Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamında böyüməkdə olan nəsillərin hərtərəfli inkişafına, şəxsiyyət kimi formalaşmasına mühüm təsir göstərə biləcək əsərlər seçilib mütaliə üçün tövsiyə olunmuşdur. Siyahıdakı kitablarda yeniyetmə və gənclərin sağlam ruhda formalaşması, o cümlədən vətənpərvərlik tərbiyəsi, tarixi keçmişə, milli kökə bağlılığının möhkəmləndirilməsi, siyasi dünyagörüşünün yetkinləşməsi, müstəqil dövlət quruculuğu prosesində iştiraka hazırlanması, ailədə, cəmiyyətdə davranış qaydalarına yiyələnməsi və digər mühüm vəzifələr öz ifadəsini tapmışdır. Oxunması zəruri olan kitabların siyahısında yer alan əsərlərdən biri də mütəfəkkir şair-dramaturq Hüseyn Cavidin “Azər” poemasıdır.
Azərbaycan ədəbiyyatında romantizmin böyük ustadı sayılan Hüseyn Cavidin möhtəşəm ilham və istedadla yazılmış lirik-romantik, fəlsəfi şeirləri, “Azər” poeması, “Ana”, “Maral”, “Şeyda”, “İblis”, “Şeyx Sənan”, “Peyğəmbər”, “Topal Teymur”, “Knyaz”, “Uçurum”, “Xəyyam”, “Səyavuş” və sair pyesləri söz sənətimizin ideya-bədii mükəmməlliyə malik qiymətli inciləri sırasına daxildir. Ümummilli liderimiz Heydər Əliyev Hüseyn Cavidin əsərlərinin tərbiyəvi əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Bizim hamımızın borcu, xüsusən müəllimlərin, məktəbliləri, gənc nəsli tərbiyə edənlərin borcu ondan ibarətdir ki, Hüseyn Cavidin əsərlərini hamıya çatdırsınlar, xüsusən bizim gənclərə. Məktəblərdə Hüseyn Cavidin əsərləri xüsusi yer tutmalıdır”.
Dahi sənətkarın monumental “Azər” poeması da bu baxımdan xüsusi dəyərə malikdir. Dərin didaktik mündəricənin dolğun bədii vasitələrlə ifadə olunduğu bu əsərin baş qəhrəmanı Azərin dili ilə, əslində, Hüseyn Cavid bir çox məqamlarda özünün sosial-mənəvi kredosunu, əxlaqi-nəsihətamiz düşüncələrini oxuculara çatdırmışdır. Lirik-epik xarakterli bu poemada müəllif Azəri müxtəlif məkanlarda və rəngarəng səciyyəli situasiyalarda təsvir edir. Oxucu Azəri gah Azərbaycanda, gah da Avropada görür, müxtəlif hadisə və təzahürlərə onun münasibəti ilə tanış olur. Təsvir və təqdimlərdə əksər hallarda düşüncələrin, qənaətlərin arxasında müvafiq gerçəkliklər dayanır. Başqa sözlə desək, Cavidin bu dəyərli poemasında həyatın sərt həqiqətləri, müxtəlif reallıqları və onların oyatdığı təəssürat romantik-fəlsəfi tərzdə canlandırılmışdır. Hələ əsərin əvvəlində Azər barədə oxuyuruq:
Azər düşünür... Bəlkə, otuz yıldır o hər an
Düşkün bəşərin eşqini, fəryadını inlər.
Göründüyü kimi, Hüseyn Cavidin filosof təbiətli qəhrəmanı insanlığın taleyi üçün narahatdır, onun düşüncələri bəşərin səadəti barədədir. Azərin azadlıq amalı da bunun tərkib hissəsi olmaqla: “Hürr ol!” – deyə qəlbində doğurmuş yeni ilham”, yaxud “Bən əbədi hürriyyətin sevdalı bir cilvəsiyəm” kimi misralarda üzə çıxır.
Səhifədən-səhifəyə keçdikcə ictimai mündəricə, Vətən, xalq, bəşər taleyi barədə düşüncələr daha qabarıq və konkret şəkildə təzahür edir. Məsələn, Azər küçədə ağlayan bir qızcığaz görür, öyrənir ki, kasıb ailənin övladı olan bu məktəblinin dərs kitabını birisi qapıb qaçmışdır. Elmə, təhsilə dərin inam bəsləyən, bunun xalqın gələcəyi üçün böyük əhəmiyyətini yüksək qiymətləndirən Azər uşağa pul verir ki, yeni kitab alsın, çünki “Sağalır elm ilə hər türlü yara”. Burada daha bir ibrətli məqam da diqqəti çəkir. Azərin məktəbli qıza pul verdiyini görən bir avara yeniyetmə də yaxınlaşaraq yardım istəyir. Azər isə onu tənbeh edərək halal əməklə məşğul olmağa çağırır, çünki “Mərhəmət var ki, zəhərlər yarını”. Yəni sağlam bir yeniyetməni ələbaxımlılıq psixologiyasına alışdırmaq, ümumən, xalqın sabahı üçün ziyanlıdır.
