziyada durmadan təbliğ etdikdən bir müddət sonra bu ardıcıllıq şüurlara hakim kəsilməyə, əksəriyyət tərəfindən qəbul olunmağa başlayır. Yaxşı ki, mətbuatın, radio və televiziyanın təbliğatına baxmayaraq, çərşənbələrə fərqli yanaşma xalq arasında az-çox müşahidə olunmaqdadır. Belə fərqli yanaşmaların səciyyəvi bir nümunəsinə Şərur bölgəsindən toplanmış etnoqrafik materiallar arasında rast gəlirik: “Mart dört həfdədi. İlin dört cərməsi sınır o dört həftədə. Bu dört cərmənin birincisi suya düşür, suyun dört buzu açılır. İkinci cərmə küləyə düşür. Onda bayram ayında həfdəynən küləy əsir, yeri, göyü pak eliyir. Üçüncü cərmə torpağa düşür. Belə baxırsan, dağdan-daşdan, dərədən-filannan öz-özünə buğ çıxır. Dördüncü cərmə oda düşür ki, bu vaxt peyğəmbərə od yandırırıx”. Şərurun Həmzəli kənd sakini Rəna Paşa qızı Hüseynovadan (o, əslən Şərurun Havuş kəndindəndir) qeydə alınan bu parçaya təsadüfi parça kimi baxmaq düzgün olmazdı. Məsələ burasındadır ki, söyləyicinin “cərmə” adlandırdığı cəmrələrin havaya, suya, torpağa düşməsi ilə bağlı inamın izlərinə Azərbaycanın başqa bölgələrində, həmçinin Türkiyənin Qars vilayətində də az-çox rast gəlmək mümkündür. Belə faktlar isə Novruz çərşənbələrinin məlum ardıcıllığına yenidən baxmağın vacib olduğunu bizlərə bir daha xatırladır.
Naxçıvan və Naxçıvan ətrafı bölgələrin folklor örnəkləri sırasında adları xüsusi olaraq çəkilən haxışta və gülümeylər barədə məlum təsəvvür ondan ibarətdir ki, bu örnəklər bayatılar əsasında yaranır, adətən, qızlar tərəfindən söylənir. Şərurdan toplanmış yeni materiallar məsələyə bir az da aydınlıq gətirmiş olur: “Gülümeylər və haxıştalar ən çox qızlar məclisində, məsələn, xına gecələrində, toylarda, bayramlarda deyilir. Gülümey budu ki, aparıcı qız bir misra deyir. Yerdə qalan qızlar xorla “a gülümey, a gülümey” deyirlər.
Şərur bölgəsində müxtəlif mövzulu atalar sözü və məsəllərə rast gəldiklərini də qeyd edən tədqiqatçılar bildirir ki, bu bölgənin bayatıları folklor janrları içərisində ən işlək olanlardandır. Hər bir evin ağbirçək və ağsaqqalları bir neçə bayatı əzbərdən söyləməyi bacarır. Məlumdur ki, bayatılar da daxil olmaqla, digər folklor nümunələri də istənilən dövrün tarixi hadisələrini o dövrdə yaşamış insanların yaddaşı, hiss etdikləri vasitəsilə gələcək nəsillərə ötürür.:
Naxçıvanın digər bölgələrində olduğu kimi, Şərurda da müxtəlif inanclara rast gələn tədqiqatçılar özünün mifoloji əsası, qədimliyi ilə diqqəti cəlb edən bu inanclardan bəzilərinə nəzər salır bu baradə də oxucuya məlumat verirlər.
Bu inancların hər birinin araşdırılması qədim türk xalqlarının mifologiyasından xəbər verir. Kitabda bu barədə ətraflı məlumat verilir. Şərur inancları içərisində diqqəti cəlb edən astana ilə bağlı inanclardır. Məsələn: Astanadan çıxanda bismillahla çıxıb, bismillahla girəsən. Ora uğursuzdu. Orda cin də, şayətin də olur. Gecə vaxtı astanada adamı vurullar da. Elə vurullar ki, sən özün də bilmirsən.
Bu inanca türk xalqlarının çoxunda rast gəlinir. Məsələn, Türkiyədə bu inancla bağlı deyilir: Kapının önünde oturan kişi iftiraya uğrar. Kapı eşiğinde oturulmaz, insan yoksul olur. Kapı eşiğinde oturulmaz, insan bekar kalır. Kapı eşiğinde oturulmaz, çünkü orada şeytan bulunduğuna inanılır
Araşdırma zamanı dinlə bağlı əhvalatlara, dini inancları əks etdirən folklor nümunələrinə daha çox rast gəldilkərini bildirən tədqiqatçılar onu da vurğulayırlar ki, bölgənin folklor nümunələri içərisində çoxlu sayda mifoloji mətnlər, əfsanə və rəvayətlər də vardır. Bu mətnlər qədim türk xalqlarında mövcud olan mətnlərlə də səsləşir. Bunlar arasında oxşar mövzular çoxluq təşkil edir. Ancaq bununla belə, Naxçıvanın tarixini, qədimliyini özündə əks etdirən folklor mətnləri də az deyildir.
Şərur folklor örnəkləri içərisində nağıllar da xüsusi yer tutur. Nağıllar içərisində tarixi, məişət mövzulu nağıllar üstünlük təşkil edir.
Şərur bölgəsindən toplanan xalq ədəbiyyatı nümunələri bölgənin zəngin folkloru haqqında aydın təsəvvür yaradır. Bu nümunələrin araşdırılması, ayrı-ayrılıqda tədqiqata cəlb olunması vacib məsələlərdəndir.
"Şərur folklor örnəkləri" kitabı Naxçıvan folklorunun özünəməxsus cəhətlərini və digər bölgələrimizlə fərqli xüsusiyyətlərini tədqiq etmək baxımından tutarlı mənbə olmaqla bərabər, dil faktlarının da üzə çıxarılması, öyrənilməsi işində qiymətli tədqiqat əsəridir.
Ramiyyə ƏKBƏROVA