Çalışaq onlardan ayrılmayaq
Günümüzdə əksər insanlar klassik formada kitab oxumağı dünənin tərzi kimi qəbul edir. Onlar fikirləşirlər ki, internetdən, sosial media şəbəkələrindən lazımi informasiya və məlumat ala bilərlər. Amma bu, düzgün fikir deyil. Kitab oxumaq bizim fikirlərimizi dəqiq və daha dolğun şəkildə ifadə etməyə, düzgün nitqə, stresin azalmasına, həyata baxış tərzimizə, eyni zamanda oxuma və düşünmə qabiliyyətimizə müsbət təsir göstərir. Süjeti izləməyin, qəhrəmanların adlarını yadda saxlamağa cəhd etməyin özü də yaddaşın güclənməsinə kömək edən amillərdən biridir.
Hər birimizin evində kiçik bir kitabxanamız olsa, həm estetik görünüş, həm də mənəvi cəhətdən ruhumuzu oxşamazmı? Niyə 24 saatımızın heç olmasa, 1 saatını bu pulsuz məşğuliyyətə ayırmayaq? Özü də muxtar respublikamızda kitab oxumağımıza bu qədər şərait yaradılmışkən. Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, Naxçıvan Dövlət Universitetinin və AMEA Naxçıvan Bölməsinin elektron kitabxanaları və digərləri hər zaman oxucuların xidmətindədir. Yetər ki hər kəsdə oxumaq həvəsi olsun.
Bu da danılmaz faktdır ki, kitab mütaliəsinin uşaqlara, gənclərə aşılanmasında ailənin rolu böyükdür. Çox doğrudur ki, mütaliənin yaşı yoxdur. Hər bir valideyn övladına lap kiçik yaşlarından bu vərdişi aşılamalıdır. Onlara nağıllar oxuyaraq, hər hansı bir müsbət hərəkətini kitabla mükafatlandıraraq insanın ən gözəl dostunun kitablar olduğunu dərk etdirməlidir. Uşaqlar yaşıdları ilə geyindiyi paltarla, az yaşda mobil telefonunun olması ilə rəqabət aparmalı deyil, oxuduqları kitablarla, qazandıqları biliklərlə fəxr etməlidir. Çünki bədii zövqü daha yüksək olan uşaq gələcəkdə intellektli, savadlı, mənəviyyatlı bir vətəndaşa çevriləcəkdir. Bu həm də övladlarınızın təhsildə qazanacağı müvəffəqiyyətlərə stimul olacaqdır.
Mütaliənin orqanizmimiz üçün faydasını bilən hər bir kəs bu gözəl vərdişdən heç vaxt ayrı qalmaz, məncə. Çünki mütaliə zehni qabiliyyəti gücləndirir, insanın beynini xəstəliklərdən qoruyur, onun fəaliyyətinə müsbət təsir edir.
Bir çox insan kitab oxumağa vaxtının olmadığını deyir. Bəli, əksəriyyət üçün bu, belədir. Lakin atomu parçalayan, yerin cazibə qüvvəsini kəşf edən, kosmosa kosmik gəmi göndərən bir insan tapılıbsa, heç şübhəsiz ki, bu problemin də həlli yolları vardır. Bu gün əksər kitabların audio versiyaları yaradılıb. Artıq insanlar audio versiyası olan istənilən kitabı yolda gedərkən, hər hansı işlə məşğul olarkən dinləyərək mənimsəyə bilər. Onu da deyək ki, fiziki olaraq kitabdan oxumağın verdiyi zövqü heç nə əvəzləyə bilməz. Buna görə də kitab oxumaq, onu gənc nəslin əsl sevimli məşğuliyyətinə çevirmək hər birimizin borcudur. Elə bu mühüm sosial məsələnin həlli məqsədilə ötən il bununla bağlı muxtar respublikamızda əhəmiyyətli bir addım atıldı. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2017-ci il 28 avqust tarixdə “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam imzaladı. Sərəncamla Azərbaycan və dünya ədəbiyyatı nümunələrindən ibarət oxunması zəruri olan kitabların siyahısı təsdiq edilib. Siyahıya gələcəkdə yeni kitabların adının salınması da nəzərdə tutulub. Bu addım ölkə miqyasında da böyük sevinclə qarşılanıb və təqdir olunub.
Bu faktı xatırlamaqda məqsədimiz odur ki, bu gün muxtar respublikamızda mütaliəyə çox yüksək səviyyədə diqqət göstərilir, bunun üçün zəruri addımlar atılır. Bu isə gənclərimizdə mütaliəyə olan marağı artırır.
Kitab oxumaq bütün zamanlarda böyük əhəmiyyət kəsb edib. Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi mütaliənin zəruriliyini qızıl misralarla ifadə edib:
Dünyada nə qədər kitab var belə,
Çalışıb, əlləşib gətirdim ələ.
Oxudum, oxudum sonra da vardım,
Hər gizli xəznədən bir dürr çıxardım.
Ümumilikdə isə bədii əsər oxumayan insan mənəvi cəhətdən kamil ola bilməz. Bədii irsimizi qorumağın yolu onu oxuyaraq dərininə varmaq, bizə verdiyi mənəvi üstünlüyü dərk etməkdir. Nə gözəldir ki, dinimiz də oxumağı, öyrənməyi üstün tutur.
Bu gün şəhərimizdə çox sayda kitabxana və kitab evləri fəaliyyət göstərir. Belə ünvanlardan siz istədiyiniz janrda kitablar əldə edə bilərsiniz. İndi kitab satışı obyektlərində münasib qiymətə, hər yaşa uyğun kitablar tapmaq mümkündür. Hətta bəzi mağazalarda biz istədiyimiz kitabı çox az məbləğ ödəməklə kirayə də götürə bilərik.
Dünyagörüşümüzü, məntiqimizi, yaddaşımızı, yaradıcılıq qabiliyyətimizi və ən əsası söz ehtiyatımızı artırmaq istəyiriksə, kitablardan uzaq qalmayaq. Onları həyatımızın bir parçasına çevirək.
Aygün BAĞIROVA