Ümumiyyətlə, əsərdə elmin, maarifin təbliği, fanatizmin, cəhalətin tənqidi mühüm yer tutur. Poemanın qəhrəmanı uydurma fanatik söhbətlərlə xalqın başını tovlayan şeyxə və onun ətrafına toplaşanlara irad tutaraq bildirir ki, qarşıda iki yol var: ya cəhalətdə qalmaq, ya da elmləri öyrənib tərəqqi tapmaq: “Başqa yol yok, ya fənn, ya mevhumat”. Azər belələrinin diqqətini Vətənə və xalqa yönəldərək bildirir ki, məmləkətin hər yerində “Həp kütübxanə, məktəb olmalıdır”. Məhz elmin, təhsilin, sosial-mədəni tərəqqinin köməyi ilə “eşi bulunmayan şu sönük torpaqların hər bucağında cənnət qurula bilər”. Poemanın “Köydə” adlı bölümündə Azərin kənd müəllimi ilə mükaliməsi də bu baxımdan xarakterik olub özünün tərbiyəvi-didaktik mahiyyəti ilə diqqəti çəkir. Əsl müəllimi el rəhbəri sayan, xalqın tərəqqisində maarifin roluna böyük önəm verən Azər gənc pedaqoqa xitabən deyir:
Tutduğun yol böyük…Sən el rəhbərisin,
Bütün səslərdən üstündür sənin səsin.
Bağır, hayqır, can ver issiz bucaqlara,
Bilgi nuru yağdır sönmüş ocaqlara…
Çalış, bütün boşluqlar əzminlə dolsun,
Hər bataqlıq çiçəkli bir cənnət olsun.
Bilgi saçar hər qaranlıq yurda işıq,
Yalnız əmək verər bizə bəxtiyarlıq.
Ümumiyyətlə, poema boyu Hüseyn Cavid Azəri müxtəlif hadisələrlə və şəxslərlə qarşılaşdırır, bütün bunların fonunda müəllif özünün konseptual düşüncələrini, Vətən övladlarına arzularını, nəsihətlərini dilə gətirməkdə davam edir. Mütəfəkkir ədibin tövsiyəsi belədir ki, insan nəfsinin əsiri olmamalı, öz mənafeyini güdməməli, haqq, həqiqət naminə fəaliyyət göstərməli, xoşbəxtliyi Vətənə xidmətdə aramalı, xalq üçün çalışmalı, əməyi ilə yurdu, cahanı çiçəkləndirməlidir:
Nəfsinə xor baqan bir qəhrəman ol,
Haqq üçün başından keçən insan ol!
Xayır, xudkam olub sapma dar yola,
Həp el için ağla, el için sızla…
Bir eyilik yapsan issız yurduna,
Səadət pərisi gülümsər sana…
Bəxtiyarsın, əgər çəkdiyin əmək
Cihan sərgisinə versə bir çiçək.
Poemada diqqəti çəkən ən mühüm məsələlərdən biri də fiziki və mənəvi qüvvətin əlaqəsi barədə mühakimələrdir. Müəllifin qənaəti belədir ki, haqqı, həqiqəti sübuta yetirmək üçün qüvvət ən vacib şərtlərdəndir. Amma insanın ağlı, zəkası – bir sözlə, mənəvi gücü yoxdursa, onda qüvvət də yetərli deyil:
Qüvvətin varsa, haq sənindir, əvət.
Lakin insanda yoqsa əqlü zəka,
Sadə qüvvətdə yoq səmər əsla.
Əldə meyar olursa əqlin əgər,
Ölçülür pək qolayca xeyr ilə şər...
Rəhbər olsun da qüvvətin, ağlın.
Ulu Cavidin fiziki və mənəvi faktorları vəhdətdə düşünməsi sülh və hərb anlayışlarına münasibətdə də özünü göstərir. Şair yazır ki:
Yeri gəldikdə sülh için çabala,
Öylə yer var ki, hərbi alqışla.
Yəni mütəfəkkir ədib həm fiziki, həm də mənəvi gücün imkanlarından müvafiq məqamlarda istifadəni, yeri gələndə haqq işi üçün vuruşmağı da məqsədəuyğun hesab etmişdir. Məzlum Şərq ellərinin səadətə, istiqlala qovuşması üçün mübarizəni vacib sayması da bu konseptual yanaşmanın tərkib hissəsi kimi üzə çıxmışdır. Böyük amallar ardınca gedənlərin cəsarətli, qorxmaz, yenilməz iradəyə sahib olmalarını vurğulayaraq: “Cihan yigit ərlərindir, qorqaq gözə çöp düşər”, – deyən Hüseyn Cavid həm şəxsiyyətin, həm də, bütövlükdə, cəmiyyətin, xalqın səadət yolunun mübarizədən keçdiyini əminliklə vurğulayır.
Həyatın mənasını xalqa xidmətdə görən Cavid obrazlı şəkildə onu da nəzərə çatdırırdı ki, dünyada həyatı ölümdən də zəhərli olanlar var, ömrünü Vətənin, millətin yüksəlişinə sərf edənlərin ölümü isə həyata bərabərdir:
Ölüm var ki, həyat qədər dəyərli,
Həyat var ki, ölümdən də zəhərli.
Bəllidir ki, ustad sənətkarın yaradıcılığında gözəllik məfhumunun xüsusi yeri var. “Mənim tanrım gözəllikdir, sevgidir”, – deyən şair yalnız zahiri faktorları nəzərdə tutmur, əksər məqamlarda mənəvi kamillik amalına da xüsusi önəm verirdi. “Azər”də də analoji mühakimələrlə rastlaşırıq. Poemanın bölümlərinin birində şənlikdə iştirak edən qızların: “hansımız daha gözəlik?” sualına Azərin verdiyi tutarlı cavab da bu baxımdan Cavidin estetik-əxlaqi kredosu kimi mühüm dəyərə malikdir. Müəllifin haqlı qənaətinə görə, mənəvi gözəllik, təmiz qəlb, kamil zəka olmayanda zahiri hüsn, bənzərsiz yaraşıq da yarımçıq görünür:
Eşsiz olsun da camalın, nə çıqar,
Mənəvi hüsnünü bir yoqla, nə var?
Bir çoq afət bilirim, üzləri xoş,
Ruhu düşkün və sönük, içləri boş…
Gözəlin, bəncə, ən ülvi sifəti:
İncə ruh, əqlü zəka səltənəti.
“Azər” poemasında bu fikirlərin davamı kimi Cavidin qadın azadlığı məsələsinə yanaşması da diqqəti çəkir. Bəllidir ki, poemanın yazıldığı 1920-ci illərdə Azərbaycanda qadınların çarşaflarını atması geniş xarakter almışdı. Cavid qadın azadlığını alqışlamaqla yanaşı, həm də vurğulayırdı ki, zahiri örtük sayılan çarşafı atmaq tam azadlığa qovuşmaq deyil, əsas məsələ beyinlərdəki, düşüncələrdəki cəhalət pərdəsini, mənəvi buxova çevrilən maneələri aradan qaldırmaqdır.
“Azər” poemasının əxlaqi-didaktik qənaətlər sistemində milli adət-ənənəyə münasibət də mühüm yer tutur. Əsərin qələmə alındığı 1920-ci illərdə Azərbaycanda proletkultçuluq deyilən bir hərəkat, ideoloji doktrina geniş yayılmışdı. Bu ideyanın tərəfdarları klassik ədəbi-mədəni irsə, əsrlərin sınağından çıxmış milli adət-ənənələrə inkarçı mövqedən yanaşır, onları yeni cəmiyyət üçün gərəksiz sayırdılar. Kənddə bir gənc müəllimin el adətincə toyda güləşməsini Azər də maraqla seyr edir. Müəllim düşünür ki, bu hərəkəti Azərə xoş gəlməyəcək. Lakin Cavidin qəhrəmanı xalqın çoxəsrlik ənənələrinə ehtiramını, onların sovet cəmiyyətinin ulduzlu adətlərindən daha dəyərli olduğunu bildirir, həmçinin “sağlam bədən-sağlam ruh” prinsipini də xatırladır.
“Azər” poemasında şairin Avropa həyatına dair müşahidələri də geniş yer tutur. Bəllidir ki, Cavid 1926-cı ildə müalicə üçün Almaniyada olmuşdu. Həmin vaxt Qərb həyatını, mühitini dərindən müşahidə edən sənətkar düşüncələrinin böyük qismini “Azər”də poetikləşdirmişdir. Avropanın sosial-iqtisadi və mədəni tərəqqisini təqdir etməklə yanaşı, humanist sənətkar müşahidə etdiyi bəzi nöqsanları, kapital dünyasının bir sıra rəzalətlərini, haqsızlıqlarını da konkret hadisələr və faktlarla dilə gətirmişdir. Təsirli məqamlardan biri də sosialist inqilabından sonra Qərbə üz tutmağa məcbur qalmış mühacirlərlə bağlıdır. Şair onların ağır güzəranını təsvir etməklə yanaşı, bildirirdi ki, bu mühacirlər Vətənə qayıda bilməzlər: “Çünki yaxalandınsa son dəhşət...”
Və nəhayət, əsərin sonluğu: Vətənpərvər ədib yurdun sabahına, gələcəyin qurucuları olan gənclərə böyük ümidlərlə poemanı yekunlaşdırır. İnanır ki:
Onlardakı qüdrət və məharət,
Er-gec verəcək xalqa səadət…
Onlar güləcək, güldürəcəklər,
Bizdən daha xoş gün görəcəklər!
Ulu öndərimiz Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanda Hüseyn Cavidin doğma Vətənin, xalqın azad gələcəyi, xoş günlərə qovuşması barədə arzuları yüksək səviyyədə, hərtərəfli şəkildə həyata keçmişdir. Hüseyn Cavidin dərinmənalı əsərləri, o cümlədən “Azər” poeması bu gün də böyük tərbiyəvi əhəmiyyətini, təsir gücünü saxlamaqdadır.
Hüseyn HƏŞİMLİ
filologiya üzrə elmlər doktoru, professor